Mövsümi xarakter daşıyan qrip virusundan necə qoruna bilərik? – Nazirlik rəsmisi AÇIQLADI

Baxılıb:41
Mövsümi xarakter daşıyan qrip virusundan necə qoruna bilərik? – Nazirlik rəsmisi AÇIQLADI

“Bütün respirator viruslarda olduğu kimi, mövsümi xarakter daşıyan qrip virusu zamanı da virusdan qorunma yolları dəyişməz olaraq qalır”.

Bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi “Instagram” hesabında canlı yayımda nazirliyin mütəxəssis-eksperti, terapevt Zakir Quliyev açıqlayıb.

Onun sözlərinə görə, ilk növbədə, insanların sıx olduğu qapalı məkanlarda və ictimai nəqliyyatda tibbi maskalardan düzgün istifadə, otaqları tez-tez havalandırmaq, əl və tənəffüs gigiyenası qaydalarına əməl etmək vacibdir:

“Xəstəliklərlə mübarizə aparmaq üçün güclü immun sistem vacibdir. Güclü immun sistemə gedən yol sağlam qidalanmadan, aktiv həyat tərzindən, stresin düzgün idarə olunmasından və keyfiyyətli yuxudan keçir”.

Mütəxəssis-ekspert bildirib ki, bir çox infeksion xəstəlikdə olduğu kimi, qripdən qorunmağın ən effektiv yolu qrip əleyhinə vurulan peyvəndlərdir:

“Qrip virusu daha tez mutasiyaya məruz qaldığı üçün Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) hər il ən sonuncu qrip ştamına uyğun vaksin istehsal edir. Ona görə də, ildə bir dəfə peyvəndlərin vurulması məsləhətdir. Bildiyimiz kimi, Səhiyyə Nazirliyi tərəfindən ölkəmizə də qrip əleyhinə vaksin gətirilib. Bu vaksinlər dünya protokollarında qəbul edilmiş və təhlükəsizliyi, effektivliyi sübuta yetirilən vaksinlərdir. Respirator xəstəliklərə görə yüksək risk qrupuna aid olan səhiyyə işçilərinin, hamilə qadınların və xroniki tənəffüs sistemi xəstəlikləri olan 6 aylıqdan yuxarı əhalinin qış mövsümündə qripə qarşı peyvənd olunması xüsusilə vacibdir. Vətəndaşlarımız rahat şəkildə öz poliklinikalarına gedib bu vaksini vurdura bilərlər”.


Abunəlik