“Müharibə etməyək, vətənimiz işğalda qalsın?!” – tanınmışlardan pasifistlərə sərt cavab…

Baxılıb:244
“Müharibə etməyək, vətənimiz işğalda qalsın?!” – tanınmışlardan pasifistlərə sərt cavab…

Pasifistlər – yəni müharibə əleyhinə çıxanlar hər zaman olub. Onların arasında hətta dünya şöhrətli yazıçıları da, alimləri və intellektualları da görmək olur. Pasifist olmağı kimsə qadağan etmir.

Haradasa onların düşüncələri insanpərvər, sülhsevər görünür. Başadüşüləndir ki, bu mövqedə olan adamlar qan, göz yaşı, ölüm-itim istəmirlər. Xub!

Amma söz Qarabağ savaşına gələndə pasifistlik məsələsi bir qədər fəlsəfəsini itirir. Çünki söhbət Azərbaycanın işğal edilmiş öz ərazilərini azad etməsi uğrunda hərbi əməliyyatlardan gedir. Və ən pisi odur ki, bu cür çağırışlar edənlərin bir çoxu milli maraqları düşünmür, bəzən düşmənə açıq dəstək verirlər.

Əslində, 27 il sülh yolunu, pasifizmi dəstəkləyən elə Azərbaycan dövləti olub. Biz istəməmişik ki, qan tökülsün, itki olsun, istəmişik ki, münaqişə danışıqlar yolu ilə həllini tapsın.

Buna Azərbaycan tərəfi bir igidin ömrü qədər əməl edib. Amma bizə başqa seçim buraxmadılar və bu gün hərb tək alternativdir.

Bununla belə biz yenə də Ermənistana təklif edirik ki, nə qədər gec deyil, nə qədər daha çox itki olmayıbsa, torpaqlarımızdan çıxın, sülh də gəlsin, əmin-amanlıq da…

Ən əsası Azərbaycan əsgəri öz vətəni üçün döyüşür: bizim hərbçilərimiz İraqda, yaxud Əfqanıstanda döyüşmürlər. Di gəl, inkarçı mövqedə dayanan və qəbul etmək istəməyən, düşmənin Gəncə terrorunu dilə gətirməyi özünə mənəvi borc bilməyən bir qrup azərbaycanlı pasifistlər ara vermədən sosial şəbəkədə kampaniya aparırlar.

Onlar erməniləri yox, bizi müharibəni dayandırmağa səsləyirlər. Yəni Qarabağ düşmən tapdağında qalsın, savaş getməsin, status-kvo dəyişməsin və ermənilər illərlə torpaqlarımızda yaşamağa davam etsinlər.

Hərçənd ki, “Sülh platforması”na imza atan azərbaycanlı pasifistlər münaqişənin həlli, qansız-qadasız torpaqlarımızın işğaldan azad edilməsi üçün heç bir təklif, arqument də irəli sürə bilmirlər.

APA Media Holdinqin rəhbəri Vüsalə Mahirqızı bu mövzuya toxunaraq yazıb ki, onlara “liberalizm” və “pasifizm” kimi “dəyərin” təbliğinə qrant ayıranlar ictimai rəydə təsirsiz olduqlarını görəndə etməyəcəklər, pulsuz qalacaqlar.

Onun fikrincə, həmin şəxslərin yazdıqlarına reaksiyalar olmasa, telekanallara və başqa platformalara çıxarılmayacaqlar, “həyatlarına təhlükə” şüvəni ilə mühacirətə köçə bilməyəcəklər.

V.Mahirqızı təklif edir ki, onlara əhəmiyyət verməyək, boykot edək, çünki bir toplumun içində 3-5 nəfər təhlükə ola bilməz.

“Demokratiya – Gediləsi uzun yol” kitabının müəllifi, siyasi analitik Hikmət Hacızadə “Yeni Müsavat”a bildirdi ki, tamamilə pasifistlərin əleyhinədir. Onun fikrincə, pasifistlər qeyri-real təfəkkürə malikdirlər.

“Düşmən 30 ildir ki, torpağımızı zəbt edib, vermir, nə edək? Heç kim də kömək etmir. Necə edək? Pasifistlər özləri fikirləşsin ki, 30 il evləri zəbt olunub, polisə zəng edirlər gəlmir, danışığa çağırırlar söhbət alınmır, kimdən kömək istəyirsə, nəticəsi yoxdur, onda ev sahibi nə etməlidir? Ona görə mən bunu real hesab eləmirəm”, – deyə politoloq fikrini tamamladı.

Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu hesab edir ki, pasifizm boğazdan yuxarı təslimçilik kimi başa düşülməməlidir.

Onun sözlərinə görə, pasifizm bir həyat tərzidir: “Onda gərək heyvan əti yeməyəsən, canlılara dəyməyəsən. Bu gün işğalın aradan qaldırılmasının pasifizmlə əlaqəsi yoxdur”.

Avropada yaşayan yazıçı Ələkbər Əliyevin qəzetimizə dediyinə görə, böyük, ya da böyük olmağa iddialı xalqın müharibə günlərində belə, tərəfləri sülhə çağıran pasifistləri olur, olmalıdır.

“Bu, müharibə teatrında, qanlı tabloda vacib epizodlardan, ştrixlərdən biridir. Pasifistlərdən qorxmaq lazım deyil, döyüşlərin getdiyi günlərdə onların onsuz da səsi eşidilmir. Məsələni ”şəhidlərin ruhuna hörmətsizlik” səviyyəsinə qaldırmaq da çox gərəksiz şişirtmədir”, – deyə Ə.Əliyev qeyd etdi.

Onun fikrincə, intellektli, normal düşüncəli pasifistlər sülhdən sonra bizə lazım olacaqlar: “Bu səfər sülh quruculuğunda onlar ön cəbhədə olacaqlar. Əsl həngamə sülh sazişindən sonra başlayacaq, bunu da nəzərə çatdırım.

Prosesə heç bir təsiri olmayan sosial şəbəkə “hadisələrinin” bütün ölkə müstəvisinə çıxarılmasını da gərəksiz sayıram”.

Solçu gənc Tural Həmid isə yazıb ki, bu əməliyyatların 2016-cı ilin aprel və son iyul döyüşlərində olduğu kimi kiçik çaplı münaqişə olacağını gözləyirmiş: “Etiraf edim ki, yanıldım. İndiyə qədər bütün atışmalarda pasifist olmuşam, səbəbi aydındır.

Bütün lokal atışmaların boş yerə əsgər ölümünə səbəb olduğuna inanırdım. Bu fikrimdə hansısa bir dəyişiklik yoxdur. Ancaq indi aparılan hərbi əməliyyatlar o lokal atışmalardan deyil.

Burada qeyri-adi heç nə yoxdur. Pasifist o vaxt pasifist olur ki, müharibədə insan ölümünün faydasız olduğuna inanır. İndi amma heç kəs həyatını boş yerə itirmir. Biz haqlı müharibəmizi aparırıq”.

T.Həmidin sözlərinə görə, Kəlbəcərdə, Laçında, Füzulidə, Cəbrayılda və digər rayonlarımızda yaşayan insanların vaxtilə yaşadıqları ərazidə yaşamaq istəməsi onların təbii haqqıdır:

“Əgər mütləq pasifizm insanları bu amaldan uzaqlaşdırırsa, o zaman bu, pasifizm deyil, intihardır.

Pasifizm əgər əsgər ölməməsinə hesablanıbsa, o zaman nəzərə alınmalıdır ki, problem həll edilmədiyi üçün hər atəşkəs pozulan zaman bizim əsgər öləcək. 1994-cü ildən bu günə qədər qeyri-döyüş şəraitində 3000-ə qədər mülki şəxs və əsgər itirmişik.

Gələcəkdə də atəşkəs zamanı əsgər və mülki şəxslərin ölümünün yaşanmaması üçün mütləq şəkildə bu problemi həll etməliyik. Bu problemi gələcək nəsillərə qoymamalıyıq”.

Qeyd edək ki, pasifizm hətta özünə zərər vermək bahasına da olsa, zorakı müqavimət göstərməmək dərəcəsində müharibə və zorakılıq əleyhdarıdır.

“Pasifizm” sözü fransız sülh kampaniyaçı Emil Arno tərəfindən düşünülüb və 1901-ci ildə Qlazqoda onuncu Beynəlxalq Sülh Konqresində başqa aktivistlər tərəfindən qəbul edilib.

Köhnə konsepsiya Buddanın və İsanın öyrənilməsindən ibarətdir. Müasir dövrdə o, Mahatma Qandi tərəfindən təkmilləşdirilib.
“Yeni Müsavat”


Abunəlik