Narkotik vasitələrin yayılması ilə mübarizə üzrə aparılan fəaliyyətlərə dair ÇEK ÇAĞIRIŞ ETDİ
Narkotik vasitələrin yayılması ilə mübarizə üzrə aparılan fəaliyyətlərə dair
Çevik Ekspert Qrupunun(ÇEQ)
Ç A Ğ I R I Ş
Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019–2024-cü illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Prezidentinin 22 iyul 2019-cu il № 1334 saylı Sərancamını rəhbər tutaraq, Çevik Ekspert Qrupu ölkədə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyası və Daxili İşlər Nazirliyi tərəfindən aparılan mübarizəni yüksək dəyərləndiririk. Eyni zamanda, narkotik vasitələrin qanunsuz dövriyyəsi prosesində bu cinayətə qoşulmuş qadınların sayının artdığının müşahidə edilməsi ciddi narahatlıq doğurur. Cinayətkarın cinsi olmadığı kimi, narkotik vasitələrin satışında iştirak edən qadınların da eyni formada cəzalanması qanunauyğundur. Bu məsələnin hüquqi tərəfidir, mənəvi tərəflərinə gəldikdə isə, qadınların narkotik satışı cinayətinə qoşulması daha ağır fəsadlar yaradır. Beləki, bu cinayətdə iştirak etmiş qadınların uşaqları sonradan proseslərin iştirakçısına çevrilir, digər tərəfdən həbs edilmiş qadınların uşaqlarının sonrakı taleyində kifayət qədər ağır fəsadların izi qalır. Narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə əlaqədar yaranan məsuliyyət təkçə hüquqi məsələ deyil, eyni zamanda sosial-mədəni problem olmaqla yanaşı, həm də genefondun ciddi şəkildə zədələnməsi deməkdir. Qeyd olunan məsələnin digər aspektini – həbs edilən şəxslərin saxlanılmasına görə dövlətə dəyən zərərin də hesablanmasını diqqətdə saxlayırıq. Narkotik – məişət zorakılığına, qətllərə, ciddi davranış pozuntusuna, insan alverinə və bir çox digər mənəvi cinayətlərə yol açır. Bu isə daha ağır fəsadlara yol açdığı kimi dövlət büdcəsinə dəyən zərəri də özündə ehtiva etməkdədir. Biz, Çevik Ekspertlər Qrupu olaraq, ölkə Prezidentinin yuxarıda qeyd edilən sərancamının yalnız bir istiqaməti üzrə işin getdiyini, digər sosial-mədəni tərəflərinin kifayət qədər işlək olmadığını, belə ciddi bir problemin yalnız maarifləndirmə yolu ilə həllinə nail olmağın mümkün olmadığını da qeyd etməyi özümüzə borc bilirik. Təkliflərimizi diqqətinizə çatdırırıq:
- Həssas qruplar arasında sosial-mədəni proqramlar və xidmət paketlərinin genişləndirilməsi;
- Qadın və uşaqların sosial müdafiəsinin gücləndirilməsi;
- İnteqrasiya proqramlarının gücləndirilməsi və bu yolla cəzaçəkmə müəssisələrindən azadlığa buraxılan qadınların təkrar narkotik cinayətinə qayıtmaması;
- Yerli icra hakimiyyəti orqanlarında fəaliyyət göstərən komissiyaların fəaliyyətinin mövcud problemin həllinə yönləndirilməsi;
- Dövlət qurumları nümayəndələrinin vətəndaş müraciətləri ilə əlaqədar davranışlarının monitorinqi;
- KİV-də xidmət paketləri ilə bağlı məlumatlandırma işinin gücləndirilməsi. Çevik Ekspertlər Qrupu olaraq vətəndaş cəmiyyəti nümayəndələrinin yalnız maarifləndirmə işlərinə deyil, fəaliyyətlərində həssas qruplarla praktik işə daha çox cəlb edilməsinə cağırış edirik. Biz, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin vətəndaş cəmiyyəti nümayəndələri ilə qarışılıqlı əməkdaşlığın artırılmasına və bu mövzuda birgə müzakirələrin keçirilməsinə, yeni model proqramların hazırlanmasına cağırış edirik.
ÇEVİK EKSPERTLƏR QRUPUNUN ÜZVLƏRİ:
- “Vətəndaş” Tədqiqat və İnkişaf İctimai Birliyi
- “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyi
- “Azərbaycan Uşaqları” İctimai Birliyi
- “Gəncə Regional Qadın Mərkəzi” İctimai Birliyi
- “İslahatçı Qadınlar və İnnovasiyalar” İctimai Birliyi
Bakı şəhəri 28 yanvar 2022-ci il AzTimes.az