“Komendant saatı tək Qarabağda müharibə gedir deyə, tətbiq olunmayıb” – AÇIQLAMA

Baxılıb:135
“Komendant saatı tək Qarabağda müharibə gedir deyə, tətbiq olunmayıb” – AÇIQLAMA

44 gün davam edən Vətən müharibəsindən sonra Azərbaycan, Ermənistan və Rusiya arasında üçtərəfli bəyanat imzalandı. Bundan sonra müharibə demək olar ki, bitmiş hesab olundu. Qeyd edək ki, noyabrın 12-dən etibarən ölkədə internet məhdudiyyəti də aradan qaldırılıb. Suallar var ki, sentyabrın 27-dən ölkədə elan olunan komendant saatı nə zaman aradan qaldırılacaq?

Mövzu ilə bağlı millət vəkili Fazil Mustafa “Yeni Müsavat”a danışıb. Fazil Mustafa qeyd edib ki, komendant saatının ləğv edilməsi hələ ki, tezdir: “Dekabrın 1-nə qədər hələ müharibə demək olar ki, bitməyib. Bizə bu tarixə qədər qrafik verilib. Komendant saatının aradan qaldırılması həmin qrafikə necə əməl olunub-olunmamasından asılı olacaq. Məlum məsələdir ki, əgər qarşı tərəf bu bəyanata əməl etməyəcəksə, Azərbaycan Ordusu ərazilərə girib düşməni təmizləməlidir, yəni başqa yolu yoxdur.

Ona görə də bu məsələdə bir qədər də gözləmək, tələsməmək lazımdır. Yəni Azərbaycan Ordusu bu məsələdə hələ ki işini yekunlaşdırmayıb. Ermənilərin bəyanata əməl edib-etməyəcəklərini bundan sonra görəcəyik. Hesab edirəm ki, komendant saatı və digər məhdudiyyətlər Bakıda ləğv oluna bilər, amma bölgələrdə hələ ki ləğv olunması doğru deyil. Həmçinin internet məhdudiyyətinin də regionlarda saxlanılmasını doğru hesab edirəm. Çünki müəyyən hərbi sirlər var ki, onlarla bağlı informasiyalar sızmamalıdır”.

Məsələ ilə bağlı polkovnik Şair Ramaldanov da qeyd etdi ki, komendant saatı hələ bir müddət də davam edəcək: “Komendant saatı tək Qarabağda müharibə gedir deyə tətbiq olunmayıb. Bu qərarı qəbul etmək üçün müəyyən amillər qiymətləndirilir. Komendant saatı bütün risklər, təhlükələr, ola biləcək terror aktları, hansısa təhlükəli mənbələri və fəaliyyətlərini nəzərə alaraq tətbiq edilir. Bu qərarın da əsas məqsədi müəyyən vaxtdan sonra, hansı ki, bizdə axşam saat 21:00-dan başlayır, həmin saatdan etibarən nəzarət mexanizmini daha da keyfiyyətli etməkdən ibarətdir. Yəni çöldə ancaq icazəsi olanlar ola bilər. Həmin saatdan sonra çöldə olanlar saxlanılır, hansı səbəbdən evdə olmadıqları aydınlaşdırılır və sairə məsələlərə nəzarət edilir, məqsədyönlü tapşırıqlar yerinə yetirilir. Ona görə də düşünürəm ki, komendant saatı bu işlə məşğul olan xüsusi peşəkarlar tərəfindən təhlil edildikdən sonra ləğvi barəsində qərar qəbul ediləcək. Bir daha qeyd edirəm ki, müharibənin bitməyi o demək deyil ki, təhlükə də tam bitib. Müəyyən məlumatlar var, xüsusi orqanlar onun üzərində işləyirlər. Bildiyimiz kimi, noyabrın 12-dən sonra ölkədə internet şəbəkələrinin fəaliyyəti bərpa olunur. Düşünürəm ki, bundan sonra getdikcə digər məhdudiyyətlər də aradan qaldırılacaq. Sadəcə, bir şeyi bilirəm ki, dövlət tərəfindən hansı addım atılırsa, bu, bizim dinc sakinlərin təhlükəsizliyni, təmin etmək üçündür”.
“Yeni Müsavat”


Abunəlik