MİDA-nın GÜZƏŞTLİ MƏNZİLLƏRİ HANSISA YOLLARLA ƏLDƏ EDİLİB BAHA QİYMƏTƏ SATILIR- Ölkə prezidentinə MÜRACİƏT

Baxılıb:375
MİDA-nın GÜZƏŞTLİ MƏNZİLLƏRİ HANSISA YOLLARLA ƏLDƏ EDİLİB BAHA QİYMƏTƏ SATILIR-  Ölkə prezidentinə MÜRACİƏT

Cənab Prezident,

Dövlətimiz tərəfindən sosial layihələrin uğurlu icrasının təmin edilməsi üçün zəruri addımlar atılır. Azərbaycan hökumətinin sosial siyasətinin bəyan edilmiş məqsədlərindən biri də vətəndaşların mənzil-məişət şəraitinin yaxşılaşdırılması, az təminatlı ailələrin, xüsusilə də gənclərin mənzil probleminin həll edilməsidir. Buna görə də sosial mənzillərin tikintisinə böyük ehtiyac var idi.


Azərbaycan Respublikası vətəndaşlarının, xüsusilə də evsiz, az təminatlı gənc ailələrin yaşayış sahələrinə olan ehtiyacının ödənilməsi, onların mənzil-məişət şəraitinin yaxşılaşdırılması, ucuz qiymətə çoxmənzilli binaların tikilməsi üçün Sizin 11 aprel 2016-cı il tarixli 858 nömrəli Fərmanınızla Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) yaradıldı. Agentliyin yaradılması vətəndaşlarımızın sosial məsələlərinin həllinə Ölkə başçısının yüksək diqqət və qayğı ilə yanaşmasının növbəti təzahürü idi.


Güzəştli mənzillərdən ölkənin gənc alimlərinin, elmi işçilərinin də yararlana biləcəyini öyrənəndə kirayədə yaşayan bir gənc kimi mən də sevindim. Çünki az maaşla kirayədə yaşamaq və ailə saxlamaq çətin idi. Amma MİDA-nın keçirdiyi elə ilk satışdan prosesin qeyri-şəffaf olduğu məlum oldu və dəfələrlə satışlarda iştirak etsəm də mənzil almaq cəhdim hər dəfə uğursuzluqla nəticələndi. MİDA-nın məsul şəxsləri güzəştli mənzil sisteminin təhlükəsizliyini elə hazırlamalı idi ki, sünii sistemlər, robotlar, botlar ora müdaxilə edə bilməsin. Minlərlə gənc satış zamanı “təhlükəsizliklə bağlı boşluqlar”, “xüsusi proqram təminatından” istifadə edilməsi, xakerlərin müdaxiləsi səbəbindən mənzil əldə edə bilmədi, həqiqətən mənzilə daha çox ehtiyacı olanlar kənarda qaldı. Əgər MİDA təhlükəsizliyi tam təmin etsəydi, satış zamanı sistemə edilən kənar müdaxilələr avtomatik bloklana bilərdi.
MİDA-nın İdarə Heyətinin sədrinə ünvanladığım məktublarda satış zamanı baş verən qüsurlarla bağlı sadaladığım ittihamların heç biri qəbul edilməyib. Seçimlərlə bağlı bu qədər şikayətin olmasına baxmayaraq MİDA bütün satışlardan sonra mətbuata şəffaf, keyfiyyətli və təhlükəsiz satış keçirildiyini açıqlayıb. Bir müddət əvvəl satışa müdaxilə edən şəxslərin bəziləri aşkarlanması ilə bağlı mətbuatda məlumatlar yayıldı. Hal-hazırda MİDA tərəfindən satılan mənzillərin xeyli hissəsinin kirayəyə verilməsi və yüksək məbləğə satılmasıyla bağlı alqı-satqı portallarında xeyli elanlar var. Güzəştli mənzillərin kirayəyə verilməsi və satılması qanunsuzdur. Bu fakt sübut edir ki, həmin mənzillər ehtiyacı olmayanlar tərəfindən hansısa yollarla əldə edilib.

Cənab Prezident,

MİDA keçirdiyi güzəştli mənzil satışının həyata keçirilmə şəklinə görə hər zaman çox ciddi tənqid olunur. Əhalinin aztəminatlı təbəqəsinin güzəştli şərtlərlə tikilən sosial mənzillərə ehtiyacı var. Düşünürəm ki, baş verən bu qədər anormallıq və qanunsuzluqlardan sonra güzəştli onlayn mənzil satış sistemindən imtina edilməli, daha təhlükəsiz və ədalətli satış metodundan istifadə edilməlidir. Agentlik birbaşa Azərbaycan Respublikasının Prezidentinə, Sizə tabedir. Ona görə də Sizdən xahiş edirəm ki, Agentliyin fəaliyyətinin yoxlanılmasına və güzəştli mənzillərinin satışının ədalətli və şəffaf keçirilməsinə kömək edəsiniz.

Filologiya üzrə fəlsəfə doktoru, şəhid qardaşı Əpoş İslam oğlu Vəliyev

AzTimes.az


Abunəlik