“Qala” Sığortadan yeni oyunbazlıq… – GİLEY

Baxılıb:149

Azərbaycan vətəndaşı və milliyətcə rus qadın Azərbaycan dilini yaxşı bilmədiyi üçün “Qala Sığorta” tərəfindən aldadılıb.

Etnik rus olan Ağayeva Natalya Aleksandrovna Mubahise.az-a müraciət edərək bildirib ki, pozulmuş hüquqlarının və qanunla qorunan mənafelərinin bərpası üçün Azərbaycan Respublikasının Mərkəzi Bankına da şikayət məktubu ünvanlayıb.

Natalya Ağayeva bildirib ki, 2020-ci il aprelin 22-də Bakı şəhəri, Xəzər rayonu, Ə.Əlizadə küçəsi ünvanında yerləşən fərdi yaşayış evində yanğın hadisəsi baş verib.

Hadisə ilə bağlı Ədliyyə Nazirlyi Məhkəmə Ekspertizası Mərkəzinin 22.09.2020-ci il tarixli, 10/2110 saylı rəyinə əsasən fərdi yaşayış evinə 25 000 manatdan çox zərər dəyib.

Lakin evini sığorta etdirdiyi “Qala Sığorta” ASC fərdi yaşayış evinin yanmağı ilə bağlı onun ağır həyat şəraitindən və Azərbaycan dilini yaxşı bilməməsindən sui-istifadə edərək onu aldadaraq qanunsuz olaraq sığorta ödənişini azaldıb və bəzi sənədlərə imza atdırıb. N.Ağayeva bildirir ki, imzaladığı sənədlərin mahiyyətini tam anlamayıb və şirkətin əməkdaşı tərəfindən ona düzgün izah verilməyib, məqsədli şəkildə aldadılıb.

Bununla bağlı o, Fövqəladə Hallar Nazirliyi Əməliyyat-istintaq idarəsinə məlumat verib.

Qeyd olunan faktla bağlı ekspertiza təyin edilərək müəyyən edilib ki, 22.04.2020-ci il tarixində baş vermiş yanğın hadisəsi ilə bağlı məhv olmuş Bakı ş., Xəzər ray., Şağan qəs., Ə.Əlizadə küç. 6 ünvanında yerləşən fərdi yaşayış evinin inşa olunmasına Əlişov Rafiq Azad oğlu tərəfindən düzgün smeta tərtib olunmayıb. Həmin smeta 22 632 (iyirmi iki min altı yüz otuz iki) manat məbləğində azaldılıb.

Qeyd olunanları nəzərə alaraq sığortalı Ağayeva Natalya Aleksandrovna xahiş edir ki, ona məxsus fərdi yaşayış evinə dəymiş zərər təkrar qiymətləndirilsin.



Abunəlik