Keçid dövrü adamları: “Silinən” nəsil… Jalə Mütəllimova-Seyidli YAZIR
…Və ya üzərinə Azərbaycan qurulanlar
Azərbaycanda bir nəsil var. Əksəriyyəti yetmişinci illərin adamıdır. İndi çoxu əllini haqlayıb. Heç kəsə sirr deyil, ikinci dönəm Azərbaycan Demokratik Cümhuriyyəti məhz o nəslin üzərində quruldu. Uşaqlıq, yeniyetməlik, gənclik illəri olmadı onların. Müharibə, acılıq, ehtiyac cocukları, yeniyetmələri, gəncləri, yetişkinləri oldular onlar. Bəlkə, Azərbaycanın və azərbaycanlıların qədrini o nəsil qədər nə onlara qədərki, nə də onlardan sonrakı illin adamları bilir.
Statistikaya diqqət edilsə, Azərbaycanda məhz o illərin adamları, yetmişlərin oğlanları, müharibədə daha çox şəhid oldu. Məh o illərin qızları sırasında evlilik statistikası aşağı göstəricidədir. Ancaq o nəsil yenilmədi, oxudu, ayaqda qaldı, Azərbaycanın bütün dönəmlərdə yanında və arxasında olmaq kimi şərəfli yükü çiynində sevə-sevə daşıdı. Məntiq söyləməyə əsas verir ki, məhz o illərin adamları milli güc, milli kadr kimi yetişib.
Əslində onları həmin dönəmdə yetişdirməyə dövlətin nə gücü, nə maliyyəsi var idi. Onları ən böyük təlimçi, vacib bir tarixi dönəm, hadisələr yetişdirdi. Bəlkə də bu üzdən onlar keçid dövrü adamları idi.
Maraqlı olanı bu ki, onlar həmin dönəmi sevə-sevə qəbullandı, sevə-sevə keçdi, özlərini dövlət, vətən üçün sevə-sevə yetişdirdilər. Mənəvi güclü, sadiq, sədaqətli biriləri kimi.
İndi yetişkin, təhsilli, müəyyən rütbələrdə duranları var aralarında. Ən müxtəlif sahələrdə, ən müxtəlif ixtisaslarda çalışırlar. Ancaq həm lazımlı, həm lazımsızdırlar. Düzü mühaşidə edir və umursan ki, korrupsiyaya bulaşmış, rüşvətxor, dövlətə sədaqətsiz, əqidəsiz, fərdiyyətçi, insani keyfiyyətdən uzaq məmur sürücü sıradan çıxarıldıqca, yaşının ən gözəl, ən məhsuldar dönəmində olan, milli ruhlu, dövlətçi, sınanmış o illərin adamlarından kimsə və ya kimlərsə hansısa postlara gətiriləcək. Olmur, müşahidə edə bilmirsən, kimsə o adamları axtarıb, tapıb təqdimatını eləmir. Qohum əqrəba, dost-tanış, bəzən rüşvət işləyir hələ də.
İnsan kerçəkdən qəribə olur, mübarizəni aparan, Azərbaycan qazanan nəsil, yetmiş yaşlı gözü heç nədən doymayan bir korrupsioner həbs ediləndən sonra yada salınmır. Məsələn yetmişdən otuz yaşa düşürlər. Niyə? Biri sözə ümumiyyətlə qulaq asmır, adama saymırdı. Bu biriləri də körpə uşaq kimi nə desən onu edən adamlardır. Yox, bu idarəçilikdə nəsil dəyişikliyinə etiraz deyil. Bir nəslin ümumiyyətlə, silinib, aradan çıxarıldığına, bunun ədalətli olmadığına etirazdır. Adam özlüyündə düşünür ki, bütün sahələr üzrə,
– Dövlət darda olanda çağırılan nəsil;
-Millətlə anlaşma mümkünsüzləşəndə dəvət edilən nəsil;
– Müharibədə ən çox qırılan nəsil;
-Canını fəda etməkdən çəkinməyən nəsil;
– AZƏRBAYCAN deyəndə, gözləri parlayan, sevgidən az qala dili ağzında quruyan nəsil;
-Yaşı artsa da, ən müxtəlif sahələrdə müdürünə məsləhətçi olan, amma yenə də müdürlərin başından basdığı nəsil;
-Millətçi, dövlətçi, sadiq, sədaqətli nəsil;
– Azərbaycanın iyirmi yeddi illik dövlətçilik, quruculuq sahəsində danılmaz xidmətləri olan nəsil;
-Maddi və mənəvi var-yoxundan dövləti, millət üçün keçəcək xarəkterdə olan nəsil.
Niyə aradan çıxarılır? Niyə silinir? Axı bu qədər göstəricili cavan kadrları olan ölkə, niyə kadroloji problemlər yaşayır? Niyə ancaq qohumluq əlaqələrinə sığınır? Gərək müləq əmiqızı, dayıqızı, xala oğlu, kürəkən, qardaş, quda, sevgili, aşna və sair olasan?! Bu nə haqq, bu nə ədalətdir?! Kim edir dövlət başçısına bu təqdimatları?! Axı aydın görünür ki, bu günki əzabların hamısının kökündə qohumluq, dostluq, tanışlıq əlaqələri, rüşvət alınaraq vəzifəyə təyin edilmələr dayanır. Bu dövlətə və millətə hansı ziyan vurur, bunu gerçəkdənmi görən yoxdur? Həm də bu yetmişlərin milli ruhlu, dövlətçi, fədakar adamlarının, keçid dövrünün yetişdirdiyi iradəli bir nəslin üzərindən keçərək edirsiniz?
***
Vicdan bədən üzvümüz deyil, amma o olmayanda insan zəlil görünür, prinsipi ilə vicdana və ədalətə güvənən bir müəllif fantaziyası da deyə bilər kiməs buna. Amma niyəsə ümidvaram, bu yazı ictimailəşdiyi andan kimlərinsə masasında olacaq. Elə sizədir sözüm, CƏNABLAR!
-Üzərində Azərbaycan qurulan bir nəsli “silməyə” əliniz və ürəyiniz necə gəlir?! Axı bu gün də bütün sahələrdə əqidəli, əxlaqlı, vicdanlı, dövlətçi və millətçi elə o uşaqlar, o ADAMLARdır. Bu gün də Azərbaycan onların kürəyindədir. Yaşlılar və arxalı uşaqlar arasında qalan kürəklərində…
Jalə Mütəllimova AzTimes.az