Küçə süpürməsi təklif olunan zabitə İcra Hakimiyyətindən cavab
Rayonumuzda şəhid ailələri və qaziləri narahat edən problemlər dövlət tərəfindən daim diqqət mərkəzində saxlanılır. Pirallahı rayonunda şəhid ailələri, müharibə veteranları və iştirakçılarına xüsusi qayğı göstərilir.
Bu barədə “MediaPost”a Pirallahı Rayon İcra Hakimiyyətindən məlumat verilib.
Məlumatda bildirilib: “Səfərbərlik Xidməti tərəfindən ehtiyatda olan zabit kimi Vətən müharibəsinə qatılmış İqbal Səfərov Rayon İcra Hakimiyyətində 2 dəfə yüksək səviyyədə qəbul edilmişdir. Torpaqlarımızın erməni işğalçılarından azad olunmasında xidmətlərini nəzərə alaraq İ.Səfərov Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən “Fəxri fərman”la təltif olunmuş və o, səmimi qəbullara və diqqətə görə öz minnətdarlığını bildirmişdir. Bildiririk ki, “Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili” şöbəsinə 2 nəfər Vətən Müharibəsi iştirakçısı işə götürüldükdən sonra İ.Səfərov ordudan təxris olunmuş və Rayon İcra Hakimiyyətinə işlə bağlı şifahi müraciət etmişdir. Qəbullar zamanı o, uzun müddət Naxçıvan Muxtar Respublikasında Gömrük orqanlarında çalışdığını və bundan sonra da orada işləmək istədiyini bildirmişdir. Bununla yanaşı 2 saylı Ərazi Məşğulluq Mərkəzinin müdiri Rahim Əliyevin verdiyi məlumata görə o, 2 dəfə Məşğulluq Mərkəzinə müraciət etmiş və ona ixtisasına uyğun işlər təklif edilmişdir. Lakin İ.Səfərov Gömrük orqanlarında işləmək arzusunda olduğunu bildirmiş, təklif edilən işlərdən imtina etmişdir. İ.Səfərov Məşğulluq Mərkəzinin müdiri Rahim Əliyevdən onun Gömrük orqanlarında işlə təmin edilməsinə köməklik göstərilməsini xahiş etmişdir. Lakin ona bildirilmişdir ki, bu onların səlahiyyəti çərçivəsində deyil və Gömrük orqanlarında işə qəbul müsabiqə və müsahibə yolu ilə həyata keçirilir. Qeyd edək ki, İ.Səfərova həmçinin Özünüməşğulluq proqramı çərçivəsində paket sənədlər təqdim edilmiş, Məşğulluq Mərkəzinə gəlməsi tövsiyə edilmişdir.
Bildiririk ki, Rayon İcra Hakimiyyətində 2 nəfərlik xadimə ştatı vardır və həmin ştatlar üzrə xanımlar çalışır. Göründüyü kimi İ.Səfərova süpürgəçi işinin təklif edilməsi absurddur və qeyri mümkündür. Onun Gömrük orqanlarından ayrılmasının səbəbləri bizə məlum deyildir. Bu cür vətənpərvər müharibə veteranının hərəkətləri təəssüf doğurur.”