Qarabağda Azərbaycanın qiymətli metallarını talamış şirkətlər – ARAŞDIRMA

Baxılıb:520
Qarabağda Azərbaycanın qiymətli metallarını talamış şirkətlər – ARAŞDIRMA

Ötən yazımızda “Söyüdlü” qızıl yatağının Kəlbəcərin işğalından sonra qanunsuzca istismarı barədə məlumat vermişdik.

Bu gün isə digər qiymətli metal yataqlarımızı talamış şirkətlərdən bəhs edəcəyik.

Əvvəla, qeyd edək ki, Ermənistan işğal dövründə Qarabağda təkcə təbii ehtiyatların istismarına 30-dan çox şirkəti cəlb edib. Ermənilər işğal etdikləri Azərbaycan torpaqlarının mineral ehtiyatlarla zənginliyindən faydalanaraq müxtəlif ölkələrin şirkətləri ilə əlbir olub sərvətlərimizi talayıblar.

Oğurlanmış Azərbaycan qızılından hazırlanan brend saatlar

Elə başlayaq Zəngilan rayonunda yerləşən “Vejnəli” yatağının istismarından. “Vejnəli” qızıl yatağı 1959-62-ci illərdə kəşf edilib. Yatağın 600 min tondan çox filiz, 6,5 ton qızıl, 3 min ton mis, 10,7 ton gümüş ehtiyatları təsdiq edilib. Bu yatağın qızılını erməni əsilli İsveçrə vətəndaşı Vartan Sirmakesin rəhbərlik etdiyi “Franck Muller” şirkəti qanunsuzca istifadə edib.

Kiçik bir qeyd edək ki, 1956-cı ildə İstanbulda zərgər ailəsində anadan olan Sirmakes 18 yaşında İsveçrəyə köçərək zərgərlik diplomu alıb və emalatxanasını açıb. O, 1991-ci ildə İsveçrə saat istehsalçısı Frank Müller ilə tanış olub və birlikdə “Franck Muller” şirkətini qurublar. 2003-cü ildə Frank Müller payını Sirmakesə satıb. “Vejnəli”də, o cümlədən Kəlbəcərdə çıxarılan qızıllar dünyada brend saatlar hesab olunan “Franck Muller” saatlarının hazırlanmasında istifadə olunub. Azərbaycan qızılından hazırlanan bu saatların ortalama dəyəri 13 500 avro təşkil edir. Lakin şirkətin daha bahalı, məhdud sayda dünya ulduzlarına həsr edilmiş saatları da var. Demi Mur, Elton Con, Kriştianu Ronoldu kimi məşhurların istifadə etdiyi saat markası illərlə oğurlanan Azərbaycan qızılından hazırlanıb.
Məlumatlara görə, Sirmakes işğal dövründə Qarabağda 999,9 əyyarlıq qızıl külçələrin satışını da həyata keçirib.

Qarabağdakı qanunsuz rejimin maliyyə dəstəkçilərindən biri olan Sirmakes Azərbaycanın işğal olunmuş ərazilərində “Artsax Bank”ı təsis edib, Xankəndi şəhərində “Qarabağ” adlı otel də tikdirib. Otelin tikintisinə 1,5 milyon dollar sərmayə qoyub. Daha sonra Qarabağda zərgərlik fabriki açıb.

Azərbaycan sərvətlərini talayanlar axtarışa verilib

Azərbaycanın Baş Prokurorluğu hələ 2015-ci ildə erməni iş adamına qarşı cinayət iş açaraq beynəlxalq axtarışa verib.
Baş Prokurorluq Vartan Sirmakesin maliyyə investoru olduğu “Vallex” şirkətlər qrupunun rəhbəri Valeriy Mejlumyan, o cümlədən həmin şirkətlər qrupuna daxil olan “Base Metals” QSC-nin icraçı direktoru Artur Mkrtumyana qarşı da cinayət işi açıb. Bu şirkətlər də işğal dövründə mineral yataqların, o cümlədən “Vejnəli”nin qanunsuz istismarında iştirak edib.
Azərbaycan Vergilər Nazirliyi müəyyənləşdirib ki, bu şirkətlər təkcə “Vejnəli”dən 2009-2017-ci illər ərzində 301 milyon 918 min manat məbləğində qanunsuz gəlir əldə edib.

Vəhşicə istismar yatağın ehtiyatlarını tükədib

2002-ci ilin avqust ayında “Vallex” qrup tərəfindən yaradılmış “Base Metals” şirkəti ərazi olaraq keçmiş Ağdərə, indi isə Kəlbəcər rayonuna aid edilən Heyvalı (ermənilər – Drmbon adlandırır) kəndi yaxınlığındakı mis-qızıl mədənlərini də işlədib. Şirkət burada dağ-mədən emal zavodu da inşa edib. 2003-cü ildən yatağın genişmiqyaslı istismarına başlanılıb. İlkin mərhələdə burada ildə 150 min ton filiz emalı nəzərdə tutulub, daha sonra 350-400 min tona çatdırılıb. Burada ilkin emaldan sonra konsentrat Ermənistana aparılaraq təkrar emal olunub və tərkibində qızıl olan mis Avropa bazarına çıxarılıb.
Azərbaycanın qiymətli sərvətini qanunsuzca talan edən şirkət qondarma rejimin 35% vergi büdcəsini dolduraraq ən böyük vergi ödəyicisi olub. Şirkət hər il qondarma respublikanın büdcəsinə 8,3 mln dollar vergi ödəyib.
Heyvalı kəndindəki bu yatağın vəhşicəsinə istismarı nəticəsində 2010-cu ildən onun ehtiyatları tükənməyə başlayıb. Filiz hasilatının həcmi ayda 30 min tondan 10,6 min tona qədər azalıb. Burada kəşf olunmuş 3,2 milyon ton filizdən 2015-ci ildə hasilat üçün cəmi 0,4 milyon ton qalıb ki, o da yeraltı yatağın aşağı horizontlarında yerləşir. Təkcə filiz istehsalının həcmi deyil, onun tərkibindəki mis 30%, qızıl isə 2- 3 dəfə azalıb.

Ermənistanın keçmiş prezidentinə yaxın şirkət mis-molibden ehtiyatlarını da talayıb

Heyvalıdakı yatağın ehtiyatlarını vəhşicə istismar edən “Base Metals” 2012-ci ildə sovet dövründə Ağdərə rayonu ərazisinə daxil olan, ancaq 1992-ci ildən bəri inzibati cəhətdən Tərtər rayonuna aid edilmiş “Dəmirli” mis-molibden yatağının (ermənilər Kaşen adlandırıb) istismarı işlərinə, 2013-ci ildən istismarına başlayıb. Həmin il bu yatağın istismarı üçün separatçı rejimlə 80 mln dollar dəyərində müqavilə imzalanıb. Bu müqavilədə on il ərzində 17 mln ton, ildə 1,7 mln ton filiz emalı nəzərdə tutulmuşdu. 2016-cı ildə şirkət böyük mis-molibden zavodunu istismara verib. Bu yatağın filiz ehtiyatları 56 mln ton qiymətləndirilib.

Qeyd edək ki, “Base Metals”ın əslində Ermənistanın keçmiş prezidenti Robert Köçəryanın nəzarətində olduğu deyilir.
Azərbaycanın qiymətli metallarının qanunsuz istismarı Ermənistan rəhbərliyinin və Qarabağdakı separatçıların əsas gəlir qaynaqlarından birinə çevrilib. Təkcə Ağdərədəki mədənlərin istismarı məşğulluq səviyyəsini 2014-cü ildə 2007-ci ildəki 41 min nəfərdən 50 min 300 nəfərə qaldırıb.
Artıq Azərbaycan torpaqları işğaldan azad edilməklə, həm də təbii sərvətlər üzərində suveren hüquqlar bərpa edilib. Azərbaycan Prezidentinin tapşırığına əsasən bu ərazilərdə Ermənistanın Azərbaycana vurduğu zərərlərin kompleks qiymətləndirilməsi aparılacaq, bu prosesdə iştirak edən xarici şirkətlərin, onların rəhbərlərinni məsuliyyətə cəlb olunması ilə bağlı lazımi tədbirlər görüləcək.


Abunəlik