Kürdəmirdə qəhrəman əsgərimizin anası ÇƏTİN DURUMDA! – NARAZILIQ…
Kürdəmir rayon, İsmət Qayıbov küçəsi, ev 3də yaşayan Kəmalə Həmzə qızı Xələfova 11 ildir ki, evi olmadığından kirayələrdə qalır. O, dəfələrlə evsizliklə əlaqədar, Kürdəmir rayon İcra Hakimiyyətinə müraciət etsə də, ona heç bir köməklik göstərilməyib.
Aztimes.az DİA.AZ a istinadən xəbər verir ki, Kəmalə Xələfovanın heç bir səbəb olmadan işdən çıxarılması ilə bağlı şikayəti də cavabsız qalıb. Belə ki, Kəmalə Xələfova 5 ildən artıqdır ki, rayonun Mərkəzi Poçt Şöbəsinin nəzdində yerləşən Azərmətbuat Yayım Xidmətində poçtalyon (yarım ştat) vəzifəsində işləyib. Onun aylıq əməkhaqqı 120 manat olub. 2020-ci ilin avqust ayında Mərkəzi Poçt Şöbəsində ixtisarlaşma aparıldıqda, Kəmalə Xələfova heç bir səbəb olmadan işdən azad olunur. İşdən azad edilərkən isə Kəmalə Xələfovaya son əməkhaqqı olaraq, sadəcə 82 manat ödənilib. O, bununla bağlı Kürdəmir rayon Məşğulluq Mərkəzinə müraciət etsə də, hələ də onun şikayətinə baxan olmayıb.
Qeyd edək ki, Kəmalə Xələfovanın 2 övladı var və onlardan biri Elməddin Bəhruz oğlu Xələfov hazırda, Xocavənd rayonunda hərbi xidmət edir. Əsgər Elməddin Xələfov könüllü olaraq müharibəyə gedib və sentyabr ayının 27-si Füzulinin Şükürbəyli kəndində gedən döyüşlərdə ayağından qəlpə yarası alıb. Yarası sağaldıqdan sonra Elməddin Xələfov yenidən əsgər yoldaşlarının yanına qayıdaraq, xidmətini davam etdirir. Xatırladaq ki, Elməddin Xələfov 2016-cı ilin Aprel döyüşlərində də iştirak edib.