“Qış parkı”nda sevgilisi ilə əyləşən oğlandan pul aldılar – “Camaatın anası-bacısı var”

Baxılıb:140
“Qış parkı”nda sevgilisi ilə əyləşən oğlandan pul aldılar – “Camaatın anası-bacısı var”

Bakıda parkda sevgililərin səmimi münasibətinə müdaxilə edən gənclər məhkəməlik olub.

 Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə Səxavət Quliyev (soyad şərtidir) və Nicat Məmmədova (soyad şərtidir) hökm oxunub.

Hökmə əsasən, hər iki şəxs 8 il müddətinə azadlıqdan məhrum edilib.

2022-ci ilin aprelin 17-də baş verən hadisənin təfərrüatına gəlincə, Həbib adlı gənc Qış parkında sevgilisi ilə əyləşən zaman Səxavətlə Nicat onu öz yanına çağırıb. Bu zaman dostlar ondan niyə qızla skamyada səmimi oturduğunu soruşub və onun bu davranışının ətrafda olan insanlara narahatlıq yaratdığını bildirib.

“Camaatın anası-bacısı olan yerdə, eləcə də Ramazan ayında belə hərəkət etmək olmaz” deyə dostlar Həbibə irad tutublar. Bu zaman isə Həbib onlardan üzr istəyib. Nicat isə cavab olaraq “pul verdiyin halda üzrxahlığını qəbul edə bilərik” deyib.

Skamyanın üzərində bıçağı görən və iki nəfərlə baş edə bilməyəcəyinin fərqinə varan Həbib, üzərində olan 240 manatı onlara verib. Lakin Həbibin pul qabında bank kartının da olduğunu görən Səxavətlə Nicat ondan yenə əl çəkməyib və kartda olan pulu da onlara verməsini istəyib. Həbib kartda cəmi 50 manat qaldığını desə də, onlar bankomata yaxınlaşan zaman məbləğin 130 manat olduğunu görüblər və Həbibə Səxavətlə Nicatı aldatdığının görə daha 50 manat “cərimə” kəsiblər. Adıçəkilən şəxslər pulu bankomatdan çıxardıqdan sonra dostların tanışının işlədiyi dönərxanada dönər yeməyə gediblər. Bu zaman Həbib dostuna zəng edərək dönərçinin kartına 50 manat atmasını istəyib. Pulun gəldiyini gördükdən sonra Nicatla Səxavət ondan əl çəkib.

470 manat ziyana düşən zərərçəkən şəxs isə oradan uzaqlaşdıqdan sonra polisə məlumat verib. Şikayətdən sonra təqsirləndirilən şəxslər Yasamal RPİ-nin əməkdaşları tərəfindən saxlanılıb.

“Qafqazinfo”


Abunəlik