Lətafət Novruzovadan:”Hüseyinə şanlı məktub”
Əvvəla salam. Salamdan sonra yazıb demək istəyirəm ki, biz hamımız yaxşıyıq. Sizin də yaxşı olmağınızı uca Allahdan diləyirik.
Əziz Hüseyin, bu məktubu sənə Xırdalandan yazıram. Burda havalar bir o qədər də yaxşı deyil. Yağış elə yağır ki, elə bil Allahın yanına çıxmağa şərait yaradır. Paltarlarımı iki gündür ki, zivədən götürə bilmirəm. Götürüb evdə qurudacam, evi su götürüb gedəcək. Akkordun binalarını nəmişlik aparır axı. Yayda mətbəxim uçdu, FHN-ə 20 dəfə yığdım, gəlirik deyib gəlmədilər. Sən demə həmin ərəfələrdə başları daha mühüm işlərə qarışıbmış. Mən keyqulu da bilmədən yazıqları qınamışam. Nə isə, mətləbdən uzaqlaşmayaq.
Kişinin bircə istilik tuman-köynəyi var idi, o qabağı yarıq olandan-onu da yağış islatdı, işə gedə bilmədi. Hava sizdə necədir? Yəqin istidir. Zəm-Zəm suyuna şotçik qoymayıblar ki? Amma hə, sizdə Azərsu yoxdur axı. Bəxtəvər kimi geninə- boluna işlədirsiz yəqin. İç, çim, paltar yu.
Üç ay əvvəl mənə su işçisi səhvən 600 manat borc yazdı, sildirə də bilmirəm. Hə, kənddə kəsəkdə nə var nə yox? Xurma yığımı başlayıb? Hər hektara neçə kiloqram toplayacaq qasidlərin? Bizdə “rusiyətlə” əlaqə kəsildi deyə xurmamız töküldü qaldı.
Yığıb mala heyvana verdik.
O quyu vardı ey, daş tullayırdılar içinə. O quyu durur? Hələ dolmayıb ki?
Durursa gəl, yaxşı iş birliyi quraq. Sizin əraziniz qumsallıqdır. Bilirəm ki, zəvvarlara satmaq üçün daş tapmaq işində çətinliyiniz var. Mən burdan daş topalayım, şkodalarda göndərim ora. Sən də mənim pulumu yolla. Siz də qazanın, mən də.
Bizdə ziyarətgah, məbəd, təvaf meydanı olmadığından bizim əhali də elə mən də çətin dolanırıq. Eləcə xırdaca pirlərimiz var, oralara toplanan pulları da heç bilmirik ki, kim yeyir.
Bir ara Klizma piri açmaq istədim, hamı məni qınadı. Dedim ay insanlar, guya klizma piri ilə, gedib uzaqlarda ziyarət elədiyinizin nə fərqi var axı? Orda ruhunuz təmizlənirsə, burda da cisminiz təmizlənəcək də. Dedilər yox ey, nə danışırsan, canımız cəhənnəm, əsas ruhumuzdur. Cənnətə ruhumuz gedəcək. Canımız qalacaq bu dünyada. Dedim yaxşı, siz deyən olsun.
Yollarınız nə vəziyyətdədi? Qayıran var?
Bizdə yollar Yezidin xasiyyəti kimi pisdir. Tez-tez qəzalar olur, atırlar Priusların üstünə. Yollarımızı qayıran yoxdur.
Səhiyyə necədi sizdə? Elə bilirəm ki, bizdən zəifdir. Çünki bizimkilərdən sizin tərəfə həkimə gedən eşitməmişəm.
Meyxanaçılarınızdan da bir iki kəlimə yazarsan, bilim. Elə müğənnilərinizdən də yaz. Yaz görüm həcilərlə neynirlər? Bizdə həcilər incəsənətin çiçəklənməsində müstəsna rol oynayırlar. Heyif ki, əsl həci azdır. Hansı müğənni vaxtında həci tutubsa tutub. Tutmayanın istedadı olsa da sponsor dərdindən geri qalıb.
Sizdə elə hamı anadangəlmə həcidir deyə, yəqin ki, incəsənət sahəsində tərəqqi var.
Hə yadımdaykən onu da deyim ki, bizdə bir qism dəyyus var ki, adlarına aftafa deyərik.
Ölkəsinin, ölkə başçısının yanında olub dəstək vermək əvəzinə, düşmən ölkələrə işləyən aftafa tayfası. Səni ən çox çağıran,narahat edən tayfa da onlardır elə. Sənin adından istifadə edib gırmədikləri cild, çıxmadıqları oyun qalmayıb. Hətta özlərini yaralamaq kimi zadlar da. Yəqin ki, səni o qədər bezdiriblər ki, axır ki, qənim oldun onlara. İndi DTX deyilən bir qurum var, onların ən yekələrini aparıb “yaralarına məlhəm” qoyur.
Sizdə qaqa yoxdur da yəqin hə? Hamısı şahzadə, şeyxdir. Qaqasız ölkə də maraqsız olur ey. Müəllimləriniz neynir? Sizdə kişi müəllimlər də var da hə? Bizdə qıtdır. Olan hamısı qadın, onlardan da danışmağa ayıbım gəlir, çünki başları açıqdır. Sizdə də metroya girənlər gecikəndə o biri sərnişinlər qapını tutub saxlayıb, maşinisti qışqırdır? Yəqin ki, yox. Bax, bizdə metroların qapısı hacətlər qapısıdır. Bağlanandan sonra 17 nəfər basır, açıb içəri adam salır. Odda yanmey, suda batmey.
Sizdə də həyətdə skamyada oturan gombul zövcələriniz gələn il bu vaxtın proqnozunu doğru dürüst verirmi?
Dəvə ilə gediş neçəyədir? Bizdə avtobus 35 qəpikdir. Deyirlər 50 olacaq inşallah.
Sizin də bariqalar elə düşünür ki, 313 nəfərin içində iki narkoman olacaq?
Yoxsa sizdə heç narkoman yoxdur?
Bunu da mənə cavab yazarsan.
Qocaların pensiyasından da yazarsan bir iki kəlimə. Bir də ki, sizdə də 20 il pensiya alanların pensiyası kəsilib? Bizim qonşuda iki barmağı olmayan vətəndaşın pensiyası kəsilib. Özûnə də bildiriblər ki, ola bilər ki, təzə barmağın çıxsın. Hidra kimi qopan orqanımızı bərpa etmək bacarığımız var imiş. Bunu da bizə Əhalinin Sosial Təminat Nazirliyinin rayon şöbəsindən başa salıblar, sağ olsunlar.
Bizdə döyüşlər oldu. Yəqin eşitdin, bəzi döyüşçülərimiz sənin xatirinə döyüşdü. İndi onlara başa sal ki, ölkən, anan üçün yox, mənə xatir döyüşmüsən, yaxşı eləmisən. Tay bu sosial şəbəkələrdə millətə qənim kəsilmə. Denən onlara ki, qənim olmaq işi mənlikdir. Siz oturun oturduğunuz yerdə.
Hə, burda qələm deyir, əlvida söylə. Mən isə sağollaşıram, hələlik deyirəm. Cavab gözləyirəm. Hər kəsə bizdən salam de.
Xırdalan. 16.11 2022.