Nazirlər Kabinetindən bina tikintisi ilə bağlı MÜHÜM QƏRAR
Nazirlər Kabineti 409 nömrəli qərarın izahını verib.
AzTimes.az-ın məlumatına görə, “Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Ərazilərin zonalaşdırılması, tikintinin növü və miqyası ilə bağlı müfəssəl Qaydalar”ın təsdiq edilməsi haqqında”, “Müfəssəl plan olmadığı və ya onun müddəti bitdiyi hallarda tikintiyə icazə verilməsi və ya məlumatlandırma icraatı məqsədləri üçün tikinti layihələrinin onların həyata keçiriləcəkləri ərazinin planlaşdırılması sənədlərinə (baş planlara və (və ya) ümumi planlara), habelə müfəssəl planın hazırlanması zamanı nəzərə alınan tələblərə uyğunluğunun müəyyənləşdirilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında” qərarlarda aşağıdakı dəyişikliklər edilib:
– Sumqayıt, Gəncə, Xırdalan və Mingəçevir şəhərlərində inşa edilən çoxmənzilli binalarda nəqliyyat vasitələrinin saxlanılması üçün həmin binaların tikinti ərazisinin 70 və daha çox faizini təşkil edən hissəsində yeraltı qarajın tikintisi nəzərdə tutulduğu halda, ərazinin tikinti sıxlığı əmsalı hesablanarkən birinci yerüstü mərtəbənin sahəsi nəzərə alınmayacaqdır;
– Tikintisinə icazə verilmiş, lakin tikinti-quraşdırma işləri başa çatmamış çoxmənzilli binanın tikinti layihəsində göstərilən tikinti ərazisinin həmin binanın tikinti sahəsini təşkil etməyən hissəsində yeraltı qarajların tikintisi üçün təkrar şəhərsalma əsaslandırılmasının tərtib edilməsi tələb olunmayacaqdır.
Dəyişikliklər Sumqayıt, Gəncə, Xırdalan və Mingəçevir şəhərlərində inşa ediləcək çoxmənzilli binalarda artıq problemə çevrilmiş nəqliyyat vasitələrinin saxlanması üçün həmin binalarda yeraltı qaraj mərtəbəsinin tikintisinin stimullaşdırılmasına və nəqliyyat sıxlığının aradan qaldırılmasına əhəmiyyətli təsir göstərəcək.