Qəbulda “2” alanların faizi artıb: tədris zəif olub, yoxsa..?

Baxılıb:73
Qəbulda “2” alanların faizi artıb: tədris zəif olub, yoxsa..?

2023-cü ildə qəbul imtahanlarında iştirak edən abituriyentlərin topladıqları balların statistikası açıqlanıb. I–IV ixtisas qrupları üzrə qəbulda toplanılması mümkün olan maksimal bal 700-dür. 0-700 bal diapazonunu şərti olaraq (0-200), (200-300), (300-500), (500-700) intervallarına bölərək, ənənəvi “2”, “3”, “4”, “5” qiymətləri ilə analogiyasını yaratsaq, görərik ki, həmin il abituriyentlərin 46.3 faizi imtahandan “2”, 21.1%-i “3”, 24.8%-i “4”, 7.9%-i isə “5” qiymət alıb.

2022-ci ildə bu göstəricilər uyğun olaraq, 42.8%, 22.0%, 25.6%, 9.6% olub. Göründüyü kimi, ötən il “3”, “4” və “5” qiymət alanların faizi nisbətən azalıb, “2” qiymət alanların faizi isə artıb.

Məsələ ilə bağlı danışan təhsil eksperti Cahid İmanlı bildirib ki, 2023-cü ilin buraxılış imtahanlarının nəticələri həmin ildə tədrisin daha zəif olduğunu göstərir:

“Statistikaya əsasən məsələnin görünən tərəfi budur və bununla razılaşmamaq olmaz. Amma məsələnin digər tərəfi də var. Bu il buraxılış imtahanlarının nəticələrinin ilkin təhlili ortalama balın 20 bala qədər artdığını göstərdi. Eləcə də 53-55 şagirdin maksimum 300 bal toplaması ictimaiyyət arasında bir çaxnaşma yaratdı.

İndi məhz DİM-in keçən il üçün statistik təhlilinə əsaslanıb sual vermək olar ki, təhsildə keyfiyyətin asağı düşdüyü bir tendensiyada necə oldu ki, bu il belə bir keyfiyyət dəyişikliyi oldu? Sualın cavabı aydındır və birmənalıdır. Bu il buraxılış imtahanları asan olduğu üçün şagirdlərin də balları yüksək oldu. Deməli, DİM-in təhsil sistemini abituriyentlərin buraxılış ballarına görə qiymətləndirməsi nisbidir. Çünkü buna ilk növbədə imtahan suallarının çətin və ya asan olması ciddi surətdə təsir edir”.


Abunəlik