Problemi aeroportda da həll etmək olaca: Ölkədən çıxışa qadağa qaydası dəyişir – YENİ QANUN
Azərbaycanda borclu şirkətin rəhbərinin ölkədən çıxışına qadağa ilə bağlı yeni qaydalar qüvvəyə minib.
Yeniliklər Mülki Prosessual Məcəllə və «İcra haqqında» qanuna edilən dəyişikliklərdə əksini tapıb. Prezident İlham Əliyev ötən həftə bu dəyişiklikləri təsdiqləyəndən sonra yeni qaydaların tətbiqinə başlanılıb.
Əsas yeniliklərdən biri odur ki, bundan sonra borcunu ödəməyən fiziki şəxslərə qarşı tətbiq edilən tədbirlər borcunu ödəməyən şirkətlərə qarşı da ediləcək. Bunlardan ən təsirlisi ölkədən çıxışa məhdudiyyət qoyulması və axtarışa verilməkdir.
Qeyd edək ki, hüquqi şəxsin (yəni şirkətin) icra orqanının rəhbəri – hüquqi şəxsdə təşkilati sərəncamverici funksiyanı yerinə yetirən, hüquqi şəxsin idarə olunması, maliyyə, inzibati və kadr intizamına məsul, həmçinin hüquqi şəxsi digər hüquqi şəxslər və inzibati orqanlar qarşısında təmsil etmə səlahiyyətinə malik idarəetmə orqanına rəhbərlik edən şəxsdir. Yəni hüquqi şəxsin rəhbəri dedikdə bu MMC-nin direktoru və ya ASC-nin idarə heyətinin sədri də ola bilər.
Budəfəki dəyişikliklərdə indiyədək qanunvericilikdə olan boşluqlar aradan qaldırılıb, nəticədə icra orqanının manevr imkanı azaldılıb. Məsələn, əvvəlki variantda borclunun ölkədən çıxışına məhdudiyyət qoyulması və borcunu ödəyəndən sonra məhdudiyyətin aradan qaldırılması ilə bağlı vaxt müddət tələbləri yox idi. İndi isə bu qanunlara «dərhal» sözü əlavə edilib və bu anlayış hər iki istiqamətdə işləyəcək.
Yəni borcunu ödəyən şəxsin məhdudiyyəti dərhal aradan qaldırılacaq. Prosesin avtomatikliyini təmin etmək üçün «Elektron icra» sistemindən aktiv istifadə olunacaq.
Əsas yenilik şirkət rəhbərinin ölkədən çıxışına məhdudiyət qoyulmasıdır. Bu yenilik Mülki Prosessual Məcəllənin 231-ci maddəsinə əlavə edilib. Əslində borclu şirkətin rəhbərinin ölkədlən çıxışına indiyədək də məhdudiyyət qoyulurdu, amma bu dəfə proses tam qanuniləşdirilib. Üstəlik, məhdudiyyət qoyulmuş şəxsə bu barədə səfərə gedən zaman, aeroportda deyil, qərar çıxan kimi məlumat veriləcək.
Yeniliyə görə, «İcra haqqında» qanuna əsasən, qanunda nəzərdə tutulan əsaslar olduqda icra məmurunun təqdimatı əsasında borclu şirkətin rəhbərinin də ölkədən çıxışına məhdudiyyət qoyulur.
Burada qayda belədir: Məhkəmə şirkət rəhbərinin ölkədən çıxışına məhdudiyyət haqda təqdimata onun daxil olduğu vaxtdan 10 iş günü müddətində baxır. Həm borclu fiziki şəxslərin, həm də borclu şirkətin rəhbərinin ölkədən çıxmasına qadağa məhkəmə qərardadı qəbul edildikdən sonra dərhal qüvvəyə minir. Doğrudur, bu qərardaddan şikayət verilə bilər, amma Məcəlləyə edilən daha bir əlavəyə görə, qərardan şikayətin verilməsi onun icrasını dayandırmır. Yəni ölkədən çıxışa qadağa ilə bağlı qərardan şikayət verilibsə, bu o demək deyil ki, qadağa artıq götürülüb, qadağa qüvvəsində qalır, yalnız məhkəmə öz qərarını dəyişsə, məhdudiyyət götürülə bilər.
Budəfəki yeniliklər nəticəsində borcluların və borclu şirkət rəhbərlərinin ölkədən çıxışına məhdudiyyət prosesi tam elektronlaşdırılır.
Belə ki, «İcra haqqında» qanunun 84-cü maddəsinə edilən dəyişikliyə əsaən, borclu şəxsin və ya şirkət rəhbərinin ölkədən çıxışına məhdudiyyət dərhal qoyulacaq. Belə ki, onlar borclarını üzrsüz səbəbən ödəmədikdə, icra məmurunun təqdimatı ilə ölkədən çıxış qadağası qoyulur. Yeni qanuna görə, bu barədə məhkəmənin qərarı dərhal (!) «Elektron məhkəmə» informasiya sistemindən «Elektron icra» informasiya sisteminə ötürülür. «Elektron icra» informasiya sistemi isə bu məlumatı dərhal (!) «Giriş-çıxış və qeydiyyat» idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sisteminə ötürür və ölkədən çıxışa qadağa qoyulur. Bu zaman «Elektron icra» informasiya sistemi vasitəsilə borclu fiziki şəxsə və ya borclu şirkətin rəhbərinə və tələbkara (borcunu almaq istəyənə) məlumat verilir. Eyni zamanda borclu fiziki şəxsin və ya şirkət rəhbərinin mobil telefon nömrəsinə (nömrələrinə) SMS göndərilir. Yeri gəlmişkən, əvvəlki variantda SMS-lə məlumat vermə halı qanunda nəzərdə tutulmamışdı.
Problem həll olunanda da eyni qayda tətbiq ediləcək. Yəni borculunun və ya şirkət rəhbərinin ölkədən getməsinə qadağaya səbəb olan əsas aradan qalxdıqda bu barədə məlumat dərhal “Elektron icra” informasiya sisteminə daxil edilir və “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sisteminə ötürülür. Nəticədə həmin fiziki şəxsin və ya şirkət rəhbərinin ölkədən çıxışına məhdudiyyət götürülür. Eyni zamanda bu barədə borclunun özünə SMS gəlir.
Bu formanın üstünlüyü nədədir? – Başqa sözlə, borca görə ölkədən çıxışına qadağa qoyulan şəxs elə aeroportda borcunu ödəyib problemini həll edə biləcək.