Mahnı dağlarda qaldı-LAÇINSIZ 27 il
18 may 1992-ci il. Son ümidimizi, son dayaq nöqtəmizi. Son vicdan sızıltımızı da belə itirdik. İnsan biabırçılığın pik nöqtəsini yaşadıqdan sonra bütün rüsvayçılıqlar adiləşir. Bizim üçün Laçının itkisi o dediyim rüsvayçılığın kuliminasiyası idi. Qarabağ müharibəsində ən mühim strateji obyekt olan Laçın tulduqdan sonra Fizulinin , Ağdamın Zəngilanın və başqalarının itirilməsi adiləşdi bizlər üçün. Qutu-qutu,beton-beton, şüşə-şüşə şəhərlərə sığındıq. Ruhumuz, vicdanımız, qeyrətimiz də çərçivələndi, hasarlandı. ” Şəhər uşaqları” olduq. Əli belə, külüngə, silaha öyrəşmiş dağ havasında böyümüş dağ igidlərindən, incə-mincə saqqalları səliqəli, qaşları alınmış oğlancıqlara döndük. Arxamıza baxmadan qaçarkən həya niqabımızı külək apardı bizim. Qeyrətimizi Çingizin ” Qayıdın da , qayıdın geri. Nolub sizə? Hamınız qorxaqsınız!!!” fəryadı boğdu. Namusumuz əsirlikdə başına min oyun açılan qız- gəlinlərimizin cansız cəsədləri ilə quyulandı qara torpağa. Laçın artıq keçmişdə gördüyümüz bir yuxudur bizim üçün. Laçını itirdik. Bakıda əldə ediləcək taxtı-tac uğruna peşkəş etdik Laçını.( 1992-May çevrilişi)
15 may 1992-ci ildən boşaldılmağa başladı şəhər. O zamanlar heç kəsin bəyənmədiyi, qeyri- peşəkar adlandırdığı reportyor Çingiz Mustafayevin qiymətli kadrlarından da görüldüyü kimi şəhər bir güllə belə israf edilmədən boşaldıldı. Qaçdıq. Hara qaçdıq? Niyə qaçdıq özümüz də bilmirik. O dövrün “ağsaqqalları” ” Qaz gələn yerdən toyuq əsirgəməzlr ” misalına uyub hakimiyyətə gəlmək üçün qoşunu geri çağırdı. Laçın toyuq deyildi axı. Laçın yüksəklik idi. Bizim müharibədəki taleyimizi həll edəcək ən mühim yüksəklik…
Yoxdu artıq Laçın . Laçın yalnız köçkünlərin “Küləklər şəhəri”ində tikilən mənzil davalarında qalıb. Bir də Akifin, Gülağanın nimdaş, xışıltılı, effekti itmiş videolentə köçürülmüş yanğılı ifalarında….. “Ay Laçın, can Laçın.Mən sənə qurban Laçın….”
Pərvin Abışova/AzTimes.az/