Paşinyan Münhendən əliboş qayıdıb – Avropadakı dalğa Ermənistanı da vurur

Baxılıb:44
Paşinyan Münhendən əliboş qayıdıb – Avropadakı dalğa Ermənistanı da vurur

Münhen Təhlükəsizlik Konfransında baş verənlər, xüsusilə ABŞ-ın vitse-prezidenti Cey Di Vensin “təhlükə Rusiya, Çin və İrandan yox, daxildən gəlir” sözləri ilə Avropanı tənqid etməsi Avropa İttifaqının mövcudluğunu və gələcək fəaliyyətində güc mərkəzi rolunu sual altına saldı.

Qərbdə baş verənlər – ABŞ və Aİ arasındakı ixtilaflar və Brüsselin zəifləməsi Ermənistanda da narahatlıqla izlənilir.

“Hraparak” nəşri yazır ki, Münhendə üç günlük səfərdə olan Ermənistanın baş naziri Nikol Paşinyan məyus olub: “Paşinyan gözləyirdi ki, Avropa İttifaqı Ermənistanın üzvlüyünü müzakirə edəcək, lakin Münhen konfransı fiaskoya uğradı. Paşinyan isə bunu gizlətmək üçün Aİ üzvlüyünü parlamentdə ikinci oxunuşda qəbul etməmək və Rusiya ilə əlaqələri bərpa etmək xəttini önə çıxarır”.

Erməni politoloq Suren Zolyan hesab edir ki, baş verənlər Ermənistan üçün xoşəgəlməz perspektivlər vəd edir.

Onun fikrincə, Tramp Administrasiyası Azərbaycanla daha çox əməkdaşlığa üstünlük verəcək: “Yaxın Şərqdə eskalasiya gözləniləndir. İranla problemlər yaranarsa, ABŞ-ın Türkiyə və Azərbaycana üz tutması ehtimalı da yüksələcək”.

Zolyan düşünmür ki, Ermənistan hakimiyyəti baş verənlərdən dərs çıxaracaq.

“Doğrudur, bəzən müəyyən situasiyalarda həll yolları təklif edirlər, amma əminəm ki, bunlar haradansa göstəriş verilir. Fikrimcə, hakimiyyət bu dəfə göstəriş almadı, ona görə də həm ABŞ-da, həm Davosda, həm də Münhendə absurd vəziyyətə düşdü. Misal üçün, Tramp USAİD-ə qarşı sərt hücuma keçən vaxt Ermənistanın ABŞ-dakı səfiri bu təşkilatın rəhbərinin şərəfinə ziyafət verir. Belə absurd nümunələr çoxdur”, – o deyib.

“İravunk” qəzeti də hökumətdəki mənbələrinə istinadən Paşinyanın Münhendən mənfi əhval-ruhiyyə ilə qayıtdığını yazıb.

“Münhenin ümumi ab-havası göstərdi ki, Qərbin Ermənistana dəstəyi əvvəlki kimi deyil. Bu dəstək parçalanıb, üstəlik, son dərəcədə aldadıcı tələblər var. Gözlənilir ki, Avropa Nikolu “Zelenski-2”yə çevirərək, taleyin ümidinə buraxacaqlar. Buna görə yaxın çevrəsi Paşinyana öz siyasətinə, o cümlədən, kadr təyinatına ciddi şəkildə yenidən baxmalı olduğuna eyham vurublar. Misal üçün, Böyük Britaniya kəşfiyyatına bağlı olan Milli Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryandan yaxa qurtarmaqla amerikalıların xoşuna gəlməyə çalışa bilər”, – nəşr qeyd edir.


Abunəlik