Kəlbəcər təhvil verilməmiş ora yardım apardığını deyən şəxs həbs edildi
Daxili İşlər Nazirliyi Vətən Müharibəsi zamanı Kəlbəcərdə əsgərlərə yardım edib qayıdarkən əsassız olaraq həbs edildiyini deyən şəxslə bağlı daha bir açıqlama yayıb.
DİN Mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru, polis baş leytenantı Eşqin Qasımov “Aztimes.az”a açıqlamasında bildirib ki, həmin şəxs açıq formada yalan danışmaqla polisə böhtan atır: “Bəzi sosial şəbəkələrdə Şəmkir rayon sakininin guya Kəlbəcər rayonundan qayıdarkən pandemiya qaydalarını pozduğu üçün Şəmkir RPŞ-nin əməkdaşları tərəfindən qanunsuz saxlanıldığı və digər həqiqətə uyğun olmayan və böhtan xarakterli məlumat ötürülüb.
Araşdırmalarla müəyyən edilib ki, həmin məlumatı sosial şəbəkələrə ötürən, Şəmkir rayonunda fəaliyyət göstərən “Qala” restoranının sahibi Tural Zeynalov ötən il noyabr ayının 1-də axşam saatlarında işlətdiyi restorandan çıxıb axtarışda olan 99-PC-390 nömrəli avtomobil ilə hərəkətdə olan zaman saxlanılıb.
O polisin qanuni tələblərinə tabe olmayaraq ictimai qaydanı və hərbi rejim qaydalarını kobud surətdə pozaraq avtoxuliqanlıq hərəkətləri ilə ictimai asayişi nümayişkaranə şəkildə pozub.
Buna görə də T.Zeynalov barəsində İnzibati Xətalar Məcəlləsinin 510, 511.1, 517-2.1 və 535.1 maddələri ilə protokol tərtib edilərək baxılması üçün rayon məhkəməsinə göndərilib. Məhkəmənin qərarı ilə T.Zeynalov 15 sutka inzibati həbs edilib. Rayon məhkəməsində T. Zeynalov verdiyi izahatı bir daha təsdiq edərək, törətdiyi əməllərdən səmimi peşman olduğunu bildirib.
Lakin sosial şəbəkələrdə gedən məlumatda həmin şəxsin Kəlbəcər rayonundan gəldiyini bildirsə də, Kəlbəcər rayonunun noyabrın 1-də deyil, noyabrın 25-də işğaldan azad edildiyini nəzərə alsaq, sosial şəbəkələrdə yayılan iddiaların əsassıs və şantaj xarakterli olduğu aydın görsənir.
Bundan başqa T. Zeynalov işlətdiyi Qala restoranında pandemiya dövründə qadağan olunmasına baxmayaraq, dəfələrlə toy mərasimi keçirməyə cəhd etsə də, lakin RPŞ-nin əməkdaşları tərəfindən qanunvericiliyə uyğun tədbirlər görülüb.
Eyni zamanda qeyd edilməlidir ki, Azərbaycan Respublikasının Daxili İşlər Orqanlarının əməkdaşları istər koronavirus pandemiyası dövründə, istərsə də 44 günlük Böyük Vətən müharibəsi dövründə layiqincə ictimai aşayişi təmin etmiş, cinayətkarlıq mübarizə aparmış və bundan sonra da bu tədbirləri davam etdirəcəkdir. Bu cür böhtan xarakterli iddialarla polisin nüfuzuna kölgə salmağa cəhd edən qüvvələr bilməlidir ki, həmişə olduğu kimi Daxili İşlər Orqanlarının prinsipial mövqeləri ilə üzbəüz dayanacaqlar”.(Qafqazinfo)