Nazirliyin lisenziya vermədiyi plastik cərrahlar – Onların taleyi necə olacaq?
Bu ilin əvvəlində plastik cərrahlarla bağlı vətəndaşlardan daxil olan çoxsaylı şikayətləri nəzərə alaraq ölkədə Xüsusi Təftiş Komissiyası yaradılıb. Məqsəd həkimlərin plastik cərrahiyyə ixtisası üzrə praktik tibb fəaliyyəti ilə məşğul olmağa icazə verən sənədlərinin hüquqi əsaslarının kompleks şəkildə yoxlanılması idi.
Həmin Komissiyada Səhiyyə Nazirliyinin, Baş Prokurorluğun, Daxili İşlər Nazirliyinin, Elm və Təhsil Nazirliyinin səlahiyyətli nümayəndələri təmsil olunub.
Komissiyaya hansı sənədlər təqdim olunmalı idi?
Plastik cərrahlar baza ali tibb təhsili, diplomdansonrakı təhsilə aid bütün sənədlər, əmək kitabçası, tibbi fəaliyyətlə məşğul olmağa buraxılma barədə şəhadətnamə, sertifikasiya şəhadətnaməsi və digər sənədlərin notariat qaydada təsdiq edilmiş surətlərini Səhiyyə Nazirliyinə şəxsən təqdim etməliydilər.
Nazirliyin mətbuata təqdim etdiyi məlumata görə, Komissiyaya 82 mütəxəssis tərəfindən sənədlər tələb olunan qaydada təqdim edilib. Komissiya isə 82 mütəxəssisin 42 -sinəplastik cərrahiyə ilə məşğul olmağına icazə verib. Bəs görəsən yerdə qalan 40 və eləcə də Komissiyaya sənəd təqdim etməyən həkimlərin aqibəti necə olacaq? Onlar bundan sonra necə fəaliyyət göstərəcəklər?

Narazılar məhkəməyə müraciət edə bilərlər
Səhiyyə Nazirliyindən Teleqraf-ın sorğusuna cavab verilib. Bildirilib ki, sözügedən həkim-mütəxəssislər Komissiyanın qərarlarından narazı olduqları halda məhkəməyə müraciət etmək hüququndan istifadə edə bilərlər.
“Plastik cərrahiyyə ixtisası üzrə praktik tibb fəaliyyəti ilə məşğul olan tibb mütəxəssisləri Komissiyanın iclaslarına dəvət olunub. Əvvəlcədən xəbərdarlıq edilməklə iclasların audio yazısı və video çəkilişi aparılıb, iclaslar protokolaşdırılıb, təqdim olunan sənədlər ətraflı araşdırılıb və əsaslılığı yoxlanılaraq müvafiq qərarlar qəbul olunub.
Komissiyanın qərarlarına müvafiq olaraq siyahıya adları daxil edilməyən həkim- mütəxəssislərin ölkə ərazisində plastik cərrahiyyə ixtisası üzrə tibb fəaliyyəti ilə məşğul olmaq üçün icazə verən sənədlərinin əsaslılığı təsdiq olunmayıb. Bəziləri isə ümumiyyətlə tələb olunan sənədləri Komissiyaya təqdim etməyiblər”.
Adları siyahıda olmayan həkimlər nə etməlidirlər?
Siyahıya adları daxil edilməyən həkim-mütəxəssislər praktik tibb fəaliyyəti ilə yalnız ali ixtisas tibb təhsili sənədinə uyğun onlara verilmiş ixtisaslar üzrə məşğul ola bilərlər. Bu mütəxəssislər plastik cərrahiyyə ixtisası üzrə qanunvericiliklə nəzərdə tutulmuş qaydada rezidentura təhsili almadan həmin sahədə praktik tibb faəliyyəti ilə məşğul ola bilməzlər.
Siyahıda adı olmayan, eləcə də komissiyaya müraciət etməyən həkimlər bundan sonra plastik əməliyyatlar edərlərsə həmin həkimi və onun işlədiyi tibb müəssisəsini hansı cəza gözləyir?
Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzindən (AEM) sorğumuza cavab olaraq bildirilib ki, cərrahi xidmətlər göstərən istənilən tibb mərkəzinin fəaliyyəti üçün kosmetoloji iş və plastik cərrahi iş üzrə özəl tibbi xidmət lisenziyası tələb olunur.
“Bu tibb müəssisələrində praktiki tibb fəaliyyəti üzrə müvafiq sertifikata malik plastik-cərrahlar, həkim-dermatoloqlar və sertifikat alaraq, ixtisaslaşma keçən digər həkim mütəxəssislər fəaliyyət göstərə bilər. İstənilən pasiyentin kosmetoloq və ya cərrahın sertifikatını tələb etmək hüququ var”.

Bildirilib ki, lisenziyalı özəl tibb müəssisələrinə nəzarət AEM tərəfindən plan üzrə və plandankənar yoxlamalar şəklində, lisenziyasız müəssisələrə münasibətdə isə əhalinin sağlamlığına birbaşa və ya mühüm təhlükənin olmasına dair konkret faktlar olduqda, həmçinin, müxtəlif qurumlardan daxil olan müraciətlər əsasında plandankənar yoxlamalar şəklində aparılır. Lakin hər hansı bir fəaliyyət subyektində plandankənar (növbədənkənar) yoxlamanın həyata keçirilməsi üçün yoxlamaların vahid məlumat reyestrindən müvafiq icazə alınmalıdır.
Nəzarət tədbirləri zamanı nöqsanlar aşkar olunduqda qanunvericilikdə nəzərdə tutulan inzibati tənbeh tədbirləri (inzibati cərimə) görülür. Təkrar aşkar edildikdə təkrar inzibati tənbeh və əlavə tədbirlər həyata keçirilir. Konkret olaraq bu hallara görə İnzibati Xətalar Məcəlləsinin 210.1.-ci maddəsində lisenziya olmadan özəl tibbi fəaliyyətlə və ya əczaçılıqla məşğul olmağa görə fiziki şəxslər iki min manatdan üç min manatadək məbləğdə, vəzifəli şəxslər beş min manatdan on min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan otuz min manatadək məbləğdə cərimə gözləyir.
Bundan başqa məcəllənin 215.1.-ci maddəsində tibb fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən özəl tibb fəaliyyəti sahəsində onlara verilmiş lisenziyada göstərilən işlərdən və xidmətlərdən kənar tibb fəaliyyətinin həyata keçirilməsinə görə fiziki şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər səkkiz yüz manatdan min manatadək məbləğdə, hüquqi şəxslər altı min manatdan səkkiz min manatadək məbləğdə cərimə olunacaq.
Həmçinin məcəllənin 215.4-cü maddəsinə uyğun olaraq sertifikasiyadan keçməyən şəxslərin (işçilərin) praktik tibb və əczaçılıq fəaliyyətinə buraxılmasına görə vəzifəli şəxslər səkkiz yüz manatdan min manatadək məbləğdə, hüquqi şəxslər altı min manatdan səkkiz min manatadək məbləğdə cərimə nəzərdə tutulub.
Vətəndaşlara bir daha xatırladırıq ki, özəl tibb müəssisələrində və aptek təşkilatlarında üzləşdikləri hər hansı problemlə bağlı, o cümlədən reseptsiz antibiotik satışı hallarına rast gəldikdə AEM-in “bir pəncərə” sistemi, “qaynar xətt”i (012 596 05 20), [email protected] elektron ünvanı və ya pharma.az saytının MÜRACİƏT bölməsi vasitəsi ilə bizə müraciət edə bilər. Bu halda araşdırılma aparılır və lazım gələrsə, plandankənar yoxlamanın keçirilməsi barədə qərar qəbul edilir”, – Mərkəzdən bildirilib.

“Bərbərlikdən gələnlər rinoplastika edirlər, bu dəhşətdir”
Plastik cərrahiyyə üzrə fəaliyyətinə icazə verilən həkim-mütəxəssislərdən biri plastik cərrah Araz Salmanov Teleqraf-a açıqlamasında Xüsusi Təftiş Komissiyasının tərəfdarı olduğunu bildirib.
“Azərbaycanda Sovet dövründən qalma iyrənc və eybəcər sistem var idi. Həkim ixtisas dəyişmək üçün müəyyən şəxslə razılaşıb ona rüşvət verirdi və qarşılığında 2-3 həftə kurs keçirdi. Beləliklə, o, terapevt idisə, kardioloq olurdu və ya cərrah idisə, travmatoloq olurdu.
Bu vaxta qədər müxtəlif özəl klinikalarda işləmişəm. Həmin klinikalarda çoxlu sayda şübhəli həkimlər, hətta həkim olmayan şəxslər belə estetik prosedurlar, əməliyyatlar icra edirlər. 9 -11-ci sinfi güc-bəla ilə bitirmiş bəzi vətəndaşların, bərbərlikdən gələnlərin liposaksiya, üzgərmə, rinoplastika kimi əməliyyatları icra etdiyinin şahidi olmuşam. Bu dəhşətdir. Düşünürəm ki, indi həmin sistemi Səhiyyə Nazirliyi ləğv edir, mühiti sağlamlaşdırıb düzəldir. Bu isə təqdirəlayiqdir”.
A.Salmanovun sözlərinə görə, o Xüsusi Təftiş Komissiyasına şəxsiyyət vəsiqəsi, həkim diplomu, rezidentura, uzmanlıq diplomu, bu sənədlərin Azərbaycanda təsdiqini həyata keçirən Səhiyyə Nazirliyinin verdiyi əczaçılıq və tibbi fəaliyyətlə məşğul olmağa dair sertifikat və 5 ildən bir iştirak etdiyi imtahanların şəhadətnamələrinin sürətini təqdim edib. “Komissiya üzvləri ilə görüş keçirildi, müəyyən suallar verildi. Düşünürəm ki, proses yaxşı keçdi. Mənim Amerika və Avropa standartlarına uyğun tanınmış diplomum və bu sahədə 20 ildən çox təcrübəm var. Əgər diplomum burada tanınmasaydı, gedib xaricdə işləyə bilərdim”.
Təəssüf ki, siyahıda adı olmayan tanınan plastik cərrahlarla -Elnur Mehrəli, Ülviyyə Ağazadə, Bəxtiyar Qəhrəmanov, Vüsal Abdullayev, Rabil Osmanov, Günel Bayramlı ilə əlaqə saxlamağa çalışsaq da onlarla danışmaq mümkün olmayıb. Vaxtilə Flora Kərimova ilə qalmaqal yaşayan Sevinc Heydərovanın köməkçisinin cavabı isə belə olub: “O, bu mövzuyla bağlı danışmayacaq”.