“KÖYNƏYİNİN ƏTRİ GEDƏ OTAQDAN” -YENİ

Baxılıb:160
“KÖYNƏYİNİN ƏTRİ GEDƏ OTAQDAN” -YENİ

Kaş ki, kədər yenə dönüb buluda

Gözlərini başın üstə sıxmaya,

Bir kəlməsi həsrətini ovuda,

Gündə bir yol zəng eləyə, qorxmaya.

Tənhalıqdan yorulasan o ki var,

Olanlara darılasan o ki var…

Ümidlərə sarılasan o ki var,

Düşünəsən, buraxa, buraxmaya…

Dəli-dəli duyğulara düşəsən,

Eşq yolunda gedib hara düşəsən,

Sevgi adlı bir məzara düşəsən,

Başdaşını qoyan gəlib çıxmaya.

Bir düşəsən ən qəribə hallara,

Dəli kimi yürüyəsən yollara,

Tələsəsən sənə açan qollara,

Daha yaşlar gözlərindən axmaya…

Ayrılıqdan təngə gəlib, təcili

Tərk eləyib dəbdəbəli mənzili

Sarılaraq dönə iki sevgili

Bizə aid, hüzür dolu daxmaya…

Qüruruna üstün gələ marağın,

Qollarında açılarkən sabahın

Yalvarasan Allaha ki, günahın

Şimşək olub başın üstə çaxmaya.

Köynəyinin ətri gedə otaqdan,

Taleyinə hirslənəsən o vaxtdan…

Kaş ki, doğma gözlər sənə uzaqdan

Telefonun ekranından baxmaya.

Kaş sözüylə düz gələ hər əməli…

Varlığında yaşadığın bir dəli

Xəyalında ucaltdığın heykəli

Elə özü öz əliylə yıxmaya!

Aygün Sadiq 09.04.19. /AzTimes.az/

Abunəlik


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir