Prezident seçkisində səsvermə prosesinə start verildi

Baxılıb:144
Prezident seçkisində səsvermə prosesinə start verildi

Azərbaycan prezidentinin seçkiləri ilə əlaqədar səsvermə başlayıb.

Bu, Azərbaycan Prezidenti postu uğrunda keçirilən IX rəsmi ümummilli seçkidir və prezident seçilən şəxsin səlahiyyət müddəti 7 il olacaq.

18 yaşı tamam olmuş şəxslər seçki məntəqələrinə yaxınlaşaraq səs verə bilərlər.

Ölkədə 6 milyon 478 min 623 seçici var və 6 milyon 524 min 203 seçki bülleteni çap olunub.

Azərbaycanda 125 seçki dairəsi üzrə 6 319 seçki məntəqəsi var, onların 26-sı azad olunmuş ərazilərdə yerləşdirilib.

Azərbaycan hüdudlarından kənarda 37 ölkədə 49 seçki məntəqəsi yaradılıb. Ümumilikdə ölkə hüdudlarından kənarda təxminən 22 mindən artıq seçicimiz öz səsvermə hüquqlarından istifadə edə biləcək.

2 mindən çox seçki məntəqəsində hərəkət qabiliyyəti məhdud olan seçicilərin maneəsiz hərəkəti üçün mobil panduslar quraşdırılıb. Gözdən əlil seçicilərin sərbəst şəkildə səsverməsi üçün hər bir seçki məntəqəsində Brayl əlifbası ilə tərtib olunan trafaretlərlə təmin olunub.

Bu gün hər hansı seçkiqabağı təşviqat aparmaq qadağandır.

Seçkilərdə 790 beynəlxalq müşahidəçi 49 beynəlxalq təşkilat və 70 ölkəni təmsil edir. Həmçinin, 89 min 366 yerli müşahidəçi qeydiyyatdan keçib. Eyni zamanda 109 beynəlxalq media qurumunun 216 nümayəndəsi iştirak edir. Veb-kameralar bu gün saat 07:30-da işə salınıb və seçki məntəqəsində bütün proseslər bitənə qədər onlayn şəkildə fəaliyyət göstərəcək.

Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası ABŞ-nin “Oracle Advisory Group” təşkilatı ilə birgə “exit-poll” həyata keçirəcək.

Mərkəzi Seçki Komissiyası 7 nəfərin prezidentliyə namizədliyini qeydə alıb. Onlar hakim Yeni Azərbaycan Partiyasının namizədi İlham Əliyev, namizədliyi özü tərəfindən irəli sürülən Zahid Oruc, Milli Cəbhə Partiyasının namizədi Razi Nurullayev, Böyük Quruluş Partiyasının namizədi Fazil Mustafa, Böyük Azərbaycan Partiyasının namizədi Elşad Musayev, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının namizədi Qüdrət Həsənquliyev və namizədliyi özü tərəfindən irəli sürülən Fuad Əliyevdir.


Abunəlik