Qarın yatalağının ilk daşıyıcısı-ABŞ-ı vahiməyə salan qadın

Baxılıb:414
Qarın yatalağının ilk daşıyıcısı-ABŞ-ı vahiməyə salan qadın

Dünyanın ən cahil qadını: O, inadkarlığı ucbatından yüzlərlə insanı ölümcül xəstəliyə yoluxdurub.
Bəzən belə də olur, səhhətində heç bir problem hiss etməyən, sağlamlığından şikayətlənməyən bir şəxs ətrafındakı insanları ağır xəstəliklərə yoluxdurur. Həmin şəxs günahlandırılır, təcrid olunur, amma o, özünə qarşı olan ittihamları qəbul etmir və israrla özünün tam sağlam olduğunu bəyan edir. Belə şəxslər simptomsuz xəstəlik daşıyıcıları adlandırılır.
Amerika Birləşmiş Ştatlarında ilk qarın yatalağının simptomsuz daşıyıcısı isə 15 yaşlı irlandiyalı Meri Mallon olub.
Meri Mallon 1869-cu ildə İrlandiyada anadan olub. Ailənin yoxsulluğu ucbatından o, 1884-cü ildə, 15 yaşında olarkən Amerika Birləşmiş Ştatlarında yaşayan yaxın qohumlarının yanına gedib. Bir müddət xalasının və dayısının himayəsində yaşadıqdan sonra Meri Mallon varlı ailələrdə xidmətçi işləyib. Xidmətçi işlədiyi ailələrdə o, əl qabiliyyətyini, kulinariya istedadını da nümayiş etdirə bilib.
Meri Mallon artıq 1900-cü ildən zəngin amerikalıların ailələrində aşpaz kimi fəaliyyət göstərməyə başlayıb. Təbii ki, bu işdə o, xidmətçilikdən daha çox pul qazanıb. Amma bu qazanc ona böyük problemlər yaşadıb.
Onun hazırladığı xörəklərdən, salatlardan, şirniyyatlardan hamı razı qalıb. Hətta bu bacarığına görə ona əlavə bonuslar da verilib.
Meri Mallon Mamaronek şəhərində ailə aşpazı işləyərkən, iki həftə sonra şəhərdə artan sayla qarın yatalağı xəstəliyi aşkar edilib. İlk xəstələnənlər isə Meri Mallonun evində işlədiyi ailənin üzvləri olub. Düzdür, bu “sağlam” qadından heç kim şübhələnməyib, amma onu işdən azad ediblər.
Meri Mallon 1901-ci ildə Manxetten şəhərində işə düzəlib. Bir neçə gündən sonra evində işlədiyi ailənin bütün üzvləri qarın yatalağı xəstəliyinə yoluxublar. Səkkiz nəfərlik ailənin kiçik qız övladları və ailədə xidmətçi işləyən qadın xəstəlikdən ölüblər.
Xəstə ailənin içərisində sağlam qalan Meri Mallon buradan da uzaqlaşdırılıb. Eyni şəhərdə o, yerli vəkillərdən birinin evində işləməyə başlayıb. Çox keçməmiş ailənin yeddi üzvü qarın yatalağına tutulublar. Meri Mallon bir neçə ay ailənin xəstələrinə qulluq edib.
Meri Mallonun növbəti iş yeri daha bir zəngin ailə olub. Nyu-Yorkun ən zəngin bank sahiblərindən biri sayılan Çarlz Uorren onu ailə aşpazı kimi işə götürüb. 27 avqustdan 3 sentyabra kimi, yeddi gün ərzində Uorren ailəsinin 11 nəfəri qarın yatalağı xəstəliyi ilə xəstəxanaya yerləşdirilib. Meri Mallon bu ailədən də uzaqlaşıb.
Növbəti iş yerində də eyni hal baş verib. Amma bu dəfə Meri Mallon yayına bilməyib. İşlədiyi ailə qarın yatalağı üzrə tanınmış mütəxəssis olan Corc Soperə müraciət edib. Bu müraciətdən sonra Meri Mallon ailədən qaçıb. Amma Corc Soper onu tapmağa müvəffəq olub.
Həmin vaxt Meri Mallon çox da böyük olmayan kafelərin birində işləyib. Corc Soper onunla görüşəndə müayinə olunmağını təklif edib. Meri Mallon imtina edərək bildirib ki, o, ötən gün müayinədən keçib və heç bir xəstəlik daşıyıcısı deyil.
Amma işlədiyi kafedə iki nəfər xidmətçinin və bir nəfər müştərinin qarın yatalağına tutulması məsələni ciddiləşdirib. Nyu-York ştatının departamenti həkim Beykeri iki nəfər polislə Meri Mallonun yanına göndərib. Məcburi müayinə nəticəsində aşkar olunub ki, Meri Mallonun öd kisəsində qarın yatalağı bakteriyaları var. Ona öd kisəsinin əməliyyatla çıxarılması təklif olunsa da, Meri Mallon bundan imtina edib.
Ştat qanunvericiliyinin müvafiq 1169 və 1170-ci bəndlərinə uyğun olaraq Meri Mallon üç il müddətinə Nyu-York yaxınlığındakı Nort-Brazer adasındakı xəstəxanaya karantinə göndərilib.
Üç ilini həbsxana şəraitli xəstəxanada keçirdikdən sonra həkimlər onu buraxmağa qərar veriblər. Amma rəsmi olaraq şərt qoyulub ki, Meri Mallon ictimai-iaşə obyektlərində, ailələrdə aşpaz işləyə bilməz. Bu şərt pozulduğu təqdirdə onu sərt cəzalar gözləyəcək. O, şərtlərlə tanış olduğunu imzası ilə təsdiq edib və 1910-cu ildə azadlığa çıxıb.
Karantindən sonra Meri Mallon bir müddət ailələrdə paltaryuyan işləyib. Amma bu işə verilən pul aşpazlara verilən puldan qat-qat az olub. Bununla heç cür razılaşmayan Meri Mallon saxta sənəd düzəldərək soyadını dəyişib və Meri Brauna çevrilib.
Yenidən aşpazlıq fəaliyyətinə başlayan Meri “Braun” beş il ərzində özünü gizlədə bilib. 1915-ci ildə qadınlar xəstəxanasında aşpaz işləyərkən xəstəxanada 25 nəfərin qarın yatalağı xəstəliyinə yoluxması vəziyyəti mürəkkəbləşdirib. Onu əvvəldən tanıyan qarın yatalağı üzrə mütəxəssis Corc Soper xəstəxanada araşdırma aparanda Meri Mallonla üzləşib və aydın olub ki, Meri başqa soyadla xəstəxanada işə düzəlib.
Meri Mallon 27 mart 1915-ci ildə həbs edilib. Onu yenidən əvvəlki məkanına, Nort-Brazer adasındakı xəstəxanaya göndəriblər, amma bu dəfə o, adaya üç illik deyil, ömrünün sonunadək göndərilib.
Xəstəxanada Meri Mallona müalicələr təyin edilsə də, o, bu müayinələrdən imtina edib, tam sağlam olduğunu söyləyib.
Meri Mallon xəstəxanada qaldığı illərdə tibb personalının sevimlisinə çevrilib, hətta xəstəxanada onu sanitar kimi işə də götürüblər. O, bu işinə görə az da olsa məvacib də alıb.
Ömrünü son illərinə kimi Meri Mallon sağlamlığından şikayətlənməyib. 1938-ci ildə, 69 yaşında o, pnevmaniya xəstəliyindən vəfat edib. Onun meyiti yarılarkən öd kisəsinə xüsusi baxış keçirilib, bir daha məlum olub ki, Meri Mallonun öd kisəsində qarın yatalağı bakteriyaları olub. Həmin dövrdə həkimlər yeni bir qənaətə gəliblər ki, insanlar simptomsuz xəstəlik daşıyıcısı ola bilərlər.
Xüsusi komissiyanın rəyi ilə Meri Mallonun meyiti yandırıldıqdan sonra külünü Nyu-Yorkda Müqəddəs Raymond qəbirstanlığında torpağa basdırıblar. Ömrünün sonuna qədər yaşadığı xəstəxananın personalı ona qəbirüstü daş qoymağı da unutmayıblar.
Meri Mallon jurnalistlərin də diqqətindən yayınmayıb. Mətbuatda onu “Yatalaqlı Meri” adı ilə təqdim ediblər, bəziləri isə onu dünyanın ən cahil qadını adlandırıb.
Yəqin ki, elə ən doğru ad da budur – cahil qadın. Bilərəkdən insanı xəstəliyə yoluxduran insana daha hansı adı vermək olar?

İlham Cəmiloğlu /AzTimes.az/


Abunəlik


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir