Ölkədən pullar gedib, amma gəlməyib: – Bir milyard dollar kəsiri necə bağlayacağıq?!

Baxılıb:283
Ölkədən pullar gedib, amma gəlməyib: – Bir milyard dollar kəsiri necə bağlayacağıq?!

Azərbaycanın tədiyyə balansında 1 milyard dollara yaxın kəsir yaranıb. Sputnik Azərbaycan Mərkəzi Bankın məlumatına istinadən xəbər verir ki, bu ilin 6 ayında Azərbaycanın tədiyyə balansının ümumi kəsiri 957,5 milyon dollar olub. Halbuki keçən ilin eyni dövründə tədiyyə balasında 3 milyard 635 milyon dollarlıq qalıq yaranmışdı.

Ümumi kəsir ölkənin cari əməliyyatlar balansındakı 598,2 milyon dollarlıq qalıq, kapital hesabındakı 7,7 milyon dollarlıq kəsir, maliyyə hesabındakı 948,7 milyon dollarlıq kəsir, balanslaşdırıcı maddələr üzrə 599,3 milyon dollarlıq kəsir hesabına formalaşıb.

Bəs, maraqlıdır bu həddə kəsiri bağlamaq mümkün olacaqmı və bunun səbəbləri nədir?

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov Sputnik Azərbaycan-a deyib ki, tədiyyə balansında kəsir pandemiyanın təsirləri ilə bağlıdır:

“Pandemiya Azərbaycanın xarici ticarət dövriyyəsinə, eləcə də tədiyyə balansına mənfi təsir göstərdi. Eyni zamanda tədiyyə balansında kəsirin strukturuna baxsaq, burada xüsusən də maliyyə hesabındakı 948,7 milyon dollarlıq kəsir ümumi kəsirin formalaşmasına birbaşa təsir göstərib”.
Deputat bildirib ki, amma bu ilin 7 ayında xarici ticarət dövriyyəsində müsbət saldo qeydə alınıb: “Belə ki, ixrac idxalı 1 milyard 976 milyon dollar üstələyib. Baxmayaraq ki, ixracatda 7,1 faiz azalma qeydə alınıb, amma idxalda 43,4 faizlik azalmanın qeydə alınması xarici ticarət dövriyyəsindəki müsbət saldonun qorunub saxlanılmasına imkan verib. Tədiyyə balansında kəsirin olması arzuolunan deyil. Amma pandemiyanın təsirlərini nəzərə alsaq bu, məqbul hesab oluna bilər. Növbəti dövrlərdə xüsusən də neftin qiyməti 40 dollardan yüksək olarsa, güman olunur ki, tədiyyə balansındakı kəsiri optimallaşdırmaq mümkün olacaq”.

“O baxımdan hələlik tədiyyə balansındakı kəsir birbaşa pandemiya ilə bağlı olduğuna və xarici ticarət dövriyyəsində müsbət saldoya görə bu, həmin kəsirin təsirlərini minimallaşdırmaq ilə bağlı imkanlar, alətlər verir. Güman olunur ki, növbəti dövr üçün həm tədiyyə balansındakı həm də xarici ticarət dövriyyəsindəki fərq birbaşa neftin qiymətinin necə dəyişməsindən asılı olacaq”-deyə deputat əlavə edib.

“Əkrəm Həsənov və partnyorları” hüquq şirkətinin direktoru, iqtisadçı Əkrəm Həsənov isə Sputnik Azərbaycan-a deyib ki, bu məbləğdə kəsirin yaranması təhlükəli hal deyil:

“Azərbaycanın valyuta ehtiyatları bu göstəricidən azı 40 dəfə çoxdur. 40 milyard dollardan çox valyuta ehtiyatımız var və belə kəsirləri bağlaya bilirik. Kəsirin yaranması o deməkdir ki, bizə xarici valyuta az daxil olub, ölkədən isə valyuta çox çıxıb. Yəni Azərbaycandan çıxan valyuta ölkəyə daxil olan valyutanı üstələyib. Bu kəsiri bağlamaq üçün böyük ehtimalla Dövlət Neft Fondunun ehtiyatlarından istifadə ediləcək”.
O bildirib ki, bizə xarici valyuta əsasən neft-qazdan gəlir: “Neftin qiyməti düşdüyünə görə valyuta gəlirlərimiz azalıb. Bundan başqa, pandemiyaya görə bir sıra kənd təsərrüfatı məhsullarının xaricə satışı da azalıb. Ona görə də xaricdən gələn valyuta gəlirlərimiz aşağı düşüb. Amma bizim xaricdən aldığımız mal və məhsulların səviyyəsi əsasən əvvəlki kimidir. O baxımdan belə kəsirin yaranması başa düşüləndir. 957,5 milyon dollar elə də ciddi rəqəm deyil. Fikrimcə, hətta kəsir bundan 2 dəfə çox olsa da problem olmaz”.

“Ölkəyə xaricdən gələn valyutanı artırmaq üçün iqtisadiyyat şaxələndirilməli, neftdən asılılıq azaldılmalı, qeyri-neft sektoru inkişaf etdirilməlidir. Belə olmasa, bizdə neftdən başqa heç nə olmayacaq və neftin qiyməti düşən kimi bu cür problemlərlə üzləşəcəyik. Bu, o ölkələr üçün daha ağırdır ki, onlar bir resursdan asılıdırlar. Amma biz xaricə digər mal və məhsulları da çox sata bilsəydik, problem belə dərin olmaz idi”, – deyə ekspert əlavə edib.

Qeyd edək ki, Mərkəzi Bankın məlumatına görə, xarici mühitin əlverişsiz olduğu bir şəraitdə, cari ilin 6 ayı üzrə tədiyə balansının əsas maddələri olan cari əməliyyatlar balansında (CƏB) 598,2 milyon dollar profisit, kapital və maliyyənin hərəkəti hesabında isə 956,4 milyon dollar kəsir yaranıb. Ehtiyat aktivləri 957,5 milyon dollar azalıb.

Bu dövrdə neftin orta qiyməti 41,9 dollar/barel olub, qeyri-neft ixracı isə 6,1 faiz azalıb. Hesabat dövründə cari əməliyyatlar balansının profisiti ötən ilin müvafiq dövrünə nəzərən 5,1 dəfə azalaraq 598,2 milyon dollar təşkil edib. Neft-qaz sektoru üzrə cari əməliyyatlar balansının profisiti illik ifadədə 1,9 dəfə (2,8 milyard dollar) azalaraq 3,3 milyard dollar, qeyri-neft sektoru üzrə kəsir isə 12,1 faiz (0,4 milyard dollar) azalaraq 2,7 milyard dollar olub. Nəticədə cari əməliyyatlar balansında neft-qaz sektorunun profisiti qeyri-neft sektorunun kəsirini tam örtüb. CƏB profisiti əsasən xarici ticarət balansının profisiti hesabına formalaşıb.


Abunəlik