Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Novruz şənliyində
Martın 19-da Bakıda Azərbaycan xalqının milli bayramı – Novruz münasibətilə ümumxalq şənliyi keçirilir.
AzTimes.az AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Novruz şənliyində iştirak edirlər.
Dövlətimizin başçısı və xanımı Bakının Fəvvarələr meydanına gəldilər.
Bayram şənliyinin iştirakçıları dövlətimizin başçısını və xanımını hərarətlə qarşıladılar.
Prezident İlham Əliyev sakinlərlə söhbət etdi.
Novruz şənliyinin iştirakçıları ilə xatirə şəkilləri çəkdirildi.
Sonra Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva burada “Novruz” yarmarkası ilə tanış oldular.
Daha sonra dövlətimizin başçısı və xanımı İçərişəhərə gələrək burada “Bahar qalası” festivalı ilə tanış oldular.
Bahar qız dövlətimizin başçısına bayram xonçası təqdim etdi.
Ulu Dədə Qorqud xeyir-dua verərək Novruz bayramının xalqımıza ruzi-bərəkət gətirməsini arzuladı.
Novruz bayramının əsas personajları olan Kosa və Keçəl Prezidenti və xanımını bayram münasibətilə təbrik etdilər, dövlətimizin başçısı ilə yumurta döyüşdürdülər.
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “Bahar qalası” festivalı çərçivəsində yarmarka ilə tanış oldular.
Azərbaycan Dövlət Akademik Musiqili Teatrının əməkdaşları göstərdiyi diqqət və qayğıya görə Prezidentə təşəkkür etdilər.
Azərbaycan Prezidenti və xanımı Müasir İncəsənət Mərkəzində oldular.
Dövlətimizin başçısı və xanımı Karvansarayda İçərişəhər sənətkarlarının əl işlərindən ibarət sərgiyə baxdılar.
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva İçərişəhərdə sakinlərlə çay süfrəsi arxasında söhbət etdilər.
“Səma” uşaq rəqs ansamblının çıxışını izləyən dövlətimizin başçısı və xanımı ansamblın üzvləri ilə xatırə şəkli çəkdirdilər.
Daha sonra Azərbaycan Prezidenti İlham Əliyev Qız qalasının qarşısındakı meydanda Novruz tonqalını alovlandırdı.