“Öldürülən” ahıl qadınlar baş prokurora müraciət etdilər – QALMAQAL

Baxılıb:1022
“Öldürülən” ahıl qadınlar baş prokurora müraciət etdilər – QALMAQAL

Türkan qəsəbəsində “öldürülən” ahıl qadınlar – 80 yaşlı Əzizəxanım Atayeva və 91 yaşlı Xumara Şabanova növbəti dəfə Baş Prokurorluqda olublar. Ahıl analar baş prokurorla görüşmək istədiklərini bildiriblər. Tələb ediblər ki, onlara qarşı baş verən inanılmaz cinayət araşdırılsın.

Nəzərə çatdıraq ki, qadınların “öldürülməsində” əsas fiqurant kimi icra nümayəndəsi Rahil Babayevin adı hallanır.

Türkanda hazırda əsas müzakirə mövzusu var: Bu 2 ahıl qadının bağ-torpaq sahələrinin ələ keçirilməsi niyyəti ilə “öldürülməsi” və Rahil Babayevin hərbi xidmətini yenicə başa vurmuş Məhəmməd Babayevin öz bacısı Aydan Babayevanı öldürməsi…

Ailə Rahil Babayevin mülkündə qeydə alınıb. Odlu silahdan atəş açaraq qətl törədən Məhəmməd Babayev onun oğlu, mərhum Aydan Babayeva isə qızıdır.

2 ahıl qadın – 80 yaşlı Əzizəxanım Atayeva və 91 yaşlı Xumara Şabanova bu dəhşətli ailə faciəsindən 14 gün əvvəl Rahil Babayevin onların bağ-torpaq sahələrinin ələ keçirilərək satılması cinayətində iştirakını öyrəniblər.

Məsələ ictimailəşəndən sonra inanılmaz dələduzluq sxemi ilə bağlı Rahil Babayev, eks-deputat Zeynəb Xanlarovanın bacısı oğlu Daşqın Nəsirov və Çingiz Səfərov istintaqa cəlb olunmuşdular. Ancaq araşdırmalardan sonra cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərar verilib.

Bu qərardan narazı qalan Əzizəxanım Atayeva və Xumara Şabanova növbəti dəfə Baş Prokurorluğa gediblər. Ahıl qadınlar tələb ediblər ki, onlara qarşı baş verən cinayət Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində araşdırılsın.

Əzizəxanım Atayeva deyib ki, ona və qohumu Xumara Şabanovanın adına çıxarılan və saxtalığı göz önündə olan ölüm haqda şəhadətnamələrdə Rahil Babayevin imzası var. Bundan başqa onların ailə tərkibi haqda saxta arayışlar da Rahil Babayevin imzası ilə verilib.

Hüquqşünaslar deyir ki, Rahil Babayev vəzifəli şəxs olduğu üçün onun vəzifə səlahiyyətlərindən istifadə etməklə cinayət törətməsi ehtimalları, faktları prokurorluq orqanında araşdırılmalıdır.

Əzizəxanım Atayeva bu haqda Baş Prokurorluğun Sənədlərlə və müraciətlərlə işin təşkili İdarəsinin prokuroruna rəsmi qaydada şikayətini təqdim edib. O dedi ki, Rahil Babayev onlara “milyonları da olsa xərcləyəcəyəm, mənə heç kim heç nə edə bilməz” söylədiyini diqqətə çatdırdı.

Zərərçəkən ona və övladlarına qarşı hədələrin olduğunu, susmayacaqları, şikayətlərini davam etdirəcəkləri zaman başlarına işlər gələcəyi təhdidi aldığını da bildirib. Tələb edib ki, onlara qarşı baş verən cinayətlərin tam və hərtərəfli araşdırılması üçün baş prokuror Kamran Əliyev tərəfindən nəzarətə götürülsün, cinayət əməlləri Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində araşdırılsın.

İdarə prokuroruna baş prokurora təqdim edilmək üçün əlbəəl müraciət təqdim olunub.

Baş prokurora ünvanlanan və qəbul şöbəsinə təqdim edilən müraciətdə vəzifə saxtakarlığına yol vermiş Xəzər rayonu üzrə qəsəbə nümayəndəsi Rahil Babayevin qanunsuzluqlarının prokurorluqda araşdırılması və işi baş prokurorun şəxsi nəzarətinə götürməsi xahiş olunur: “Bizə qarşı edilmiş dələduzluq, vəzifə saxtakarlıqlarını və sağ olduğumuz halda ölüm haqqında şəhadətnamə düzəldilərək torpaqlarımızın ələ keçirilməsi cinayətinin əvvəldən Xəzər rayonunda araşdırılmasının əleyhinə olmuşuq. Cinayət işində adı keçən şəxslər rayonda özlərini suda balıq kimi hiss edirlər. Onların cəzasız qalacağı indidən bəllidir və bu səbəbdən təcili olaraq iş həmin rayondan alınmalıdır. Torpaqlarımızı ələ keçirən Daşqın Nəsirov 2012-ci ildə Türkanda qonşusunu güllələyib və sonuncu təsadüfdən sağ qalıb. Xəzər Rayon Prokurorluğu Daşqın Nəsirovun barəsində Cinayət Məcəlləsinin 29, 120.1 maddəsi ilə cinayət işi başlasa da, sonradan ”sehirli çubuq” vasitəsilə cinayət işi xuliqanlıq maddəsinə dəyişdirildi. Daşqın Nəsirov cəmi 2 ay həbsdə yatdı. Hazırda Daşqın Nəsirov sərbəst gəzir. Bu işdə vəzifəli şəxslər Türkan qəsəbəsi üzrə nümayəndə Rahil Babayev, 31 saylı Dövlət Notariat Kontoru və digər notariat kontorlarının nümayəndələri, Daşqın Nəsirov və digər şəxslərlə birlikdə cinayət əlaqəsində olublar.

Rahil Babayev 2 ədəd saxta arayış verib. Hər şey həmin arayışlardan başlayıb və bu arayışlar əsasında eyni üsulla, torpaqlar aidiyyəti olmayan şəxslərin adına saxtalaşdırılaraq eyni gündə Daşqın Nəsirov tərəfindən satılıb”…

Müraciətdə həmçinin yazılır ki, Türkan qəsəbəsində torpaq mafiyası fəaliyyət göstərir və bura Xəzər Rayon İcra Hakimiyyətinin vəzifəli şəxsləri, qəsəbə nümayəndəsi Rahil Babayev, Daşqın Nəsirov və digər şəxslər daxildir. Bizə qarşı olan bu cinayət Xəzər rayonunda araşdırıla bilməz. Eyni zamanda qeyd edilir ki, Rahil Babayev və Daşqın Nəsirov rayon rəhbərliyi tərəfindən himayə olunurlar: “Onlar ”torpaq mafiyası”na qarşı olan bu və digər faktları araşdıra bilməz. Bizi diri-diri öldürən məmurlar bizə qarşı istənilən qanunsuzluğu edərlər, üstüörtülü hədələr gəlməkdir”.

Sonda baş prokurordan xahiş olunur ki, cinayət işi Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırılsın.

Mövzuya qayıdacağıq.
“Yeni Müsavat”


Abunəlik