“Pul vermədim deyə baş həkim məni yumruqladı” – Foto

Baxılıb:277
“Pul vermədim deyə baş həkim məni yumruqladı” – Foto

Bakı sakini Fərid Adıgözəlov Yeni Ramana Şuşa şəhərciyində yerləşən tibb məntəqəsinin baş həkimi Cəfər Cəfərov tərəfindən döyüldüyünü iddia edir. 

F. Adıgözəlov “Qafqazinfo”ya müraciətində qeyd edib ki, ötən ayın avqustun 25-də marketdə işləməsi üçün sözügedən məntəqənin baş həkimindən sağlamlıq kağızı almaq istəyib: “Baş həkim bunun üçün məndən 20 manat pul istədi. Mənim üstümdə cəmi 10 manatım var idi. O da 10 manatla razılaşmadı. Dedim ki, bununla bağlı səhiyyə orqanlarına şikayət edəcəm. Həkim bundan sonra məni itələyib kabinetdən çıxmağımı və hara istəsəm şikayət edə biləcəyimi dedi. Aramızda mübahisə düşdü. Üzümə şillə vurdu, mən də cavab olaraq müqavimət göstərdim. Bu zaman üstümə hücum çəkib məni yumruqladı. Əlindəki açarla boğazımı cızdı və məni otaqdan çıxardı. Səs-küyə orada çalışanlar yığışdı. Əşyalarım, telefonum otaqda qalmışdı və bunu götürməyimə imkan vermədi. Məcbur pəncərədən daxil olub əşyalarımı götürmək istədim. Məni yenə vurdu, üzüm, üst-başım qan olmuşdu. Mən “102”yə müraciət etdim. Sabunçu rayon 12-ci Polis Bölməsinə çağırdılar. Ərizə yazdım. Rəis həmin həkimi də şöbəyə çağırdı və danladı ki, sən niyə vətəndaşı vurursan? Ona görə də işi birbaşa Sabunçu rayon prokurorluğuna göndərdilər. Hazırda prokurorluqda məsələnin nə yerdə olduğunu bilmirəm. İstəyirəm ki, həkimin hansısa əlaqələrindən istifadə edilərək bu işdə onun xeyrinə qərar çıxarılmasın. Ona görə də mediada məsələnin işıqlandırılmasını istədim. Ekspertiza sənədlərimdə zərbə almalarım öz əksini tapıb”.

Həkimin vətəndaşdan rüşvət tələb etməsi iddiasıyla bağlı TƏBİB-ə müraciət etdik. TƏBİB-in mətbuat xidmətinin rəhbəri Rəvanə Əliyeva “Qafqazinfo”ya açıqlamasında bildirib ki, bu məsələ polis orqanlarında araşdırılır: “TƏBİB döyülmə məsələsini araşdıra bilməz. Həkimin pul tələb etmək məsələsiylə bağlı isə vətəndaş özü TƏBİB-ə müraciət etməlidir”.

Günel Türksoy


Abunəlik