Prezident “Bakı 2019: Ulduzlar Finalı”nı izləyib – FOTO (YENİLƏNİB)
Bakının UEFA Avropa Liqasının 2018-2019-cu il mövsümünün final matçına ev sahibliyi etməsi ilə əlaqədar ölkəmizdə təşkil olunan silsilə tədbirlər çərçivəsində paytaxtın mərkəzində, Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin qarşısında “Bakı 2019: Ulduzlar Finalı” adlı qarşılaşma keçirilib.
AzTimes.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, qızı Leyla Əliyeva qarşılaşmaya baxıblar.
“Bakı 2019: Ulduzlar Finalı”nda “Qərb Ulduzları” və “Şərq Ulduzları” komandaları qarşılaşıblar.
Oyunda məşhur futbolçular Yeju Dudek, Maykl Essien, Anderson Luis de Souza (Deku), Hamit Altıntop, Nihat Kahveci, Andrey Arşavin, Revaz Arveladze, eləcə də yerli veteran futbolçulardan Vəli Qasımov, Nazim Süleymanov iştirak ediblər. Bundan başqa, Regionlar Liqasından Şöhrət Rəhimov, müsabiqə əsasında seçilmiş gənc futbolçular Zaman Zahirzadə, Məhəmməd Tanrıverdiyev və “İntellektual Kubok”un qalibi olan İTV komandasının kapitanı Tural Dadaşov da oyunda iştirak ediblər.
Əvvəlcə Prezident İlham Əliyev oyunda iştirak edən futbolçularla görüşüb.
UEFA Avropa Liqasının kuboku Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təqdim edilib.
Sonra xatirə şəkli çəkdirilib.
Daha sonra oyun başlayıb.
Gərgin idman mübarizəsi şəraitində keçən görüş “Qərb Ulduzları” komandasının 11:10 hesablı qələbəsi ilə başa çatıb.
Sonra Prezident İlham Əliyev oyunu izləyən azarkeşlər, uşaqlarla görüşüb, xatirə şəkilləri çəkdirib.
Qeyd edək ki, 2017-ci il sentyabrın 20-də UEFA İcraiyyə Komitəsi futbol üzrə UEFA Avropa Liqasının 2018-2019-cu il mövsümünün final oyununun 2019-cu il mayın 29-da Bakı Olimpiya Stadionunda keçirilməsi haqqında qərar qəbul edib. UEFA Avropa Liqasının final qarşılaşmasının Bakıda keçirilməsi ilə əlaqədar Azərbaycan paytaxtında silsilə tədbirlər təşkil olunur. Belə ki, UEFA Avropa Liqasının zəngin irsinin təbliği məqsədilə Bakıda dekabrın 22-dən yanvarın 7-dək “UEFA Avropa Liqası Muzeyi” fəaliyyət göstərib. Fevralın 28-də isə UEFA Avropa Liqasının final oyununa ümumi oturacaqlar üçün bilet satışının qeydiyyatına başlanılıb. Bilet satışının bu mərhələsində həlledici görüş üçün nəzərdə tutulan 64 min biletdən 37 min 500-ü ümumi satışa buraxılıb.
Bu mötəbər futbol turnirinin kubok səyahətinə martın 9-da Cenevrədə start veriləcək. Martın 22-23-də Sevilya, martın 29-30-da Berlin, aprelin 5-6-da London, aprelin 12-də Milan, aprelin 20-də Moskva, mayın 10-da Parisdə olacaq kubok mayın 16-da rəsmi qaydada Bakıya gətiriləcək.
UEFA Avropa Liqasının final matçının Bakı Olimpiya Stadionunda keçirilməsi ilə bağlı qərar son illər sürətlə inkişaf edən Azərbaycan idmanının qazandığı növbəti uğurdur. Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan dövlət idman siyasətinin Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam və inkişaf etdirilməsi nəticəsində bu gün Azərbaycan dünyada idman ölkəsi kimi tanınır. Azərbaycanın son illərdə bir neçə mötəbər beynəlxalq idman yarışına – I Avropa, IV İslam Həmrəyliyi oyunlarına, Formula 1 yarışına, 42-ci Ümumdünya Şahmat Olimpiadasına yüksək səviyyədə ev sahibliyi etməsi Azərbaycanın idman dövləti olduğunu bir daha bütün dünyaya nümayiş etdirdi. Təsadüfi deyil ki, bu gün ən mötəbər idman qurumları nüfuzlu beynəlxalq yarışlara ev sahibliyi hüququnu tərəddüd etmədən Azərbaycana verirlər. Belə ki, UEFA Avropa Liqasının final oyunu ilə yanaşı, 2020-ci ildə futbol üzrə dünya çempionatının qrup mərhələsinin üç, dörddəbir final mərhələsinin bir oyununun, bu il iyunun 20-28-də Avropa Gənclərinin Yay Olimpiya Festivalının Bakıda keçirilməsi barədə qərarlar bunun göstəricisidir. İdmançılarımızın olimpiada, dünya və Avropa, eyni zamanda, digər beynəlxalq idman tədbirlərində qazandıqları medalların sayının ilbəil artması dövlət səviyyəsində idman sahəsinə göstərilən diqqətin nəticəsidir. Təqdirəlayiq haldır ki, uşaqlar və gənclər arasında idmana böyük maraq var. Bütün bunlar digər sahələr kimi, Azərbaycan idmanının da inkişafının ən parlaq dövrünü yaşadığını nümayiş etdirir.
***
11:49
Bu gün Bakının UEFA Avropa Liqasının 2018-2019-cu il mövsümünün final matçına ev sahibliyi etməsi ilə əlaqədar ölkəmizdə təşkil olunan silsilə tədbirlər çərçivəsində paytaxtın mərkəzində, Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin qarşısında “Bakı 2019: Ulduzlar Finalı” adlı qarşılaşma keçirilir.
AzTimes.az-ın məlumatına görə, Prezident İlham Əliyev, qızı Leyla Əliyeva qarşılaşmaya baxırlar.
“Bakı 2019: Ulduzlar Finalı”nda məşhur futbolçular Yeju Dudek, Maykl Essien, Anderson Luis de Souza (Deku), Hamit Altıntop, Zaman Zahirzadə və Tural Dadaşovdan ibarət “Qərb ulduzları” komandası Şöhrət Qasımov, Nihat Kahveci, Andrey Arşavin, Revaz Arveladze, Vəli Qasımov, Nazim Süleymanov, Məhəmməd Tanrıverdiyevdən ibarət “Şərq ulduzları” komandası ilə qarşılaşır.
Əvvəlcə Prezident İlham Əliyev oyunda iştirak edən futbolçularla görüşüb.
UEFA Avropa Liqasının kuboku Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təqdim edilib.
Sonra xatirə şəkli çəkdirilib.
Daha sonra oyun başlayıb.