Məhkəmə ilə bağlı sənədlərə görə dövlət rüsumlarının dərəcələri dəyişir
Məhkəmə ilə bağlı sənədlərə görə dövlət rüsumunun tutulduğu hallar və dövlət rüsumlarının dərəcələri dəyişir.
APA-nın məlumatına görə, bu, Milli Məclisin bu gün keçiriləcək iclasında birinci oxunuşda müzakirəyə çıxarılan “Dövlət rüsumu haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.
Əgər hazırda dövlət rüsumunun tutulduğu hallara məhkəməyə verilən iddia ərizələrinin və şikayətlərin, hüquqi əhəmiyyət kəsb edən faktların müəyyən edilməsi barədə ərizələrin, məhkəmə əmri haqqında ərizələrin və məhkəmə qərarları barəsində şikayətlərin verilməsi, məhkəmə tərəfindən sənədlərin surətinin təkrar verilməsi daxildirsə, layihəyə əsasən, bu hallara məhkəməyə verilən iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsi, məhkəmə aktının surətinin təkrar verilməsi daxil edilir.
Beləliklə, layihəyə əsasən, məhkəməyə verilən iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun yeni dərəcələri aşağıdakı kimidir:
Qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə:
– İddia qiyməti 1000 manatadək olduqda – 30 manat;
– İddia qiyməti 1000 manatdan 10000 manatadək olduqda – 30 manat + 1000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi;
– İddia qiyməti 10000 manatdan 100000 manatadək olduqda – 120 manat+10000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi;
– İddia qiyməti 100000 manatdan 1000000 manatadək olduqda – 390 manat+100000 min manatdan yuxarı olan iddia qiymətinin 0,1 faizi;
– İddia qiyməti 1000000 manatdan çox olduqda – 1290 manat+1000000 manatdan yuxarı olan iddia qiymətinin 0,05 faizi (hər bir halda 50 min manatdan çox olmamaqla).
– Fiziki şəxs tərəfindən mülkiyyətində, istifadəsində (icarəsində) olan yaşayış evi, mənzil, həyətyanı sahənin torpağı, o cümlədən bağ sahəsi ilə bağlı ərizənin verilməsinə, habelə fiziki şəxs tərəfindən istifadəsində (icarəsində) olan kənd təsərrüfatı təyinatlı torpaqla bağlı ərizənin verilməsinə görə – 100 manat.
Qiymətləndirilməyən iddia ərizəsinin, məhkəmə əmri haqqında ərizənin, xüsusi icraat qaydasında baxılan iş üzrə ərizənin verilməsinə görə 100 manat dövlət rüsumu müəyyənləşir. İddia predmetinə dair müstəqil tələb irəli sürən üçüncü şəxsin işə qoşulmasına barədə ərizənin verilməsinə görə dövlət rüsumu isə qiymətləndirilən iddia ərizəsinin verilməsinə və qiymətləndirilməyən iddia ərizəsinin, məhkəmə əmri haqqında ərizənin, xüsusi icraat qaydasında baxılan iş üzrə ərizənin verilməsinə görə müəyyən edilmiş dövlət rüsumları səviyyəsində olacaq.
Müvəqqəti təminat tədbiri barədə ərizənin verilməsinə görə dövlət rüsumu isə qiymətləndirilən iddia ərizəsinin verilməsinə və qiymətləndirilməyən iddia ərizəsinin, məhkəmə əmri haqqında ərizənin, xüsusi icraat qaydasında baxılan iş üzrə ərizənin verilməsinə görə müəyyən edilmiş dövlət rüsumlarının 10 faizi (hər bir halda 10 manatdan az olmamaqla) səviyyəsində müəyyənləşir.
İş üzrə icraata xitam verilməsi, iddianın baxılmamış saxlanılması və məhkəmə cərimələrinin qoyulması, müvəqqəti təminat tədbirinin tətbiqi və ya bundan imtina barədə qərardan şikayət verilməsinə görə dövlət rüsumunun 50 manat olması təklif edilir. Apelyasiya, kassasiya və ya əlavə kassasiya şikayətinin, qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə yenidən baxılması üçün ərizənin verilməsinə görə dövlət rüsumu isə qiymətləndirilən iddia ərizəsinin verilməsinə və qiymətləndirilməyən iddia ərizəsinin, məhkəmə əmri haqqında ərizənin, xüsusi icraat qaydasında baxılan iş üzrə ərizənin verilməsinə görə müəyyən edilmiş dövlət rüsumlarının 50 faizi səviyyəsində olacaq.
Məhkəmə aktının surətinin təkrarən verilməsinə görə dövlət rüsumunun 10 manat və 10-cu səhifədən yuxarı hər səhifəyə görə 0,2 manat olması təklif edilir.
Layihəyə əsasən, bu dövlət rüsumlarının 50 faizi (ödənilən hər bir dövlət rüsumu üzrə 5000 manatdan çox olmamaq şərtilə) müvafiq məhkəmələrin aparatlarının işçilərinin sosial müdafiəsini gücləndirmək və maddi təminatını yaxşılaşdırmaq üçün müvafiq olaraq Ali Məhkəmənin, apelyasiya instansiyası məhkəmələrinin və müvafiq icra hakimiyyəti orqanının xəzinə hesablarına köçürüləcək, qalan hissəsi isə dövlət büdcəsinə ödəniləcək.
Qeyd edək ki, qüvvədə olan qanuna əsasən, məhkəməyə verilən iddia ərizələrinin və şikayətlərin, hüquqi əhəmiyyət kəsb edən faktların müəyyən edilməsi barədə ərizələrin, məhkəmə əmri haqqında ərizələrin və məhkəmə qərarları barəsində şikayətlərin verilməsi, məhkəmə tərəfindən sənədlərin surətinin təkrar verilməsinə görə dövlət rüsumunun dərəcələri aşağıdakı kimidir:
Dövlət rüsumu tutulmalı olan hərəkətlər | Dövlət rüsumunun məbləği |
8.1. Məhkəməyə verilən iddia ərizələrindən: | |
8.1.1. iddia qiyməti 500 manatadək olduqda | 20 manat |
8.1.2. iddia qiyməti 500 manatdan çox olduqda | 30 manat |
8.2. İddianın predmetinə dair müstəqil tələb irəli sürən üçüncü şəxslərin işə qoşulması barədə ərizələrindən: | |
8.2.1. iddia qiyməti ilə bağlı olduqda | bu qanunun 8.1-ci maddəsində müəyyən edilmiş dövlət rüsumu |
8.2.2. hüquqi əhəmiyyət kəsb edən faktların müəyyən edilməsi barədə ərizələrdən | 10 manat |
8.3. Məhkəmə əmri haqqında ərizələrdən | 20 manat |
8.4. Apellyasiya və kassasiya şikayətlərindən: | |
8.4.1. birinci instansiya məhkəməsinə müraciət edilərkən; | bu qanunun 8.1-ci maddəsi ilə müəyyən edilmiş dövlət rüsumunun 50 faizi |
8.4.2. iş üzrə icraatın xitam verilməsindən, iddianın baxılmamış saxlanmasından, məhkəmə cərimələrinin qoyulması barədə şikayətlərdən | 20 manat |
8.4.3. mübahisəsiz qaydada (akseptsiz) ödənilən cərimələr üzrə icra və digər sənədin icra olunmasının təsdiqi barədə mübahisələr üzrə iddia ərizələrindən | 10 manat |
8.4.4. qanunla mübahisəsiz qaydada (akseptsiz) tutulması nəzərdə tutulmayıbsa, dövlət orqanları, yerli özünüidarə orqanları və nəzarət funksiyalarını həyata keçirən digər orqanları tərəfindən cərimələrin ödənilməsi barədə mübahisələr üzrə iddia ərizələrindən | 40 manat |
8.4.5. nəzarət funksiyasını həyata keçirən orqanlar tərəfindən qanunun və ya digər normativ hüquqi aktın tələblərini pozmaqla, mübahisəsiz qaydada (akseptsiz) pul vəsaitinin büdcədən qaytarılması barədə mübahisələr üzrə iddia ərizələrindən | 10 manat |
8.4.6. müəssisənin təsis sənədlərinin etibarsız hesab edilməsi, hüquqi və fiziki şəxslərin ödəmə qabiliyyəti olmayan hesab edilməsi barədə mübahisələr üzrə iddia ərizələrindən | 10 manat |
8.4.7. vergi ödəmələri barədə mübahisələr üzrə iddia ərizələrindən | 10 manat |
8.4.8. məhkəmə aktlarının və surətlərinin təkrarən verilməsinə görə | 10 manat |
8.4.9. nikahın və təkrar nikahın ləğv olunması haqqında iddia ərizələrindən | 20 manat |
8.4.10. nikah ləğv edilərkən əmlak bölüşdürüldükdə | 40 manat |
8.4.11. yaşayış binalarının (mənzillərin) icarə müqavilələrinin dəyişdirilməsi və ya ləğv edilməsi, vərəsəliyin qəbul edilməsi müddətinin uzadılması, əmlak üzrə həbsin götürülməsi barədə iddia ərizələrindən, qeyri-əmlak xarakterli və ya qiymət qoyulmayan digər iddia ərizələrindən | 10 manat |
8.4.12. müqavilələrin dəyişdirilməsi və ya ləğv edilməsi barədə mübahisələr üzrə iddia ərizələrindən | 10 manat |
8.4.13. qanunda nəzərdə tutulan müqavilələr üzrə mübahisələrə dair və yaxud tərəflərin razılığı ilə mübahisənin inzibati-iqtisadi məhkəmənin həllinə verilməsi barədə mübahisələr üzrə iddia ərizələrindən | 20 manat |
8.4.14. ixtiranın, faydalı modelin, sənaye nümunəsinin, əmtəə nişanının və coğrafi göstəricinin mühafizəsi ilə bağlı ərizə və şikayətlərdən | 30 manat |
Qanun qəbul edildikdən sonra 2021-ci il oktyabrın 1-dən qüvvəyə minməsi nəzərdə tutulur. Qanun onun qüvvəyə minməsindən sonra verilən iddia ərizələri və digər ərizələrə, habelə şikayətlərə görə ödənilən dövlət rüsumlarına şamil ediləcək.
Qanun layihəsi səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.