Komitə sədri pandemiyaya görə tətbiq edilə biləcək məhdudiyyətlərdən danışdı – AÇIQLAMA
“Əgər xəstələrin sayı kəskin artarsa, onda digər ölkələrdə olduğu kimi Azərbaycanda də insanların daha çox bir yerdə olduğu fəaliyyət sferalarında məhdudiyyətlər tətbiq etmək qaçılmaz olacaq”.
Aztimes.az xəbər verir ki, Bunu Oxu.Az-a açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili deyib.
Onun sözlərinə görə, xəstəlik artarsa restoranlarda, ofislərdə və digər xəstəliyin çox yayılma ehtimalı olan yerlərdə məcburi məhdudiyyətlər tətbiq edilə bilər:
“Koronavirusla mübarizədə ən effektiv vasitə sayılan peyvəndləmə prosesi tam başa çatmadığından xəstələrin sayının artmaması üçün bəzi fəaliyyət növlərinin məhdudlaşdırılması dünyada hökumətlər tərəfindən tətbiq olunan məcburi tədbirlərdir. Əks halda xəstəliyə qalib gəlmək çox çətin olar. İqtisadi itkiləri zamanla bərpa etmək mümkün olsa da, insan həyatını geri qaytarmaq mümkün deyil. Azərbaycanda əhalinin peyvəndləmə prosesi sürətlə davam edir. Bu proses nə qədər tez başa çatsa məhdudlaşdırıcı tədbirlərə də o qədər az ehtiyac olacaq.
İndiki halda ölkəmizdə iqtisadi fəaliyyət növlərində əsasən məhdudlaşdırmalar aradan qaldırılıb. Lakin gördüyünüz kimi, xəstələrin sayı da artmaqdadır. Belə bir şəraitdə insanlar da müvafiq qaydalara maksimum əməl etməlidirlər”.
Millət vəkili pandemiyanın iqtisadiyyatın müxtəlif sahələrinə birbaşa və dolayı təsirlərindən danışarkən bildirib ki, mövcud şərait ilə əlaqədar istehlakçıların da davranışları dəyişib:
“Əksər iqtisadi sahələrə pandemiya şəraiti birbaşa və ya dolayı təsir edir. İnsanların davranışları dəyişib, istehlak ilə bağlı qəbul etdikləri qərarlar dəyişib. Məsələn, bütün dünyada pandemiyaya görə insanlar daha az ictimai nəqliyyatdan istifadə etməyə, daha az hotellərdə qalmağa, daha çox fərdi avtomobillərdən və fərdi evlərdən istifadə etməyə başlayıblar. Təhlillər göstərir ki, pandemiya ərzaq istehlakını artırıb, geyim və lüks məhsulların istehlakını azaldıb və s. Ölkələrarası gediş-gəlişin məhdudlaşdırılması nəqliyyat əlaqələrinə də mənfi təsir göstərib”.
Milli Məclisin komitə sədri hökumətin müvafiq sahibkarlıq subyektlərinə göstərdiyi dəstək tədbirlərinə toxunarkən əlavə edib ki, pandemiya şəraitində bu dəstəyin həcmi xeyli böyük olub və ümumi 3,5 milyard manata çatan dövlət dəstəyindən 300 mindən çox fərdi sahibkar, eləcə də hüquqi şəxslər faydalanıblar:
“Digər tərəfdən vergi qanunvericiliyi dəyişdirilib, 75 faizə çatan vergi güzəştləri tətbiq edilib. 2020-ci ildə ölkəmizdə ÜDM-in digər ölkələrə nisbətən daha az geriləməsi iqtisadi aktivliyin qorunmasında hökumətin atdığı addımların səmərəsi ilə izah etmək olar. Digər tərəfdən yeni layihələrin icrası üçün maliyyə və inzibati dəstəyinin də göstərilməsi post-pandemiya dövründə daha yaxşı hazırlaşmağa imkan verəcək”.