Müqaviləsiz işləyən və əməkhaqqını ala bilməyən vətəndaşlar nə etməlidir? – AÇIQLAMA
Müqaviləsiz işləyən və əməkhaqqını ala bilməyən vətəndaşlar da rastlaşdıqları problemlə bağlı Əmək Müfəttişliyinə müraciət edə bilərlər.
Aztimes.az xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi Fuad Heydərov “Növbətçi Müfəttiş”də çıxışı zamanı müqaviləsiz çalışan şəxslərin işəgötürən tərəfindən əməkhaqlarının ödənilmədiyinə dair hallar barədə sualı cavablandırarkən deyib.
O bildirib ki, qanunvericiliyin tələbinə görə, əmək müqaviləsi hüquqi qüvvəyə minmədən şəxslərin işə cəlb olunmasına yol verilmir:
“Bu hal yolverilməzdir və bununla bağlı Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində (İXM) müvafiq məsuliyyətlər nəzərdə tutulub. Bu halda fiziki, vəzifəli və hüquqi şəxslər inzibati məsuliyyətə cəlb olunurlar.
İşçinin əməkhaqqı istənilən halda ödənilməlidir və işəgötürən bu məsələyə birbaşa cavabdehdir. Odur ki, əməkhaqqı müqaviləsi hüquqi qüvvəyə minmədən işə cəlb olunmalarına razı olmasınlar. Bu problemlə rastlaşan şəxslər ərizə ilə bizə müraciət edə bilərlər. Araşdırma aparılacaq və qanunvericilikdə müəyyən olunmuş formada, müddətdə müraciətlər cavablandırılacaq”.Oxu.Az