Müstəntiqə bıçaqla xəsarət yetirən “parkovşik”lə bağlı QƏRAR

Baxılıb:134
Müstəntiqə bıçaqla xəsarət yetirən “parkovşik”lə bağlı QƏRAR

Sumqayıt Apellyasiya Məhkəməsində xuliqanlıq və qanunsuz silah saxlamada təqsirləndirilən Bəhruz Tofiqovun (şərti) barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

Hakim Elman Rəhimovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, onun şikayəti təmin edilməyib.

Abşeron Rayon Məhkəməsinin hökmü ilə o, 2 il 9 ay müddətinə azadlıqdan məhrum edilib.

İttihama görə, hadisə Abşeron ayon Polis İdarəsinin (RPİ) qarşısında qeydə alınıb.

Belə ki, 1975-ci il təvəllüdlü Bəhruz Tofiqov sərxoş vəziyyətdə RPİ-nin qarşısında həmin İdarənin istintaq şöbəsinin müstəntiqi zərərçəkmiş Məhir Əliyevdən (şərti) ona avtomobilin parklanması üçün pul ödəməsini istəyib. Zərərçəkmiş isə ona pul verməyərək İdarənin inzibati binasına daxil olub. Bu zaman Bəhruz Mahirin RPİ-nin nəzarət buraxılış məntəqəsinin yanında saxladığı “Passat CC” markalı avtomobilinin ön kopotunu qanunsuz olaraq əldə etdiyi bıçaqla vurub zədələyib. Bundan sonra o, xuliqanlıq hərəkətlərini davam etdirərək Abşeron RPİ-nin inzibati binasının üçüncü mərtəbəsində yerləşən 304 nömrəli zərərçəkmiş şəxsin xidməti iş otağına daxil olub, ictimai yerdə otaqda olan digər şəxslərin gözü qarşısında Mahir Əliyevə qarşı nalayiq ifadələr işlədib, otaqda olan stolları, stulları aşırıb və üzərində olan həmin bıçağı çıxarıb, müstəntiqə hücum edib. Bəhruz bıçaq və təpiklə Mahirin qoluna və ayağına qəsdən vuraraq xəsarət yetirib.

Daha sonra Bəhruz Tofiqov digər polis əməkdaşları tərəfindən saxlanılıb, barəsində həbs qətimkan tədbiri seçilib.

Məhkəmə baxış iclasında Bəhruz Tofiqov ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. O, ifadəsində göstərib ki, boş vaxtlarında Abşeron RPİ-nin qarşısında avtomobillərin parklanması (“parkovşik”) ilə məşğul olur. Həmin gün İdarənin kolidorunda zərərçəkmiş Mahir Əliyev ilə sözlə mübahisə edib. Onun üzərində bıçaq olmadığını və heç kimi vurmadığını söyləyib. Ona görə də məhkəmədən ədalətli qərar qəbul olunmasını xahiş edib.


Abunəlik