Maşınınızı tullantı kimi satsaz, nə qədər qazanacaqsız?

Baxılıb:109
Maşınınızı tullantı kimi satsaz, nə qədər qazanacaqsız?

Hələ ölkə Prezidentinin 2018-ci il 27 dekabr tarixli Sərəncamı ilə təsdiqlənən “Azərbaycan Respublikasında yol hərəkəti təhlükəsizliyinə dair 2019-2023-cü illər üçün Dövlət Proqramı”nda yol hərəkətinin təhlükəsizlik səviyyəsini yüksəltmək, ekoloji vəziyyəti yaxşılaşdırmaq, eləcə də yerli avtomobil istehsalını stimullaşdırmaq məqsədilə köhnəlmiş, texniki-təhlükəsizlik baxımından və ekoloji cəhətdən yararsız nəqliyyat vasitələrinin dövriyyədən çıxarılmasını təmin etmək üçün nəqliyyat vasitələrinin utilizasiya proqramının hazırlanması və tətbiqi nəzərdə tutulub. Ötən müddət bu işlərin hansı mexanizmlər əsasında aparılacağı ilə bağlı müxtəlif fikirlər səsləndirilirdi. Bunlardan biri yararsız avtomobillərin dövlət vəsaiti hesabına utilizasiyası idi.

Artıq avtomobillərin utilizasiyası ilə bağlı tədbirlərin nədən ibarət olacağı məlumdur. Bununla bağlı “İstehsalat və məişət tullantıları haqqında”, “Yol hərəkəti haqqında”, “Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında” qanunlarda, İnzibati Xətalar və Gömrük məcəllələrində dəyişiklik edilməsi nəzərdə tutulur. Müvafiq qanun layihələri Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya, İqtisadi siyasət, sənaye və sahibkarlıq komitələrinin birgə iclaslarında müzakirə edilib və plenar iclasa tövsiyə edilib.

Maraqlıdır, dəyişiklər nədən ibarədir və hansı nəticələrə gətirib çıxara bilər?

“İstehsalat və məişət tullantıları haqqında” hazırda qüvvədə olan qanuna görə, utilizasiyası tullantılardan lazımi materialların ayrılaraq təkrar istifadə üçün yararlı hala salınmasıdır. Bu qanuna təklif edilən dəyişikliyə görə, avtomobilini utilizasiyaya verən şəxsə bu barədə təsdiqedici sənəd verəcək və onun əsasında 3 il ərzində yalnız ölkədə istehsal edilmiş yeni avtomobili güzəştli qiymətə almaq mümkün olacaq.

Nəqliyyat vasitələri utilizasiyaya verilməzdən əvvəl dövlət qeydiyyatı üzrə daimi uçotdan çıxarılmalıdır. Nəqliyyat vasitələri utilizasiyaya verildikdə ərizə, onun haqqında sərəncam vermə hüququnu təsdiq edən etibarnamə, dövlət qeydiyyatı üzrə daimi uçotdan çıxarılması barədə aidiyyəti dövlət qeydiyyat orqanının yazılı məlumatı və digər sənədlər tələb olunacaq. Utilizatorlar tərəfindən nəqliyyat vasitələrinin utilizasiyaya qəbulu növbəlilik qaydasında və ödənişsiz həyata keçiriləcək.

Utilizasiyaya verilmiş nəqliyyat vasitələri ilə bağlı utilizatorlar tərəfindən özündə güzəştin məbləğini və birdəfəlik ödənişin həcmini əks etdirən təsdiqedici sənəd veriləcək. Güzəştin məbləği müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan tərəfindən müəyyən ediləcək.

Dəyişikliyə görə, yeni istehsal olunmuş yerli nəqliyyat vasitələrinin satıcıları 3 iş günü müddətində alqı-satqını rəsmiləşdirən sənədlərin və təsdiqedici sənədlərin surətlərini, habelə onların tətbiq edildiyi nəqliyyat vasitələri barədə məlumatları (ban, şassi, mühərrik nömrəsi) qanunvericiliklə müəyyən olunmuş operatora göndərəcəklər. Operator sənədlər təqdim edildiyi gündən 30 iş günü müddətində müvafiq güzəşt məbləğinin nəqliyyat vasitələrinin utilizasiyası fondundan nəqliyyat vasitələrinin satıcılarının hesabına köçürülməsini təmin edəcək.

Avtomobilini utilizasiyaya verib təsdiqedici sənəd alan şəxs güzəştli şərtlə yeni avtomobil almaya da bilər. Bu zaman ona avtomobilinə görə müəyyən edilmiş güzəştin əvəzinə güzəşt məbləğindən az olmaqla birdəfəlik ödəniş verilə bilər. Azərbaycanda utilizasiyaya verilən nəqliyyat vasitələri üzrə birdəfəlik ödəniş məbləğləri nəqliyat vasitələrinin kateqoriyası üzrə dəyişəcək. Milli Məclisin komitələrinin birgə iclasında “Təmiz Şəhər” ASC-nin Hüquq şöbəsinin müdir müavini Mirzə Laçınov bildirib ki, məbləğlər kənd təsərrüfatı texnikaları üçün ən azı 200 manatdan, ümumi minik avtomobilləri üçün 1 500 manatdan, digər həcmi böyük yük avtomobilləri və digərləri üçün isə maksimum 3 min manatdan nəzərdə tutulur. Onun sözlərinə görə, daha çox nəqliyyat parkının yenilənməsinə üstünlük verildiyindən, birdəfəlik ödəniş məbləği endirim məbləğindən aşağı olmalıdır. Birdəfəlik ödəniş məbləği güzəşt məbləğinin 50 faizi həddində planlaşdırılır.

Avtomobillərin utilizasiyası müqabilində güzəşt və birdəfəlik ödənişin nəqliyyat vasitələrinin utilizasiyası fondunun hesabına həyata keçiriləcəyi nəzərdə tutulub. Bu məqsədlə ölkə ərazisinə gətirilən və istehsal-buraxılış vaxtından 4 il keçən minik avtomobillərinin gömrük rəsmiləşdirilməsi, həmçinin nəqliyyat vasitələrinin dövlət texniki baxışından keçirilməsi zamanı bu fonda utilizasiya haqqı ödəniləcək. Fondun maliyyələşdirilməsində digər mənbələr də yer alıb.

Texniki baxış zamanı utilizasiya haqqının məbləği açıqlanmasa da, ölkəyə gətiriləcək avtomobillər üzrə bu məbləğin 4 ildən 7 ilə qədər istehsal müddəti olanlar üçün 400 manat, 7 ildən yuxarı üçün isə 700 manat nəzərdə tutulur. Lakin M.Laçınov bu rəqəmlərin hələlik dəqiq olmadığını, bu istiqamətdə müzakirələrin davam etdirildiyini və dəyişməsinin mümkünlüyünü vurğulayıb.

Qəbul ediləcəyi halda, dəyişikliklər 2024-cü il sentyabrın 1-dən qüvvəyə minəcək. Lakin dəyişikliklər özü ilə bir xeyli suallar yaratmaqdadır.

Bunlardan başlıcası ölkədə utilizasiyaya gedəcək avtomobilləri əvəz edəcək sayda istehsalın olub-olmayacağıdır. Ümumilikdə, Azərbaycanda 1 milyon 700 mindən çox nəqliyyat vasitəsinin olduğu, bunun da 60 faizinin və ya 1 milyon 20 minin “yaşı”nın 20 ildən çox olduğu bildirilir. Bunun da əksər hissəsini minik avtomobilləri təşkil edir. Ölkədə avtomobil istehsalı isə bu göstəricidən xeyli azdır. Rəsmi statistikaya görə, təkcə ötən il ərzində ölkədə cəmi 2049 ədəd minik avtomobili istehsal edilib.

Digər tərəfdən könüllü olacaq utilizasiya müqabilində güzəşt və ya birdəfəlik ödənişin məbləğinin köhnə avtomobil sahiblərinin buna dərəcədə təşviq edəcəyi də məlum deyil. Son illərdə gömrük rüsumu və vergilərin artması ilə yanaşı, aprel ayından başlayaraq “yaş”ı 10 ildən çox olan avtomobillərin ölkəyə idxalının məhdudlaşdırılmasının daxili bazarda bahalaşmanı qaçılmaz etməsi vətəndaşı köhnə avtomobilindən “bərk yapışmağa” sövq edir. Belə vəziyyətdə vətəndaşın böyük olmayan güzəştin müqabilində yeni avtomobil alması və ya az məbləğdə birdəfəlik ödənişə görə mövcud avtomobilindən imtina etməsi real görünmür.

M. Laçınov bildirib ki, utilizasiyaya təqdim olunan avtomobil o dərəcədə istismara yararsız olmalıdır ki, vətəndaşın onu satmaq və ya digər yollarla əldən çıxarmaq imkanı olmasın. Utilizasiyaya təqdim olunacaq bütün nəqliyyat vasitələri tullantı olduğuna görə, qiymətləndirmə zamanı avtomobilin markasının heç bir əhəmiyyəti olmayacaq. Bu fikir özü-özlüyündə onu deməyə əsas verir ki, utilizasiya o avtomobillər üçün nəzərdə tutulub ki, onun istismarı mümkün deyil.

Təbii ki, belə avtomobillər üçün böyük məbləğdə güzəşt və ya birdəfəlik ödəniş gözləmək də əbəsdir. Bu halda avtomobilini utilizasiyaya verəcək şəxs ya güzəştlə yanaşı, xeyli məbləğ ödəyib yeni avtomobil almağa hazır olmalıdır, ya da ki, az məbləğdə birdəfəlik ödənişlə qane olmalıdır.

Bundan əlavə, avtomobil idxalı zamanı gömrük rüsumu, aksiz vergisi, əlavə dəyər vergisi və digər ödənişlərlə yanaşı, utilizasiya haqqının da ödənməsi ölkəyə gətirilən avtomobillərin qiymətinin daha da artmasını şərtləndirəcək.

Nəqliyyat üzrə ekspert Eldəniz Cəfərov deyir ki, utilizasiya proqramının həyata keçirilməsində məqsəd həm də əhalinin sosial-iqtisadi vəziyyətinin yaxşılaşdırılması olmalıdır.

Ekspert bildirib ki, proqram mərhələlərlə həyata keçirilməklə effektiv olmalı və yarımçıq qalmamalıdır. Beynəlxalq təcrübədən bəhs edən ekspert qeyd edib ki, hər ölkə utilizasiya proqramını icra edə bilmir, yalnız dayanıqlı iqtisadiyyata malik olanlar bunu həyata keçirə bilir:

“Dünyanın müxtəlif ölkələrində avtomobillərin utilizasiyası fərqli qaydada həyata keçirilir. Elə ölkələr var ki, bu proqrama getmirlər. Digər yollarla avtomobil parkının yenilənməsini aparırlar. Rusiyada, Almaniyada, ABŞ-də fərqlidir. Elə ölkələr var ki, utilizasiya rüsumu avtomobilin ölkəyə idxalı zamanı orada yerindəcə tutulur. Elə ölkələr də var ki, utilizasiya rüsumu avtomobil artıq bu prosesə gedən müddətdə alınır. Ölkələr də var ki, utilizasiya rüsumu, ümumiyyətlə, tutulmur. Utilizasiya proqramı əbədi olmur, müvəqqəti xarakter daşıyır”.

E. Cəfərovun sözlərinə görə, bəzi ölkələrdə avtomobil utilizasiyaya gedən müddətdə qiymətləndirilir. Onun qiyməti məbləğində vauçer verilir. Vətəndaş pul əvəzi olan vauçerin üzərinə vəsait əlavə etməklə, həmçinin avtomobil dilerlərinin də güzəşti ilə yeni avtomobil ala bilir.

Ökəmizə gəldikdə, ekspert xatırladır ki, Azərbaycan iri avtomobil sənayesi ölkəsi deyil:

“Ölkəmizdə ildə cəmi iki minə qədər minik avtomobil yığılır. Düşünürəm ki, ona görə bu proqramı indiki vəziyyətdə həyata keçirmək bir qədər tez ola bilər. Əgər vətəndaşın avtomobilini utilizasiyaya göndəririksə, ona alternativ verməliyik. Amma alternativ hələ ki, bizdə yoxdur”.

E. Cəfərov bu qənaətdədir ki, alternativləri yaratmaq üçün dövlət artıq bir neçə iri avtomobil istehsalçıları ilə müəyyən görüşlər təşkil edir. Son görüş Özbəkistanın iri avtomobil konserni ilə olub. Belə qərara alınıb ki, Özbəkistanda istehsal olunan avtomobillərin ehtiyat hissəsləri ölkəmizdə istehsal olunsun. Sonrakı mərhələdə, görünür, artıq ölkəmizdə bu avtomobillər də istehsal oluna biləcək. İl ərzində Azərbaycanda heç olmasa, 20 min avtomobil istehsal olunsa, düşünürəm ki, o zaman biz deyə bilərik ki, bəli, artıq vətəndaşı yeni avtomobillərlə təmin edə bilirik”.

Ekspert, həmçinin utilizasiyaya gedən avtomobillərin qiymətləndirilməsi zamanı bazar qiymətlərinin nəzərə alınmasının vacibliyini vurğulayıb.


Abunəlik