Niyə vətəndaşlar MİDA-dan mənzil alıb kirayə verirlər? – AÇIQLAMA (FOTO)

Baxılıb:113
Niyə vətəndaşlar MİDA-dan mənzil alıb kirayə verirlər? – AÇIQLAMA (FOTO)

Elan saytlarında Bakıda mənzil almaq və ya kirayə götürməklə bağlı axtarış apararkən qeyri-adi elanlara rast gəlinir. Belə ki, Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) təqdim etdiyi güzəştli mənzillərə yiyələnən vətəndaşlar bir müddət sonra bu evləri ya satışa çıxarır, ya da onları kirayəyə verirlər.

Bu işdə vətəndaşlara hüquqi baxımından irad bildirmək mümkün olmasa da mənzillərin ehtiyaclı şəxsləri ala bilməməsi bir çoxlarını narahat edir. Çünki MİDA-dan mənzil əldə etmiş şəxslərin onları satması və kirayəyə çıxarması belə bir fikir yaradır ki, bu evlər mülkiyyətçinin ikinci və ya üçüncü mənzili ola bilər. 

Mövcud problemlə bağlı Əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı BAKU.WS-ə açıqlamasında bildirdi ki, bu məsələdə layihənin icraçısı olan təşkilatların günahı var:

“Fikrimcə, bu layihə sosial layihə deyil, kommersiya layihəsidir. Düzdür, dövlət tərəfindən vəsaitlər tərəfindən həyata keçirilir. Amma nəzərə almaq lazımdır ki, satış qaydalarının özündə belə müxtəlif fərqlər var. İpoteka və Kredit Zəmanət Fondunun müəyyən etdiyi istiqamətlər üzrə kreditli satış variantı var. Eyni zamanda həmin mənzillərin dəyərinin yarısını və ya tam həcmini ödəmək yolu ilə satışlar formaları mövcuddur. Hesab edirəm ki, bu layihələr qismən ucuz mənzil layihəsi kimi təqdim olunmalıdır.

Qanunvericilikdə bu evlərin istifadəsi ilə bağlı hər hansı məhdudiyyət yoxdur. Misal üçün MİDA mənzillərini almış vətəndaşın bunu yenidən satması və ya kirayəyə verməməsi ilə bağlı məhdudiyyət mövcud deyil. Dəyəri tam ödənilmiş mənzil istənilən vaxt satışa çıxarıla bilər.

Bu məsələnin mənəvi tərəfinə baxsaq, həmin kateqoriyaya aid insanın evsiz qaldığı halda digərinin ikinci evini bu layihə vasitəsilə alması bizi narahat edə bilər. Yaxşı olardı ki, kiminsə ikinci evini alıb onu kirayə verməsindənsə, heç bir evi olmayan və bu layihədən ev almaq istəyənlər istəyinə çatardı. Əfsuslar olsun ki, Azərbaycan reallığında bu kimi hallara rast gəlinir. 

GÜZƏŞTLƏ MƏNZİL ƏLDƏ ETMƏK HÜQUQUNA MALİK OLAN ŞƏXSLƏR VƏ TƏLƏB OLUNAN SƏNƏDLƏR:

Sosial layihə ilə mənzil almaq istəyənlərlə bağlı belə hallar da olur ki, həmin kateqoriyaya şamil edilsə də, mənzil almaq üçün ödəniş imkanları mənzil almaq üçün adekvat deyil. Misal üçün bir müəllim 10-20 il stajı olsa da, həmin kateqoriyaya düşsə də, amma aldığı əmək haqqı və ailə üzvlərinin sayı ona mənzil almağa imkan vermir. İpoteka və Kredit Zəmanət Fondunu bir tərəfdən başa düşmək olur ki, bəzən müraciət edən şəxsin həmin mənzili əldə etmək üçün lazım olan aylıq ödənişləri ödəməsinə imkanı çatmır”.

Ekspert hesab edir ki, dövlət tərəfindən yeni bir layihələrə başlamaqla vətəndaşların digər qisminin də güzəştli mənzil almaq imkanı əldə etməsini təmin etmək olar: “Lakin heç bir gəlir mənbəyini təqdim edə bilməyən vətəndaşa bunu tətbiq etmək olmaz.

Azərbaycanı Avropa ilə müqayisə etsək, ipoteka kreditlərində faizlər yüksək görünür. Avropanın bank və ipoetka təcrübəsi ilə Azərbaycan arasında müqayisə aparsaq, ənənələrin tam formalaşmadığını görərik. Digər tərəfdən nəzərə almaq lazımdır ki, Azərbaycanda ipoetka dövlət proqramı nəticəsində həyata keçirilir. Amma Avropada ipoteka proqramı sırf kommersiya layihəsidir. Burada ayrı-ayrı özəl banklar cəmiyyətə ipoteka məhsulu təqdim edir və faizlər bunun əsasında formalaşır.

Lakin bunu da demək lazmdır ki, MDB ölkələri arasında ən uyğun ipoteka şərtləri Azərbaycandadır. Ölkəmizin ipoteka şərtləri daha münasibdir”.


Abunəlik