Qəhvə bu formada içiləndə ömrü uzadır

Baxılıb:23
Qəhvə bu formada içiləndə ömrü uzadır

ABŞ-də aparılan genişmiqyaslı araşdırma sübut edib ki, qəhvə düzgün şəkildə içildikdə insan ömrünü uzada bilər.

Tufs Universitetinin alimləri 46 mindən çox amerikalının həyat tərzini və qəhvə istehlakını təhlil edərək belə nəticəyə gəliblər: gündə 2-3 fincan az şəkərli qəhvə içənlərin vaxtsız ölüm riski 17 faizədək azalır.

Araşdırmada iştirak edənlərin təxminən 11 illik həyat göstəriciləri öyrənilib. Bu müddətdə 7 minə yaxın ölüm halı qeydə alınıb. Məlum olub ki, şəkərsiz və krem əlavə olunmayan qəhvə içənlər daha uzun ömür sürür. Əksinə, içkiyə çoxlu şəkər və doymuş yağ (krem, şirin siroplar və s.) qatılan hallarda qəhvənin sağlamlığa təsiri tamamilə yoxa çıxır.

Alimlər onu da vurğulayıblar ki, əsas fayda yalnız kofeinli qəhvədə müşahidə olunub. Kofeinsiz qəhvənin bu baxımdan heç bir təsiri aşkarlanmayıb.

Qara qəhvə antioksidant və iltihabəleyhinə təsirlərə malik maddələr – xlorogen turşusu və polifenollarla zəngindir. Bunlar orqanizmdə maddələr mübadiləsini sürətləndirə, insulinin işləmə qabiliyyətini artıra bilər.

Maraqlıdır ki, çay içən insanlar arasında bu müsbət təsir müşahidə edilməyib. Araşdırmanın müəllifləri bunun səbəbini izah etməyiblər.

Mütəxəssislər bildirirlər ki, sadə, şəkərsiz və kofeinli qəhvə ən faydalı seçimdir. Hazır qəhvə dükanlarında satılan içkilərin çoxu isə yüksək şəkər və yağ tərkibli olduğu üçün bu faydaları tamamilə puç edə bilər.

Tədqiqat ABŞ Milli Səhiyyə İnstitutunun dəstəyi ilə aparılıb və nəticələr “The Journal of Nutrition” elmi jurnalında dərc olunub.


Abunəlik