Məşhur brend mağazalardan biri olan “Lady Sharm” bağlandı-DİN-in rəsmi məlumatı

Baxılıb:360
Məşhur brend mağazalardan biri olan “Lady Sharm” bağlandı-DİN-in rəsmi məlumatı

Aztimes.az xəbər verir ki,Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən iqtisadi cinayətkarlıqla mübarizə, milyonlarla pul vəsaitinin büdcədən gizlədilməsi və bu qanunazidd əməllərlə məşğul olan cinayətkar şəbəkənin aşkar edilməsi istiqamətində növbəti xüsusi əməliyyat tədbiri həyata keçirilib.

Daxili İşlər Nazirliyindən (DİN) verilən məlumata görə, Baş İdarəyə daxil olan çoxsaylı şikayətlər əsasında paytaxt və bölgələrdə fəaliyyət göstərən “Lady Sharm” mağazalar şəbəkələrində, həmin mağazaların anbarlarında keçirilən əməliyyat zamanı çoxsaylı qanun pozuntuları, istehlakçıların hüquqlarının kobud şəkildə pozulması və müştərilərin aldanılması halları aşkar edilib.

Nəticədə qeyd edilən şirkətin sahiblərindən biri, Cəlilabad rayon sakini Elnur İsmayılov, həmin şirkətin baş mühasibi Ziyarət Abbasov, şirkətin məsul əməkdaşları Valeh Qarayev və Fuad Əlizadə saxlanılaraq istintaqa təqdim ediliblər.

Araşdırma zamanı müəyyən edilib ki, qeyd edilən mağazalarda satışa çıxarılan Çin Xalq Respublikasında istehsal edilən aşağı keyfiyyətli paltarların etiketləri “Lady Sharm”ın gizli sexlərində dəyişdirilib. Həmin paltarlara “Chanel”, “Fendi”, “Dolce & Gabbana”, “Valentino”, “Chiristian Dior” , “İtterre” və digər dünyaca məhşur bredlərinin saxta etiketləri tikilərək dəyərindən dəfələrlə baha qiymətə mağazalarda müştərilərə təqdim edilib.

“Lady Sharm”ın fəaliyyət göstərən 12 mağazasında yoxlama aparılan zaman etiketləri dəyişdirilən saxta geyim əşyaları və xəz dəri məhsulları aşkar edilərək maddi sübut kimi götürülüb.

Əməliyyat tədbirlərinin davamı olaraq “Lady Sharm” mağazalar şəbəkəsinin paytaxt ərazisində fəaliyyət göstərən gizli tikiş sexi və anbarı da aşkar edilib.

Həmin sexə baxış zamanı külli miqdarda saxta paltarlar, Türkiyə, İtaliya və Avropanın digər ölkələrinin geyim markalarının adları yazılmış əmtəə nişanları, həmçinin etiketlərinin hazırlanması üçün nəzərdə tutulan xüsusi avadanlıqlar aşkar olunaraq götürülüb və dövriyyədən çıxarılıb.

Araşdırmalarla həmçinin “Lady Sharm” şirkətinin paytaxtda fəaliyyət göstərən sexində tikilən yerli məhsullara da saxta “Made in Turkey” və “Made in İtaly” nişanları tikildiyi məlum olub.

Şirkətin anbarlarına baxış zamanı polis əməkdaşlarının peşəkarlığı sayəsində “Lady Sharm”ın “qara” mühasibatlıqlarn aparıldığı və sistem idarəçiliyi xarici ölkələrdə olan kompüter avadanlıqları və onların içərisində olan istintaq üçün zəruri olan şirkətin gizli maliyyə hesabatları da əldə edilərək götürülüb. Həyata keçirilən zəruri əməliyyat-istintaq tədbirləri ilə “Lady Sharm” bu illər ərzində büdcədən milyonlarla manat vəsait yayındırdığı məlum olub.

Qeyd edilən faktlarla bağlı Baş İdarənin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb. araşdırmalar davam etdirilir.


Abunəlik


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir