Qabiliyyət imtahanlarında iştirak etmək üçün qeydiyyat başlandı
2023/2024-cü tədris ili üçün ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisasları (XQTİ) üzrə qabiliyyət imtahanlarında iştirak etmək istəyən abituriyentlərin elektron qeydiyyatı başlanır.
Bu barədə Dövlət İmtahan Mərkəzindən məlumat verilib.
Bildirilib ki, abituriyentlər müvafiq keçidə daxil olub qeydiyyatdan keçə bilərlər.
Bədən tərbiyəsi və idman, Teatr, kino və xoreoqrafiya sənəti, Musiqi sənəti və Təsviri sənət istiqamətlərinin komissiyaları üzrə qeydiyyat mayın 25-dən iyunun 5-dək aparılacaq.
Ümumi orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin XQTİ-ləri üzrə qabiliyyət imtahanlarında iştirak etmək istəyən abituriyentlər yalnız 1 istiqamətə aid ən çox 6 komissiya üzrə qeydiyyatdan keçə bilərlər.
Xüsusi qabiliyyət tələb edən ixtisasların müsabiqəsinə buraxılış (əvvəlki illərin məzunları qəbul) imtahanında topladıqları ümumi balı 50 (fənlər üzrə bal məhdudiyyəti tətbiq edilmir) və daha yüksək olan və müvafiq komissiya tərəfindən keçirilən qabiliyyət imtahanlarından “məqbul” alan abituriyentlər buraxılırlar. “Xoreoqrafiya sənəti” və “Rəqs müəllimliyi” ixtisaslarının müsabiqəsində isə ümumi balı 30 (fənlər üzrə bal məhdudiyyəti tətbiq edilmir) və daha yüksək olan abituriyentlər iştirak edə bilərlər. Bu barədə ətraflı məlumatı 2023-cü ildə nəşr edilən xüsusi qabiliyyət imtahanlarının istiqamətləri üzrə “Abituriyent” jurnalının xüsusi buraxılışlarından əldə edə bilərsiniz. Burada ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisasları üzrə məlumatlar, qabiliyyət imtahanlarının proqramları, qiymətləndirmə meyarları, imtahanlara hazırlıqla bağlı tövsiyə və məsləhətlər, tapşırıq nümunələri, əyani vəsaitlərdən reproduksiyalar, şəkillər və digər faydalı məlumatlar əksini tapıb.
Qabiliyyət imtahanlarının iyun-avqust aylarında keçirilməsi nəzərdə tutulur. Abituriyentlərə “Qabiliyyət imtahanına buraxılış vərəqəsi”ni çap edə biləcəkləri tarixlər haqqında məlumat DİM-in internet səhifəsində veriləcək. “Qabiliyyət imtahanına buraxılış vərəqəsi”ndə qabiliyyət imtahanlarının tarixi, keçiriləcəyi ünvan və vaxt göstəriləcək.
Musiqi sənəti istiqamətinin komissiyaları üzrə qeydiyyatdan keçmək istəyən abituriyentlər (223, 224, 225, 227, 228, 323, 324, 327, 423, 424, 623, 624, 627 və 723-cü komissiyalar istisna olmaqla) ən az 5 illik musiqi təhsili haqqında sənədə malik olmalıdırlar. Abituriyentlərin musiqi təhsili haqqında məlumatı (təhsil haqqında sənədin seriya və nömrəsi, bitirdiyi təhsil müəssisəsinin adı, bitirdiyi ixtisas və ya təhsil aldığı musiqi aləti) DİM tərəfindən yaradılan “Musiqi məktəbi-məzun” Dövlət Elektron Məlumat Sistemindən götürülür. Əgər abituriyent haqqında məlumat bu sistemdə yoxdursa, həmin abituriyent musiqi ixtisası üzrə bitirdiyi təhsil müəssisəsinə müraciət etməlidir.
Musiqi üzrə xaricdə təhsil almış vətəndaşlar DİM-ə müraciət etməlidirlər. Bunun üçün həmin abituriyentlər musiqi təhsili haqqında sənədin əslini və surətini, şəxsiyyəti təsdiq edən sənədi DİM-ə şəxsən təqdim etməlidirlər.
Qeydiyyatdan keçmək üçün abituriyent şəxsi kabinetinin istifadəçi adı və parolundan istifadə etməli və tələb olunan məbləği (qeydiyyatdan keçmək istədiyi komissiyaların sayından asılı olaraq) şəxsi kabinetindəki hesabına əlavə etməlidir. “Azərbaycan Respublikasında ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu imtahanlarının təşkilinin tənzimlənməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən, ali təhsil müəssisələrinə tələbə qəbulu ilə bağlı imtahanda iştirak üçün ilk dəfə müraciət edən Azərbaycan Respublikasının vətəndaşlarının (ümumi təhsil müəssisələrini bitirən) cari ildə ilk seçdiyi (qeydiyyatdan keçdiyi) komissiya üzrə qabiliyyət imtahanında iştirakı dövlət büdcəsinin vəsaiti hesabına (ödənişsiz) olacaq. “Azərbaycan Respublikasında ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu imtahanlarının təşkilinin tənzimlənməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamına dəyişikliyə əsasən aşağıdakı 5 kateqoriyadan olan Azərbaycan Respublikası vətəndaşlarının (yalnız ümumi təhsil müəssisələrini bitirən) qəbul imtahanlarında (bütün mərhələ və cəhdlər üzrə) iştirakı dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilir:
– Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin uşaqları;
– şəhid ailəsinin üzvləri;
– valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar;
– məcburi köçkün statusu olan şəxslər;
– I və II dərəcə əlilliyi müəyyən edilmiş şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar.
Qəbul (buraxılış) imtahanını Azərbaycan dilindən fərqli dildə verən abituriyentlər Azərbaycan dili (dövlət dili kimi) üzrə imtahanın nəticəsindən asılı olmayaraq qeydiyyatdan keçə bilərlər. Lakin bu imtahandan “qeyri-məqbul” alan abituriyentlərin nəzərinə çatdırırıq ki, onlar 18 iyun tarixində keçiriləcək ikinci Azərbaycan dili imtahanında “məqbul” aldıqları təqdirdə müsabiqəyə buraxılırlar. Həmin imtahana qeydiyyat 26 may – 5 iyun tarixlərində aparılacaq.