Orta Asiya Rusiyadan imtina etdi – Artıq onların seçimi Türkiyədir
Ukrayna müharibəsində Rusiyanın hərbi sistemlərinin gözləntilərdən aşağı olması Mərkəzi Asiya ölkələrini silah alışı üçün Türkiyəyə yönəldib. Hazırda Türkiyə bölgədə Çinlə rəqabət aparır. ABŞ bazara girməyə hazırlaşır, lakin Türkiyənin yüksək texnologiyalı məhsulları üçün müəyyən etdiyi münasib qiymətləri qıra bilmir.
Pentaqona yaxınlığı ilə tanınan “Breaking Defence” nəşrinin ABŞ Ticarət Nazirliyi və Müdafiə Nazirliyindən (Pentaqon) əldə etdiyi məlumatlara görə, Orta Asiya Türk Cümhuriyyətləri artıq silah alışında Rusiyaya üstünlük vermir.
Əksəriyyəti Moskvada yerləşən Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) üzvü olan Türk Cümhuriyyətlərinin əsas silah tədarükçüləri Türkiyə və Çindir.
ABŞ-da yerləşən Xarici Siyasət Tədqiqat İnstitutunun (FPRI) mövzu ilə bağlı ətraflı araşdırmasına görə, Mərkəzi Asiya ölkələrinin kadrları Ukrayna müharibəsində Rusiyanın döyüş sistemlərinin zəif performansından “dəhşətə gəlib”.
Adlarını çəkmədən ABŞ mətbuatına açıqlama verən Dövlət Departamenti rəsmiləri bildiriblər ki, Mərkəzi Asiya ölkələri Qərb dünyasından gələn reaksiyalar və sanksiyalar səbəbindən Moskvanın artıq Mərkəzi Asiyanın yeganə beynəlxalq təhlükəsizlik qüvvəsi olmadığını düşünür.
Qanunlar bunu məhdudlaşdırır
Digər tərəfdən, müdafiə şirkətləri ABŞ Konqresinin nəzarətində olan “Silah İxracına Nəzarət Aktı” çərçivəsində Orta Asiya ölkələrinə döyüş təyyarələri kimi strateji texnologiyaya malik əsas müdafiə məhsullarını çatdıra bilməz. Texnologiyanın Rusiya və Çin tərəfindən ələ keçirilməsi riski ABŞ-ın regionda genişmiqyaslı müdafiə sazişləri imzalamasına mane olur.
ABŞ Dövlət Departamentinin mənbələrindən verilən məlumata görə, bütün Orta Asiya ölkələri orta müddətli hökumət proqramlarına Rusiya və sovet silah, maşın və avadanlıqlarının zərərsizləşdirilməsi, Qərbin müdafiə sistemlərinə keçidi daxil ediblər.
Türkiyə planları dəyişdirib
Pentaqon mənbələri ölkənin hava hücumundan müdafiə sistemləri ilə Mərkəzi Asiyaya daxil olmağı planlaşdırdığını bildirir.
Xarici İşlər Nazirliyinin “İHA-SİHA satışı” təklifi isə Pentaqonun “Hazırda Türkiyənin bölgədə bu sektorda monopoliyası var” ifadəsi ilə birmənalı qarşılanmır. Əldə edilən məlumata görə, Mərkəzi Asiya dövlətləri ABŞ-ın xüsusi qüvvələrinin istifadə etdiyi texniki və proqram təminatı ilə yaxından maraqlanır.