Kreml İrəvana müharibə elan etdi – Savaş Ermənistan ərazisinə keçir?

Baxılıb:127
Kreml İrəvana müharibə elan etdi – Savaş Ermənistan ərazisinə keçir?

Rusiyanın xarici işlər naziri Sergey Lavrovun “İzvestiya”ya müsahibəsində Ermənistanla bağlı dedikləri dünya mediasında da ciddi müzakirələrə səbəb olub. Qeyd olunur ki, bu, Moskvanın faktiki olaraq İrəvana diplomatik müharibə elan etməsidir.

Mövzu ilə bağlı Türkiyənin Azərbaycandakı sabiq səfiri, “İMZA” İctimai Birliyinin Türkiyə Nümayəndəsi Hulusi Kılıç açıqlama verib.

O qeyd edib ki, Rusiya illərlə Ermənistanı kürəyində daşıyıb:

“Rusiya Ermənistanın NATO-ya qarşı təhlükəsiz olmasını təmin etdi. Ermənistana pulsuz silah verdi. Ümumiyyətlə, İrəvanın illərlə bütün ehtiyaclarını ödədi. Ermənistan indi nə edir? Rusiyanın bir nömrəli düşməni olan Amerika və Qərblə əməkdaşlıq edir. Təbii ki, Paşinyanın həyata keçirdiyi bu siyasət Rusiyanı narahat edir. Çünki bunu xəyanət kimi görür. Ona görə də Rusiyanın Ermənistana yaxşı dərs verəcəyi gözlənilir. Kremlin nə edəcəyini bilmək çox çətindir. Rusiya Gümrüdə hərbi hissəsi var. Buna baxmayaraq, Ermənistan Fransadan silah alır ki, bu da Rusiyaya qarşı durmaq və hörmətsizlik etmək deməkdir”.

Aprelin 5-də Ermənistan Baş naziri Nikol Paşinyanın ABŞ Dövlət katibi Entoni Blinken və Avropa Komissiyasının sədri Ursula fon der Leyenlə Brüsseldə planlaşdırılan görüşü olacaq.

Səfirin sözlərinə görə, bu görüş Rusiyaya sərf etməyəcək:

“Ermənistan Rusiyanın düşmənləri ilə bir süfrədə oturub çörək yeyəcək. Rusiya isə ona edilənlərə qarşı heç vaxt susmayacaq. Bu gün olmasa belə sabah Ermənistana lazım olan dərsi verəcək. Qərb Ukraynadan sonra ikinci cəbhəni Ermənistanda açmaq istəyir. Beləliklə, Qərb Rusiyanın Ukraynadakı gücünü zəiflədib, Ermənistana yönəltmək istəyir. Təbii ki, bu, regionun sabitliyinə, əmin-amanlığına, təhlükəsizliyinə tamamilə ziddir. Müharibədən yorulmayan ölkələr bundan faydalanır. Qərbin Ermənistana dəstək verərək onu ərköyün etməsi sülh müqaviləsini imzalamasını gecikdirir. Ümid edirik ki, Qərb bu davranışlarından əl çəkəcək və Ermənistanı Azərbaycanla sülh müqaviləsi imzalamağa sövq edəcək”.


Abunəlik