İsrail mətbuatı da tarix açıqladı: İran qisas alacaq
Xəbər verdiyimiz kimi, İran İsrailin hücumuna ABŞ-dakı prezident seçkilərindən əvvəl cavab verə bilər. Bu barədə CNN telekanalı mənbələrinə istinadən məlumat yayıb.
İsrail mediası da İranın noyabrın 5-dən əvvəl İsrailə hücum edəcəyini iddia edib.
Ağ Evin sözçüsü Karine Jean-Pierre gündəlik mətbuat konfransında İranın yaxın gələcəkdə İsrailə cavab verib-verməyəcəyi ilə bağlı məsələni dəyərləndirib.
Ağ Evin sözçüsü bildirib ki, İran İsrailin qisasına cavab verməməlidir: “Əgər cavab vermək istəsələr, biz İsrailin özünü müdafiəsini dəstəkləyəcəyik, lakin İran cavab verməməlidir. Mavi xətt boyunca diplomatik həll yolunun tapılması lazım olduğuna inanırıq. Biz bunun üçün çalışırıq”.
Xatırladaq ki, İsrail oktyabrın 1-də İranın raket hücumlarına cavab olaraq oktyabrın 26-da İrandakı hərbi obyektlərə hücuma keçdiyini açıqlayıb. İran Tehran və ölkənin qərbindəki Xuzistan və İlam əyalətlərində bəzi hərbi məntəqələrin hədəf alındığını bildirib. Hava hücumundan müdafiə sistemlərinin hücumlara uğurla müqavimət göstərdiyini, lakin bəzi nöqtələrdə məhdud ziyanın meydana gəldiyini açıqlayıb. Bunun ardından İsrail hücumun uğurla tamamlandığını açıqlayıb.