Marketlərin qiymət tələsi – Vitrin və kassada qiymət fərqinə niyə nəzarət olunmur?
Bu ilin I yarısında Azərbaycandakı mağazalarda məhsulların vitrin və kassa qiymətlərindəki fərqlərə görə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə xeyli sayda müraciət daxil olub.
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bildirib ki, bununla bağlı istehlakçılardan çoxlu şikayətlər alırıq.
“Birmənalı şəkildə bu, süni qiymət artımı və istehlakçıların aldadılmasıdır. Belə hallar ölkəmizdə çox geniş yayılıb. Bu “yanlışlıqlar”ın hamısı bilərəkdən edilir. Vitrindəki qiymətin kassadakı qiymətdən baha olması ilə bağlı hallara rast gəlinnməyib. Məsələn, vitrində məhsulun qiyməti 4 manat 50 qəpikdirsə, kassada 4 manat 80 qəpik göstərilir. Bu, doğrudan da yanlışlıqdırsa, qoy bir dəfə də vətəndaşın xeyrinə olsun, niyə olmur?!”.
Ekspert qeyd edib ki, istehlakçı belə halla qarşılaşdıqda vitrindəki qiyməti və kassa çekində olan qiymətin şəkilini çəksin.
“Sonra isə istehlakçı özünün iştirakı ilə mütləq şəkildə qiymətin dəyişdirilməsinə təşəbbüs göstərməlidir. Əgər alıcının iradına əməl olunmazsa, o, İqtisadiyyat Nazirliyinin qaynar xəttinə müraciət edə bilər. Ən böyük aldadılma faktları kartlarla ödənilmə zamanı daha çox baş verir. Kartla ödəniş zamanı telefonunuza gələn mesajı dükandan çıxmadan yoxlayın. Bəzən elə olur ki, alınmayan malların çekə vurulması halları da baş verir. Birliyimizin hesablamalarına görə, ölkəmizdə istehlakçıların almadıqları mala görə ödədiyi pulun həcmi 500 milyon manatdır”, – deyə o qeyd edib.