Lavrovun yeni-köhnə planı: Azərbaycanı “Madrid prinsipləri”nə qaytarmaq istəyir – Hər halda özünü abdal yerinə qoyub…

Baxılıb:175
Lavrovun yeni-köhnə planı: Azərbaycanı “Madrid prinsipləri”nə qaytarmaq istəyir – Hər halda özünü abdal yerinə qoyub…

Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov erməni jurnalistlərə münaqişəsində Dağlıq Qarabağ probleminin həllinə dair təkliflərlə çıxış edib.

Əslində, nazir “Madrid prinsipləri”ndə əks olunmuş “yol xəritəsi”ni yenidən gündəmə gətirib. Onun sözlərinə görə, ATƏT-in Minsk Qrupunun həmsədrləri tərəfindən irəli sürülmüş təkliflər danışıqlar masasında qalmaqda və müzakirə olunmaqda davam edir.

“Bu, Dağlıq Qarabağın ətrafındakı beş rayondan Ermənistan silahlı qüvvələrinin beynəlxalq təhlükəsizliyin müşahidəsi ilə mərhələli şəkildə çıxarılması;

Qarabağın son statusu təyin olunana qədər Ermənistanla Qarabağ arasında etibarlı rabitənin təmin edilməsi;

Daha sonra iki bölgənin azad edilməsi və və Dağlıq Qarabağın statusunun müəyyən edilməsi;

Bu müddət ərzində Qarabağda sülh həmçinin, sülhməramlı qüvvələrin köməyi ilə yerinə yetiriləcək”.

“Bədbəxtlik kömək etməsəydi, xoşbəxtlik olmazdı. İndi bu kədərli hadisələr paralel olaraq, təhlükəsizlik məsələsinin yerində həllini fəallaşdırmağa köçmək etməlidir”-Lavrov belə deyib.

Lakin siyasi ekspertlər hesab edir ki, Rusiya XİN rəhbərinin bu açıqlaması işğal olunmuş ərazilərdə hərbi əməliyyatların aparıldığı bir vaxtda Azərbaycanın milli maraqlarına cavab vermir. Çünki Azərbaycanın artıq hərbi və diplomatik müstəvilərdə üstünlük qazandığı bir vaxtda yenidən qeyri-müəyyən danışıqlar prosesinə qayıtmaq və Ermənistana güzəştlər etmək məntiqə uyğun deyil.

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu hesab edir ki, Dağlıq Qarabağda status-kvo artıq dəyişib. Belə şəraitdə münaqişənin “Madrid prinsipləri” əsasında həllindən danışmaq daha çox Ermənistanın maraqlarına cavab verir:

“Prezident İlham Əliyev də bəyan edib ki, artıq status-kvo və təmas xətti artıq yoxdur. Azərbaycan təmas xəttini ləğv edib. Beş rayondan ikisini Azərbaycan demək olar ki, azad edib. Ona görə də mərhələli plan artıq işə yaramır. Əvvəl beş rayonun, sonra iki rayonun azad olunması, münaqişə bölgəsinə sülhməramlıların gətirilməsi maraqlarımıza ziddir. Rusiya Azərbaycana bu planı qəbul etdirməyə çalışır. Lakin Azərbaycan bunu qəbul edə bilməz. Mən hesab etmirəm ki, razılaşma olsa belə, münaqişənin həllini sürətləndirəcəklər. Rusiya 2016-cı ildə də eyni sözü demişdi. Azərbaycan hücuma keçdi, bir neçə strateji mövqeni azad etdi. Ondan sonra Moskva vəd etdi ki, mərhələli həll planını Ermənistana qəbul etdirəcəyik. Dörd il keçməsinə baxmayaraq, heç nə dəyişməyib. İndi də eyni siyasi tələ qura bilərlər. Danışıqlar adı altında hərbi əməliyyatları dayandırarlar, Ermənistan qoşunları da həmin ərazilərdən çıxmaz. Nəticədə, proseslər mənfi istiqamətə yönələ bilər. Fikrimcə, Lavrovun təkliflərini qəbul etmək olmaz. Hazırda atəşkəsin və danışıqların yeri yoxdur. Azərbaycanın döyüş meydanında bir qədər də irəliləyib daha sərt şərtləri diktə etmək imkanı var”.

Politoloq bildirib ki, Lavrov sülhməramlı qüvvələr deyərkən Rusiya qoşunlarının münaqişə bölgəsinə yerləşdirilməsini nəzərdə tutur:

“Abxaziya və Cənubi Osetiyada Rusiya sülhməramlılarınn olması Gürcüstana həmin ərazilər üzərində suverenliyini bərpa etməyə imkan vermədi. Faktiki olaraq, Rusiya oraya daxil oldu, hərbi bazalar qurdu və Gürcüstan həmin torpaqları itirdi. Azərbaycan da eyni səhvi təkrar edə bilməz.

Nə zaman beynəlxalq sülhməramlılar məsələsi gündəmə gələrsə, o halda rəsmi Bakı daha çox neytral mövqe tutan ölkələrin, məsələn, Baltikyanı ölkələr, Skandinaviya ölkələrinin hərbi kontingentinin gətirilməsini təklif edə bilər. İndiki mərhələdə bu məsələ güdəmin mpvzusu deyil. Lakin Rusiyanın sülhməramlılar məsələsini gündəmə gətirməklə Azərbaycana təzyiq etmək istədiyini görürük”.

Elxan Şahinoğlu onu da qeyd edib ki, “Madrid prinsipləri”nin əhəmiyyətini itirməsi Dağlıq Qarabağın erməni icmasına statusun verilməsi barədə təkliflərə də yenidən baxılmasını zəruri edir. Əgər əvvəllər Azərbaycan Dağlıq Qarabağa yüksək özünün idarəetmə statusu vəd edirdisə, artıq buna ehtiyac yoxdur:

“Ölkə rəhbərliyi dəfələrlə bəyan edib ki, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində Dağlıq Qarabağa dünyada mövcud olan ən yüksək statusu verməyə hazırdır. Mən də bununla bağlı yazdığım kitabımda qeyd etmişdim ki, dünyada mövcud olan on ən yüksək muxtariyyət modelini Dağlıq Qarabağa tətbiq etmək olar. Amma o zaman torpaqlarımız işğal altında idi. İndi isə şərtləri biz diqtə edirik. Gələcək statusun necə olacağını sonra müzakirə etmək olar. Hazırda geniş muxtariyyətdən söhbət gedə bilməz”.


Abunəlik