Kreml Paşinyanı uçurumdan itələyir – TƏHLİL

Baxılıb:207
Kreml Paşinyanı uçurumdan itələyir – TƏHLİL

Ermənistan Baş naziri Nikol Paşinyanın beynəlxalq aləmdəki uğursuz siyasəti və təxribat strategiyası müxalifətin də narazılığına səbəb olub.

Həm “Qarabağ klanı”, həm də Ermənistan müxalifəti Paşinyanın ölkəni necə bir uçuruma sürüklədiyini Baş nazirdən daha aydın görürlər. Xəbər verildiyi kimi, erməni partiyaları “Daşnaktsutyun”, “Çiçəklənən Ermənistan” və “Ana Vətən” Baş nazir Nikol Paşinyanın siyasətinə qarşı ümumxalq etirazını elan ediblər. Müxalifətin mitinqinin 8 oktyabrda Yerevanın “Azadlıq” meydanında keçiriləcəyi bildirilir.

Aksiyanın təşkilatçıları Ermənistan sakinlərinin hökumətin işindən narazı olduqlarını qeyd ediblər. Onlar Nikol Paşinyanı hakimiyyətə gələrkən verdiyi vədləri yerinə yetirməməkdə, eyni zamanda onu baş verən cinayətlərin bir parçasına çevrilməkdə ittiham edirlər. Göründüyü kimi, Ermənistanda daxili vəziyyət gərginləşir. Belə olan halda, xalqın diqqətini başqa səmtə yönəltməyə çalışan Paşinyan, Azərbaycana qarşı təxribatların sayını artırıb müharibə vəziyyəti yaratmaq istəyəcək. Ekspertlər hesab edirlər ki, Paşinyan ölkədəki sürətlə düşməkdə olan reytinqini qaldırmaq üçün qısamüddətli müharibəyə də zərurət görəcək.

Politoloq Qabil Hüseynli “Cümhuriyət”ə açıqlamasında deyib ki, Ermənistanın daxilindəki vəziyyətin gərginləşməsi, Paşinyana da Kremldən təzyiqlərin olunması müharibə ehtimalının reallaşmasına gətirib çıxara bilər:

“Son zamanlar Paşinyanın, xüsusilə onun hakimiyyətinə daxil olan şəxslərin, Müdafiə naziri Tonoyanın, eləcə də Dağlıq Qarabağdakı qondarma rejimin rəhbərinin bəyanatında müharibə ritorikasının artması, Ermənistanın Baş nazirinin xanımının qadınlardan ibarət batalyonlar yaratmağa başlaması Yerevanın müharibəyə hazırlaşdığını göstərir. Paşinyan daxildəki diqqəti yayındırmaq üçün bu metoda əl atır. Amma daha ciddi olan məsələ ondan ibarətdir ki, Paşinyanı bu yola Rusiya sövq edir. Rusiya tərəfi Ermənistanı son dövrlərdə ən müasir silahlarla silahlandıraraq, ona xüsusi diqqət göstərir. Bununla da Kreml Ermənistanı yeni hücumlara təhrik edir.

Hesab edirəm ki, Ermənistanın daxilindəki vəziyyətin gərginləşməsi, Paşinyana da Kremldən təzyiqlərin olunması müharibə ehtimalının reallaşmasına gətirib çıxara bilər. Bu səbəbdən də Azərbaycan ordusu xüsusi hazırlıqlar görür. Azərbaycan ordusu əvvəlcə düşmənin hücumlarını dəf etmək, sonra da Dağlıq Qarabağda antiterror əməliyyatları aparmaq üçün bütün resurslarını səfərbər edir”.

Ekspert hesab edir ki, Rusiya Ermənistanı müharibəyə təhrik etməklə, həm də Paşinyanı neytrallaşdırmağı hədəfləyir:

“Rusiyanın Paşinyanı dəstəkləmədiyi məlum idi. Ona görə də Rusiya Yerevana silah göndərməklə Paşinyanı deyil, Ermənistanı dəstəkləyir. 200 ildən artıqdır ki, Ermənistan Rusiyanın əlində maşadır. Yəni məlumdur ki, Rusiya Ermənistandan öz məqsədləri üçün istifadə edir. Əgər bir ölkənin iqtisadiyyatının 80 faizi ruslara məxsusdursa, ruslar tərəfindən alınıbsa və sərhədləri də rus qoşunları tərəfindən qorunursa, o dövlətin müstəqilliyi haqqında danışmaq gülüncdür. Ermənistan Moskvanın quberniyalarından biridir. Paşinyanın müəyyən hərəkət və tərəddüdləri Putində qıcıq doğurur. Putin müharibə variantı ilə Paşinyanı neytrallaşdırmağa çalışır”.


Abunəlik