Qan bahasına əldə olunan qələbə zamanı şəhid olanlar heç zaman unudulmur

Baxılıb:134
Qan bahasına əldə olunan qələbə zamanı şəhid olanlar heç zaman unudulmur

Gürcüstanın Qardabani rayonunun Ağtəhlə kəndində 20 Yanvar şəhidi Rəşid İsmayılovun xatirəsi anılıb.

AZƏRTAC xəbər verir ki, Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov, səfirliyin əməkdaşları, ziyalılar yanvarın 19-da Ağtəhlə kəndində Rəşid İsmayılovun ailə üzvləri, yaxınları ilə görüşüb.

Səfir Dursun Həsənov çıxış edərək Qanlı Yanvar faciəsinin əsas səbəblərindən danışıb, bu hadisələri Azərbaycan xalqının azadlıq uğrunda mübarizə əzmini qırmağa yönəldilmiş addımların bir hissəsi adlandırıb. Bildirib ki, Azərbaycanın, eləcə də Gürcüstanın azadlığı uğrunda aparılan mübarizə dövlətlərimizin müstəqilliyə qovuşması ilə nəticələnib. Ona görə də 9 Aprel və 20 Yanvar hadisələri xalqlarımızın qəhrəmanlıq tarixində şanlı bir səhifədir.

Sonra Ağtəhlə bələdiyyəsinin deputatı, kənd ağsaqqalı Elimdar Quliyev, Ağtəhlə Ağsaqqallar Şurasının sədri Novruz Əlmədətov və başqaları çıxış edərək ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda Gürcüstanda doğulub böyüyən soydaşlarımızın da mübarizə apardıqlarını, onlardan bəzilərinin şəhid olduğunu bildiriblər. Qeyd edilib ki, 1949-cu ildə Ağtəhlə kəndində anadan olmuş İsmayılov Rəşid İslam oğlu Rostov Dəmir Yolu İnstitutunu bitirdikdən sonra Azərbaycan dəmir yolu idarəsində işləməyə başlayıb. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə yaşadığı Biləcəri qəsəbəsinə gedən yolda düşmən gülləsinə tuş gələn Rəşid aldığı ağır yaradan yanvarın 23-də dünyasını dəyişib. Şəhidlər xiyabanında dəfn olunan şəhidimizin iki övladı – bir oğlu və bir qızı var.

Çıxışlarda Azərbaycan və gürcü xalqlarının dostluq və qəhrəmanlıq tarixinə nəzər salınıb, hər iki xalqın oxşar talelər yaşadıqları vurğulanıb. Bildirilib ki, hər iki xalq dövlət müstəqilliyini əldə etmək üçün qurbanlar verib. Qan bahasına əldə olunan qələbə və bu mübarizədə şəhid olanlar heç zaman unudulmur.

Şəhid ailəsinə yardım göstərilib.

Şəhidin yaxınları göstərilən diqqət və qayğıya görə, Azərbaycan Prezidentinə, səfirə minnətdarlıq ediblər.

Görüşdə Gürcüstan Ağsaqqallar Şurasının sədri İsak Novruzov, professor Mahmud Kamaloğlu və digər şəxslər iştirak ediblər.


Abunəlik


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir