Moskvanın jesti, yoxsa Bülbüloğlunun nüfuzu? – Kreml gediş etdi və…
Moskvada ermənilərlə iğtişaşlara görə saxlanılan azərbaycanlılar azadlığa buraxılıb.
Bu barədə Azərbaycanın Rusiyadakı səfirliyindən məlumat verilib. “Yeni Müsavat” yada salır ki, 2020-ci il iyulun 12-13-də Ermənistan silahlı birləşmələri Azərbaycanın Tovuz rayonu istiqamətində hücuma keçib. Düşmən tutarlı cavablarla yerinə otuzdurulub. Düşmənin aqressiv hərəkətləri təmas xəttindən çox uzaqlarda da qeydə alınıb. İyulun 23-24-ü Rusiya paytaxtı Moskva ermənilərlə münaqişənin mərkəzinə çevrilib. Həmyerlilərimizlə toqquşmalar zamanı xəsarət alanlar da olub. Toqquşmalar Rusiyanın digər böyük şəhərlərində də olub.
Baş verənlərlə əlaqədar 11 həmyerlimiz, 5 erməni həbsə alınıb. Moskva məhkəmələri 11 həmyerlimiz barədə 2 aylıq həbs qərarı çıxarmışdı. Ermənilərdən isə 5 nəfər eyni müddətə həbsə alınıb. Tutulanlara Rusiya Cinayət Məcəlləsinin 213-cü maddəsinin 2-ci hissəsi (qrup tərkibində xuliqanlıq) üzrə ittiham elan edilmişdi.
Səfirliyin məlumatında isə deyilir ki, sentyabrın 15-də Rusiyanın müvafiq təşkilatlarından razılıq alınandan sonra səfirliyin konsulu, müşavir Toğrul Sadıqov və konsulluğun üçüncü katibi Müsənnif Dadaşov Rusiya Federasiyasının Cəzaların İcrası Federal Xidmətinin Moskva şəhəri üzrə idarəsinin 2 nömrəli İstintaq Təcridxanasında saxlanılan Azərbaycan Respublikasının vətəndaşı Məmmədov Elçin İsgəndər oğlu, 16 sentyabr tarixində isə Rusiya Federasiyasının Cəzaların İcrası Federal Xidmətinin Moskva şəhəri üzrə idarəsinin 1 nömrəli İstintaq Təcridxanasında olan Azərbaycan Respublikasının vətəndaşı Ələkbərov Elvin Alxas oğlu və Rusiya Federasiyasının vətəndaşları Qiyasov Ceyhun Nadir oğlu, İsmayılov Taleh Mustafa oğlu və Qafarov Ələkbər Asəf oğlu ilə konsulluq görüş keçirib.
Səfirliyin əməkdaşları tərəfindən onlara məlumat verilib ki, həmvətənlərimizin məsələsi diqqət mərkəzindədir, lazımlı hüquqi yardım göstəriləcək və hazırda bu istiqamətdə müvafiq işlər davam etdirilir.
Həmçinin sentyabrın 16-da konsulluğun birinci katibi Rövşən Axundov azərbaycanlıların Moskva şəhərinin Troitsk Rayon Məhkəməsinin binasında keçirilmiş məhkəmə iclaslarında iştirak edib.
Məhkəmə prosesləri zamanı iddiaçı tərəf ibtidai istintaqın uzadıldığına istinad edərək həbs-qətimkan tədbirinin uzadılması barədə vəsatət qaldırıb. Federal hakimlər Rojkov Anatoli Vladimiroviç və Zaycev Roman Yevgeniyeviçin sədrliyi ilə keçirilən məhkəmə proseslərində Rusiya Federasiyası Cinayət Məcəlləsinin 213-cü maddəsinin 2-ci hissəsinə (xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil qrup tərəfindən cəmiyyətə açıqca hörmətsizlik ifadə edən və ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən və ya ictimai qaydanın pozulmasının qarşısını alan hakimiyyət nümayəndəsinə və ya digər şəxsə müqavimət göstərmək) əsasən təqsirləndirilən şəxslərin həbs-qətimkan tədbirinin uzadılması ilə bağlı istintaq orqanının vəsatəti rədd edilib və onlar məhkəmə zalından buraxılıblar. Lakin ibtidai istintaq davam etdiyi üçün təqsirləndirilən şəxslərdən Moskva şəhərini tərk etməmək haqqında yazılı iltizam götürülüb.
Hakim Anatoli Vladimiroviç Rojkov məhkəmə prosesi zamanı təqsirləndirilən şəxslərə müraciət edərək diqqətə çatdırıb ki, Moskvadakı iğtişaşların Dağlıq Qarabağ münaqişəsi ilə əlaqəli olduğunu anlayır, lakin bununla belə, Moskva şəhərində, ümumilikdə, Rusiya Federasiyasının ərazisində ictimai qaydanın pozulmasına səbəb olacaq hərəkətlər yolverilməzdir.
Qeyd edək ki, ayın əvvəlində həbs edilənlərin vəkillərindən biri Ələkbər Qarayev “Yeni Müsavat”a deyib ki, ermənilərdən də 5 nəfər həbsdədir, amma axtarışda olanları çoxdur: “Qaçanların neçə nəfər olduğunu bilmirik, bu, əməliyyat sirridir, amma haradasa təxminən 15-20 nəfər erməni axtarışdadır”.
Azərbaycanlıların indilikdə iltizam alınaraq həbsdən buraxılması sevindiricidir. Bu işdə əlbəttə ki, Rusiyadakı Azərbaycan səfirliyinin rolu danılmazdır və yayılan məlumatda da bu aşkar görünməkdədir. Məlumatda diqqətçəkən məqam həm də budur ki, istintaq orqanı azərbaycanlıların həbsdə qalmasına çalışıb və yalnız hakimlərin qərarı ilə Moskvanı tərk etməmək şərtilə azadlığa buraxılıblar.
Daha bir diqqət yetiriləcək məqam isə baş verənlərin Rusiya-Azərbaycan münasibətlərinin “sərin” vaxtına təsadüf etməsidir. Sirr deyil ki, uzun müddətdir Rusiyadakı səfirliyimizə rəhbərlik edən Polad Bülbüloğlu bu ölkədə hörmət edilən şəxsdir. Məsələnin indiki mərhələdəki həlli-tutulanların şərtli azad edilməsi belə, iki ölkə arasında münasibətlərə bir istilik gətirə bilər. Baxmayaraq ki, bu məsələ iki dövlət arasında o qədər də əhəmiyyətli görünməyə bilər. Amma bunu Moskvanın bir jesti kimi dəyərləndirmək siyasi və diplomatik anlamda daha doğrudur…
“Yeni Müsavat”