Pezeşkiandan ABŞ-la danışıqlar haqda kritik açıqlama: Deyirlər ki, İsrail bombalayacaq

Baxılıb:38
Pezeşkiandan ABŞ-la danışıqlar haqda kritik açıqlama: Deyirlər ki, İsrail bombalayacaq

İran prezidenti Məsud Pezeşkian ABŞ-la danışıqlar prosesini dəyərləndirib.

Bu barədə İranın rəsmi xəbər agentliyi (İRNA) məlumat yayıb.

Bildirilib ki, Pezeşkian İlam vilayətinə səfəri zamanı etdiyi çıxışda ABŞ ilə danışıqlar prosesi və ölkəsinə qarşı hücum təhdidlərinə toxunub. O, Ayətullah Əli Xameneinin siyasətlərinə uyğun olaraq ABŞ ilə danışıqları davam etdirdiklərini bildirib:

“Biz tiranlığa boyun əyməyəcəyik. Biz nüvə tədqiqatlarımızın sıfıra endirilməsini heç vaxt qəbul etməyəcəyik və daha sonra sənaye, tibb, kənd təsərrüfatı sahələrində lazım olan nüvə materiallarını əldə etmək üçün onların təsdiqini gözləməyəcəyik”.

Pezeşkian danışıqlar zamanı Vaşinqtonun İranın uran zənginləşdirmə fəaliyyətini və nüvə araşdırmalarını tamamilə dayandırması tələbinə işarə edib. Qeyd edib ki, elmi araşdırmalardan əl çəkməyəcəklər:

“Kim dedi ki, elmi araşdırma aparmaq üçün icazə lazımdır? Onlar kimdir ki, bütün nüvə sənayemizi dağıtmağımızı tələb edirlər? Bizə deyirlər ki, bu elmə sahib çıxmayın. Sonra deyirlər ki, onlara qarşı bir şey desək, İsrail bombalayacaq”.

O, son olaraq “Aramıza nifaq salmaq, vəziyyətdən sui-istifadə etmək və bizə hücum etmək istəyirlər” deyərək ölkə daxilində birliyə çağırıb.


Abunəlik