Natəvan Məmmədova bu vəzifəyə yenidən təyin edildi
2013-2015-ci illərdə Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) Baş Katibi olmuş Natəvan Məmmədova yenidən eyni vəzifəyə təyin edilib.
ASK-dan verilən məlumata görə, Konfederasiyanın prezidenti Məmməd Musayev N.Məmmədovanı kollektivə təqdim edib. O, yeni təyinat münasibəti ilə Baş Katibi təbrik edib, ölkə iqtisadiyyatının, dövlət-özəl sektor dialoqunun, özəl sektorun inkişafı üçün yeni çağırışların həyata keçirilməsində Konfederasiyanın qarşısında duran vəzifələri vurğulayaraq, müəyyən edilmiş hədəflərə nail olunması istiqamətində görüləcək işlərdə kollektivə uğurlar arzulayıb. N.Məmmədova ona göstərilən yüksək etimada görə minnətdarlığını ifadə edərək qarşıya qoyulmuş vəzifələrin icrası üçün səylərini səfərbər edəcəyini bildirib.
Xatırladaq ki, N.Məmmədova 2015-2023-cü illərdə Azərbaycanda Amerika Ticarət Palatasının (“AmCham”) icraçı direktoru, paralel olaraq isə 2020-2023-cü illərdə ABŞ-ın “McKinsey&Company” şirkətində koordinator işləyib.