Kremldən Ermənistan etirafı: Təəssüf ki…
“İndi biz dost, qardaş Ermənistanla münasibətlərdə kifayət qədər çətin dövr yaşayırıq”.
Bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov “Arqumentı i faktı” nəşrinə müsahibəsində bildirib.
“Bu, qardaşlıqdan da artıqdır, çünki burada Ermənistanın özündən də çox erməni yaşayır. Yeri gəlmişkən, Rusiya Federasiyasının vətəndaşları olan bu ermənilərin iqtisadi fəallığı hələ də Ermənistanın ümumi büdcəsinin çox böyük faizini təşkil edir. Adamlar ora pul köçürür, söhbət ildə bir neçə milyard dollardan gedir…”, – deyə o bildirib.
Onun sözlərinə görə, “Qafqaz regionu təəssüf ki, müxtəlif regiondankənar qüvvələrin diqqətini cəlb edir.
“Biz əminik ki, bu qüvvələrin iştirakı çox məhdud olmalıdır, çünki onlar orada sabitlik və rifah gətirmək iqtidarında deyil. Ona görə də ümid edirik ki, əlaqələrimizin inkişafını davam etdirmək üçün İrəvanda siyasi iradə qalib gələcək və biz bu çətin dövrdən uğurla keçəcəyik”.