Nəzərdə tutulan məbləğ artırılmalı, SMS-icazə sisteminə dəyişiklik edilməlidir – Ekspert danışır

Baxılıb:191
Nəzərdə tutulan məbləğ artırılmalı, SMS-icazə sisteminə dəyişiklik edilməlidir – Ekspert danışır

“Azərbaycanda ən çox sosial müdafiəyə və qayğıya ehtiyacı olan əlillər və yaşı 65 yaşdan yuxarı olan ahıl vətəndaşların problemləri yenə də diqqətdən kənarda qalır. I və II dərəcə əlillərin, ahıl vətəndaşların xüsusi qayğıya ehtiyac olduğu üçün onlara başqaları qulluq edir. Hazırda I dərəcə əlilliyi olan şəxslərə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara qulluq edən şəxslərə aylıq 50 manat məbləğində prezident təqaüdü verilir. Təbii ki, ayda 50 manat ödənişlə bu ağır işi başqaları üçün heç kəs yerinə yetirməz. Odur ki, bir çox hallarda əlillərə və ahıl vətəndaşlara qulluq edən kənar şəxslər bu xidməti əlavə ödənişlər müqabilində həyata keçirirlər”.

Pravda.az-ın xəbərinə görə, bunu ekspert Qubad İbadoğlu deyib.

Q.İbadoğlu qeyd edib ki, hazırda SMS-icazə sisteminə keçidlə əlaqədar olaraq əllilərə və ahıl vətəndaşlara qulluq edənlərin bir yerdən başqa yerə hərəkət edib, xidmət göstərməsi üçün 3 saat zaman kifayət etmir: “Nazirlər Kabinetinin müvafiq qərarı ilə işçilərinin işə çıxması icazə verilən istiqamətlər arasında əlillərə və ahıl vətəndaşlara qulluq edən şəxslər yoxdur. Belə olan halda onlar öhdələrinə düşən işi 3 saat müddətində görə bilmirlər. Bundan da ən çox əziyyət çəkən COVİD-19 pandemiyası zamanı risk qrupuna daxil olan yaşı 65-dən yuxarı olan ahıl vətəndaşlar və I dərəcəli əlillərdir. Həlli vacib olan problemlərdən biri də çoxmənzilli yaşayış binalarında yaşayan vətən müharibəsi əlilləri ilə bağlıdır. Müharibədən yaralı qayıdan gənclərin bir çoxunun yaşadıqları mənzilə giriş-çıxış imkanları çətinləşib. Hesab edirəm ki, müharibə əlilləri hərəkətə məhdudiyyət yaratmayan uyğun mənzillərlə və nəqliyyat vasitələri ilə təmin olunmalıdır. Ümid edirəm ki, hər iki məsələni Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi diqqətdə saxlayacaq və onların həllinə ən qısa zamanda nail olacaq”.


Abunəlik