“Mən müharibəni «Bizim Cəbiş Müəllim» filmində görmüşəm” Nigar Bayramlıdan …
Oktyabr ayının əvvələri idi. Cəbhə bölgələrinin birindəydik. Atışma səsi elə gəlirdi sanki hərşey yanımızda baş verirdi. Ülkərlə ikimizdə bir birimizə baxdıq! Ülkər mənə gülə-gülə dediki ikimizdə bilirik hara gedirik. Mənə nəsə olsa qızıma baxmağını istəyirəm. Mənimdə hər zamanki halım ilə gülümsəyərək dedim ki mənə nəsə olsa paltarlarımı geyinmə! Həmin günü hərşey fərqli, biraz qorxulu, birazda yuxu kimi idi.
Digər rayonlarda yardım paylayanandan sonra Bərdəyə dönmüşdük. Həmin günü bir hərbiçi insanla tanış oldum. Bilmirəm o insandan sonra həyatım iki hissəyə bölündü, yoxsa o insanın hiss etdiklərinə empatiya qurub hərşeyi yaşadıqdan sonra. İnsana durmadan zənglər gəlirdi. Bir zəngdən sonra, onun gözləri dolaraq masadan ayrılıb kənara çəkildi. Geriyə qayıdanda gözlərində olan yorğunluğun yerini kədər, ağrı, məyyusluq, içinə dərin mənalar sığdırılmış boşluq almışdı. Yerinə dönərək, boşqabındakı yeməyi yalnız oyana buyana oynadırdı, sanki bütün hirsini ondan çıxarırmış kimi. Dediyi ilk cümlə «Dostum şəhid oldu», gözlərini bağladı…
Mən müharibəni «Bizim Cəbiş Müəllim» filmində görmüşəm. Müharibə necə ola bilər di, doğmalarını itirmək nədir «Pianist» filmində görüb empatiya qurub günlərlə ağlayaraq müharibəni hiss etməyə çalışmışam. Gözümün önündə ağrılarını acılarını bir göz yaşına basdırıb hönkür-hönkür ağlayan insanları bu iki ay ərzində gördüm, bir ananın uşağının tabutunu qucaqlamağını gördüm, atəşkəs pozulan rayonlara gedərkən «bura gələn insan axmaqdı»deyən vətandaşlarımızı qucaxlayaraq ağlayan özümü kənardan gördüm. Mənim həyatım sizinkindən nəyi ilə fərqlənirki?! Siz burda güllə altında, mən rahat evimdə…
Hisslərimi boğub yaşamağı çoxdan öyrənmişəm. Dostlarıma, ətrafa özümü göstərə biləcəyim qədər bir insanam. Amma 2 oktyabr ölümü gözümlə gördüyüm günü heçbir zaman unutmayacağam. Bir əsgər yoldaşı digər əsgər yoldaşına son sözünü deyə bilmədən onu itirməyini gördüyüm günü!..
Müharibə sağlamlığımızı, evimizi, Vətənimizi sevməyi, sevdiklərimizi daha möhkəm qucaqlamağı, şükr etməyi, yardımlaşmağı, azadlığımızın dəyərini bilməyi daha çox öyrətdi bizə. Və bizi böyütdü. Kimilərini sevdiklərinin qorxusu, kimilərini sevdiklərinin acısı, kimilərini canının qorxusu ilə böyütdü.Əslində bizlər ölməkdən qorxmurduq. Yarımçıq qalmaqdan qorxurduq. Məndə böyüdüm!. Sevdiklərini itirən insanların göz yaşlarını silərək, evləri dağılan insanları qucaqlayaraq, sevdiklərim üçün qorxaraq, səngərdəki igidlərin gözlərindəki qürur və yorğunluğu görərək.
Allah Şəhidlərimizə Rəhmət Etsin.
Müharibə yaddaşlarda silinməz bir tarixdi…
Nigar Bayramlı AzTimes.az