Natəvan Dəmirçioğlunun “AÇAR” romanının akademik müzakirəsinə həsr olunmuş “Zəfərimizin “Açar”ı” adlı elmi sessiya

Baxılıb:23
Natəvan Dəmirçioğlunun “AÇAR” romanının akademik müzakirəsinə həsr olunmuş “Zəfərimizin “Açar”ı” adlı elmi sessiya

28 aprel  2025-ci il tarixdə  AMEA-nın Mərkəzi Elmi Kitabxanasında  AMEA-nın Ədəbiyyat İnstitutu, Mahmud  Kaşqari adına Beynəlxalq Fond və Mərkəzi Elmi Kitabxananın birgə layihəsi əsasında yazıçı, ictimai xadim Natəvan Dəmirçioğlunun  “AÇAR”   romanının akademik müzakirəsinə həsr olunmuş “Zəfərimizin “Açar”ı” adlı elmi sessiya keçirildi.

   Sessiyanı AMEA-nın müxbir üzvü, AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun direktoru Misir Mərdanov açıq elan edərək qeyd etdi ki, “Bu günkü elmi sesiyamızın mövzusu Natəvan Dəmirçioğlunun “Açar” romanı, onun bədii xüsusiyyətləri, yaradıcılq keyfiyyəti, dil-üslub quruluşu, müharibə ədəbiyyatı kimi tarixi və siyasi çəkisi, obrazlar sistemi və ümumən müasir ədəbiyyatımızda yeri məsələsidir.   Natəvan Dəmirçioğlu -yazıçı, filologiya üzrə fəlsəfə doktoru, AzTV- nin Beynəlxalq Radiosunda proqram rəisi, Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsində  müəllim, DİM-də media eksperti, iki övladın anası, dörd nəvənin nənəsi, dörd kitabın, bir dissertasiyanın, yüzlərlə məqalənin, minlərlə radioverlişlərin və bir neçə radiotamaşanın müəllifidir. Biz ümid edirik ki, bu gün elmi müzakirəsinə yığışdığımız  “Açar”romanı onu layiq olduğu yerə və məqama götürəcək. 

     Natəvan Dəmirçioğlunun əsərləri dünyanın bir sıra dillərinə – ingilis,  rus,  fars,  özbək, tatar dillərinə tərcümə olunub, türkiyə türkcəsinə uyğunlaşdırılıb. 2007-ci ildə İstanbulda “Hazar kıyısında yerle gök” toplusunda hekayəsi dərc olunub,  2015-ci ildə “Yetim” əsəri Ankarada türkiyə türkcəsində kitab şəklində buraxılıb. Onu da deyək ki, “Yetim” əsəri ilk Azərbaycan müəllifinin əsəridir ki, “Ölmədən öncə okumanız gərəkən 1001 kitab” seriyasından, “İlin ən iyi əlli romandan biri” nominasiyasında nəşr olunub.

     Natəvan Dəmirçioğlu iki böyük insanın, dahi şəxsiyyətin təqaüdünü alıb. 1999 –cu ildə “Üç nöqtə” və “Səbət” povestinə görə Ulu Öndər Heydər Əliyevin, 2010- cu ildə isə “Yetim” əsərinə görə cənab Prezidentimiz, Ali Baş Komandan İlham Əliyevin bir illik təqaüdünə layiq görülüb. Bu il də xanım yazıçı “Tərəqqi medalı” ilə təltif olunub. Bu naliyyətləri bir alimin, yazıçının, pedaqoqun, bir Azərbaycan xanımının uğuru hesab edirəm”

  İlk öncə  AMEA Nizami adına Ədəbiyyat İnstitutunun şöbə müdiri, professor Asif Rüstəmli cıxış edərək Natəvan Dəmirşioğlu və “AÇAR” romanı haqqında geniş məlumat verdi.    Əsərin gözəl axıcılıq üslubunun müəllifin jurnalistika sahəsində peşəkar olması və vaxtilə AzTV-nin  “Bulaq” verilişinin müəlliflərindən olması ilə bağlı olduğunu vurğuladı.

      Sonra  hörmətli professor Misir müəllim bildirdi ki, Türkiyədən Üsküdar Universitetinin rektoru, filoloq alim Nazife Güngör  Natəvan xanımın tədbirinə təşrif buyurub.  Nazife Güngör Natəvan xanım və “AÇAR” romanı haqqında fikirlərini bölüşdü.

     AMEA-nın Ədəbi tənqid şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru,dosent Fidan Nizaməddinqızı, millət vəkili Elçin Mirzəbəyli mövzu ətrafında çıxış edərək səbəbkarı təbrik etdilər.

      Qardaş Türkiyədən  Lider Haber TV- nin Haber Spikeri, “Soruyoruz” programının sunucusu, Ankara parlamentini müxbiri,  xanım Neşe   Berber İstanbuldan  canlı bağlantı ilə sesiyaya qoşuldu və Natəvan xanımı təbrik etdi,  “İki dövlət, bir millət, tək ürək” olduğumuzu  belə yazılan əsərlərin, kitabların sevinci fonunda dilə gətirdi. Natəvan xanım Böyük Zəfərimizdən bir il sonra xanım Neşe  Berberin verilişində qonaq olduğunu qeyd etdi.

     Ekranda  Natəvan xanımın tələbəsi,  “Qursali” TV nin rəhbəri Samir Rahinoğlunun hazırladığı “Açar” romanından qısa bir parça gurultulu  alqışlarla qarşılandı.

     Tədbirdə çıxış edən   AMEA – nın  Dilçilik İnstitutunun professoru, filologiya elmlər doktoru Elçin müəllim,  AMEA – nın Güney Azərbaycan Ədəbiyyatı şöbəsinin böyük elmi işçisi, filologiya elmlər doktoru Esmira Fuad,  Kəlbəcər ziyalısı Arif Süleymanov,  BDU-nun filologiya elmləri doktoru, professor Sevil Həsənova, Pedaqoji Universitetin  professoru, Filologiya elmləri doktoru Elman Quliyev, Filologiya üzrə fəlsəfə doktoru, Azərbaycan Televiziyasının İctimai-siyasi proqramlar studiyasının Tarix şöbəsinin rəhbəri, tarix üzrə fəlsəfə doktoru  Mahir Qəribov, Azərbaycan Universitetinin müəllimi Leyla Məmmədəliyeva, Slavyan Dövlət Universitetində oxuyan, bu il “İlin Tələbəsi” adını qazanmış Murad Hümbətov, Natəvan xanımın tələbəsi Nigar Safura və digər ziyalılarımızın çıxışı böyük maraqla dinlənildi.

      Natəvan Dəmirçioğlunun övladları Nurlan, Nuran və nəvəsi Rəsul da təbriklərə qoşularaq səbəbkara gül buketləri təqdim etdilər.

   Yekunda Natəvan xanım çıxış edərək bütün tədbir iştirakçılarına minnətdarlığını bildirdi:

     “Yalnız Tanrı şahiddir ki, bu romanı ürəyimin qanı ilə yazmışam. Necə şəhidlərimizin, qazilərimizin Vətən torpağına qanı tökülüb, bu sətirlərə də mənim göz yaşım və ürəyimin qanı tökülüb. Bəzən çox ağırlıq çəkdim, dözülməz anlar yaşadım. Bir qadın yazıçı üçün  bu mövzuda və bu masştabda əsər yazmaq, bilənlər bilir,  çox çətindir. Taleyimə minnətdaram ki, onu tamamlaya bildim və deyilənlərə görə nəsrimizi gələcəklərə götürə biləcək bir roman yarandı. İndi hamı məni tərifləyir, sağ ol deyir. Amma bu əsərə məndən daha çox zəhməti keçən, haqqı çatan insanlar var. Mən də onlara minnətdarlıq etmək istəyirəm. Birinci Ali Baş Komandan cənab İlham Əliyevə, sonra onun komandanlığı altında yağı düşmənə doğru gedən, yurdu xilas edən, Vətən torpağına qarışıb, özü də bir ovuc torpaq olan şəhidlərimizə və torpaq yaramızı sağaldıb özü yaralı qalan qazilərimizə. 

      Oxuculardan, teatr və kino xadimlərimizdən, tərcüməçilərdən bu əsərə doğma münasibət istərdim. Bir professor, müəllim yoldaşımın dediyi kimi, “Açar”ı Azərbaycan haqqları naminə dünyada dost, düşmən qabağına çıxarmaq lazım. “Açar” öz taleyinə açar olsun. Elə  mənim arzularıma, istəklərimə də. “Açar” romanı da, onun İlham aldığı Zəfərimiz də daimi olsun, baqi olsun.

     Sonda hər birinizə təşəkkür edirəm. Tədbiri keçirtdiyinə görə AMEA-nın rəhbərliyinə-akademik İsa Həbibbəyliyə, Ədəbiyyat institutunun elmi heyətinə, Kaşqari adına Beynəlxalq Fondin prezidenti, Millət Vəkili Cavanşir Feyziyevə, AMEA-nın Mərkəzi Elmi Kitabxanasının rəhbərliyinə , işçi personalına və sonda yenə hər birinizə.”

      Biz də öz növbəmizdə ATİA.AZ saytı adından tədbirin ərsəyə gəlməsində böyük rolu olan  Mahmud Kaşqari adına Beynəlxalq Fondun Prezidenti, millət vəkili Cavanşir Feyziyevə,   akademik müzakirənin bütün təşkilati işlərinin görülməsində gərgin əməyi olan Xəyalə Əfəndiyevaya və fotoların müəllifi Şakir Rəhmana təşəkkür edirik.

 AYDIN ADIGÖZƏLLİ

ATİA.AZ saytının baş redaktoru

Fotoların müəllifi ŞAKİR RƏHMAN


Abunəlik